"Bəzi uşaqlar nağıl qəhrəmanlarından qorxur və ağlayırlar" - Psixoloq danışdı

“Bəzi uşaqlar nağıl qəhrəmanlarından qorxur və ağlayırlar” – Psixoloq danışdı

“Hər kəsə məlumdur ki, artıq bayram ərəfəsində və yeni təqvim ilinin astanasındayıq. İlk öncə bütün həmvətənlilərimizi “Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il” münasibətiylə təbrik edirəm. Qəlbimiz hər zaman Vətənimizə, xalqımıza görə qürür hissi ilə dolsun. Uca Tanrı xalqımızı və Vətənimizi qorusun! Bayram ərəfəsində bir neçə valideyn bizə də uşaqların yeni il personajı şaxta baba, qar qızdan qorxması ilə bağlı müraciət edib, narahatlıqlarını bildirmişlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, xüsusən bu hallar uşaqlar üçün keçirilən yeni il şənliklərində daha çox müşahidə olunur: “Bu tədbirlər isə şaxta baba, qar qız, müxtəlif nağıl və cizgi film qəhrəmanları olur. Lakin bəzi uşaqlar nağıl qəhrəmanlarından qorxur və ağlayırlar. Bəs buna səbəb nədir? Valideynlər bu məsələdə hansı məqamda səhvə yol verirlər? Ümumiyyətlə bildirməliyəm ki, biz böyüklərdən fərqli olaraq uşaqların özlərini ifadəetmə bacarıqları tam formalaşmadığı üçün, xəyal dünyaları geniş olduğu və hadisələri tam şəkildə qavraya bilmədiklərinə görə onlarda qorxuları ilə mübarizə çətin olur və onlar öz qorxularının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Həddən artıq qoruyucu ailələrdə böyüyən, şiddət görən və ya valideynlərinin özü qorxan, hər şeydən çəkinəndirsə belə uşaqlarda qorxulara daha çox təsadüf olunur. Qeyd etməliyəm ki, 7 yaşına qədər uşaqların psixikası nisbətən həssas, təxəyyülləri yüksək olduğuna görə, gördüyü hər şeyi özünə rol modeli olaraq götürür və təkrarlamağa səy göstərir. Məsələn: az öncə qeyd etdiyim qorxaq ana-atanın uşaqları rol, model kimi öz valideynlərini götürəcək. Artıq 10-12 yaşından sonra uşaqlar reallıqla qeyri-reallığı ayırd edə bilirlər. Ona görə də 3-7 yaş qrupu bu baxımdan ən riskli yaş dönəmlərindən biridir. Bu yaş dönəmi uşaqlarda ölümü dərketmə, ölümlə bağlı sualların maraq doğurduğu dönəmdir. Ata, anasının qocalıb ölməsindən narahat olur, itirmə qorxusu yaşayır. Tez-tez “ana, sən qocalacaqsan?”, “sənin ölməyini istəmirəm”, ”mən nə vaxt öləcəm” kimi suallar verirlər. Şiddət məzmunlu oyunlar, qorxulu cizgi film personajları və s. onların ölümlə bağlı qorxusunu, həyəcanını daha da artıra bilər. Bu məqamda xüsusilə ailələr-atalar, analar diqqətli olmalıdır. Xüsusəndə valideynlər işləyərsə evdə telefon, televizor dayə rolunu oynamağa başlayır. Çox zaman ailələr uşaqların oynadığı oyunlara, cizgi filmində baxdığı personajlara əhəmiyyət vermirlər. Amma yaxşı olar ki, valideynlər oyunu övladları ilə birlikdə oynasın, cizgi filminə bərabər baxıb müzakirə aparsınlar və mənfi təsir göstərənlərdən uşaqlarını uzaq tutsunlar. Çünki bunlar bir müddət sonra uşaqlarda həyəcan-təşviş, qorxu, şiddətə meyillik, davranış pozuntuları, aqressiya formalaşdıra bilir. Valideynlərin etdikləri səhvlərdən biri də qorxaraq yanına gələn övladına “qorxma, sən böyük qızsan (oğlansan) burda nə varki?” tipli fikirlər bildirməsidir. Çünki bu uşağın keçirdiyi hissin kiçildilməsi, bu duyğunun görməzdən gəlinməsi deməkdir. Uşaq keçirdiyi duyğunu anlamır və hətta valideynlər bu tutumları ilə uşağa günahkarlıq hissi də yükləyir. Burada ən vacib məsələ valideynin nə olursa-olsun,uşağın yanında olmasını ona hiss etdirməsidir. Uşaq bu zaman özünü güvəndə hiss edir.

Əgər valideyn uşaqdakı qorxuların səbəbini aşkarlaya bilmirsə və zamanında korreksiya edilmirsə bu daha da dərinləşə və ciddi problemlərə səbəb ola bilər. Ona görə də zamanında psixoloji dəstək vacibdir”.

Müəllif: Səbinə Hüseynli

https://sia.az/az/news/social/1118703.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });