Uşaqların davamlı virtual oyunlara meyilli olması və zamanla bunun onlarda aslılıq halını alması valideynləri narahat edən və cəmiyyətdə daima müzakirə mövzusu olan məsələlərdən biridir. Belə oyunların uşaqların psixologiyasına, gələcək həyatlarına təsiri və yarada biləcəyi problemlər haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova bizim.media saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 “  Uşaqların virtual oyunlardan aslılığı son dövrlər geniş vüsət almış və cəmiyyətdə aktual mözvular sırasındadır. Ümumiyyətlə aslılıq, bir psixoloji pozuntu kimi qəbul olunur və bu çox vaxt zərərli vərdişlərə, belə virtual oyunlara bağlılıq fonunda özünü göstərir. Bu mövzu ilə bağlı valideynlər mütəmadi olaraq psixoloqa müraciət edir, müxtəlif suallar ünvanlayır və bu kimi hallardan çıxış yolunu öyrənmək istəyirlər. Əvvəlcə onu qeyd etməliyəm ki, bu bir psixoloji problemdir və bundan asılı olan uşaqlar, yeniyetmələr və irəli yaşda olan insanlar birmənalı şəkildə peşəkar psixoloq dəstəyi almalıdırlar.  Məsələn, valideynlər bildirir ki, “Övladım davamlı şəkildə virtual oyunlar oynayır,müdaxilə edə bilmirik. Əgər müdaxilə etmək istəsək, övladımızın aqressiv davranışları, kaprizləri ilə qarşılaşırıq. Onun psixologiyasına zədə vurmadan bu vəziyyətdən düzgün çıxış yolu hansıdır?”  Bildirmək lazımdır ki, xüsusən 3 yaşından etibarən uşaqlarda virtual oyunlara maraq daha da artmağa başlayır. Yeniyetməlik dönəminə gəldikdə isə bu hal, demək olar ki, ən pik həddə qədər yüksələ bilir. Sual ünvanlana bilər ki, hansı uşaqlarda bu tip oyunlara maraq daha çox olur və getdikcə aslılıq vəziyyətini almağa başlayır?

İlk öncə onu vurğulamaq istərdim ki, insanın iki -ideal və real məni vardır. Yəni, biri realda olan insan, onun şəxsiyyəti, davranışı və digəri isə öz xəyalındakı, arzuladığı kimi şəxsiyyət olmasıdır. Ancaq, elə məqamlar olur ki və ya baş verən hansısa proses insanın fikir və düşüncəsində ideal mən və real mən arasında toqquşma yaradır. Bu zaman həmin insan real mənində aktuallaşdıra, həyata keçirə bilmədiyi arzuları ideal mənə köçürməyə və bu şəkildə hərəkət etməyə başlayır. Bu ideal mənin də təzahürləri daha çox virtual həyatda, müxtəlif  virtual oyunlarda öz əksini tapır. Başqa sözlə izah etsək, bu kimi hallar xüsusilə cəmiyyət içərisində özünə yer tapa bilməyən, təhsil və intellektual səviyyəsi zəif olan, ətrafı və ya ailə üzvləri ilə ünsiyyət problemi yaşayan, düzgün münasibət qura bilməyən, özgüvəni aşağı olan və s. kimi insanlarda özünü daha çox biruzə verir. Çünki, onlar daxilindəki fikirləri, sözləri real həyatda ifadə edə bilmədiyi üçün, bunları virtual dünyada virtual söhbətlər, oyunlar və digərləri vasitəsilə etməyə çalışırlar. Burada onlar virtual oyunlar vasitəsilə özlərinə  xəyallarındakı, olmaq istədikləri kimi bir obraz yaradır, ona ad qoyur və bu şəkildə hərəkət edir. Belə desək, reallaşdırmaq istədiyi obrazı, şəxsiyyəti orada virtual da olsa yaradır və sanki real həyatdaymış kimi davranır. Eyni zamanda psixoloji, fiziki şiddət görən, bağçada və ya məktəbdə təzyiqlərə məruz qalan, özünü müdafiə etməkdə çətinlik çəkən ya da ümumən özünü müdafiə edə bilməyən uşaqlarda da bu tip oyunlara maraq aydın müşahidə edilir. Qeyd etmək istəyirəm ki, nəzər yetirsək görərik ki, belə uşaqlar virtual oyunlarda daha aqressiv, üsyankar tipli obrazlar yaradır və bu qəlibdən olan oyunlar oynamağa üstünlük verirlər. Onlar əslində bununla etiraz edə bimədikləri proseslərə və ya  onlara təzyiq göstərən, fiziki cəhətdən güclü olan uşaqlara belə desək, kinini, nifrətini və aqressiyasını  virtual oyunlarda canlandırdığı obraz ilə başqasını döyərək, oradakı digər obrazlara şiddət göstərərək nümayiş etdirirlər.

Əgər bir uşağın virtual oyunlara aslılığı varsa, valideyn ilk növbədə övladının hansı tip oyunları oynadığını, oyunun süjet xəttinin nədən ibarət olduğunu, nəyi göstərdiyini və onun maraq dairəsində hansı tərzdə oyunların olduğuna diqqət yetirməlidir. Bundan sonra onunla onun yaşına, psixologiyasına uyğun bir tərzdə, uyğun dildə söhbət etməli və övladını çəkindirməyə çalışmalıdır. Artıq, bunlar da fayda vermirsə və zamanla bu aslılıq artırsa mütləq bir şəkildə ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşağın oynadığı oyunların məğzinə, formasına, məqsədinə və digər faktorlara görə, onun ideal mənində arzuladığı obrazları müəyyənləşdirir və onun psixikasına uyğun bir yol xəritəsi hazırlayır. Psixoloji söhbətlər, seanslar və psixoloq dəstəyi sayəsində zamanla bu kimi problemlər korreksiya edilə bilir. Peşəkar psixoloq bilir ki, belə vəziyyətlərdə daha çox uşağın sosial həyatı üzərində işləmək ən vacib nüanslardadır. Çünki, qeyd etdiyim kimi burada problemin əsas köklərindən biri real həyatla və onun burada özünü aktuallaşdıra bilməməsi ilə bağlıdır. Ancaq burada bir önəmli faktor da var ki, belə uşaqların valideynləri onları vaxtında və gec olmayaraq psixoloqa yönləndirməlidirlər. Çünki  belə vəziyyətlər, yəni virtual oyunlardan aslılıq irəli yaşlarda korreksiya edilməsi çətin hala gələr və uşaqların psixologiyasında müəyyən zədələr yarada bilər.

Bəzən valideynlərin bu prosesdə aqressiv davranışlar sərgilədiklərini, oyundan ayrılmaları üçün uşaqlara təzyiq etdiklərini, hətta bir çox hallarda şiddət göstərdiklərini də müşahidə edirik. Ancaq, bildirmək lazımdır ki, bu məsələnin düzgün çıxış yolu deyildir.Çünki, bu gün virtual oyunu əlindən alınan, ailəsi tərəfindən məhdudlaşdırılan bir uşaq növbəti dəfə əlinə ilk fürsət düşən kimi yenə də özünə virtual dünya, obrazlar yaratmağa və davamlı bu tip oyunları oynamağa başlayacaqdır. İrəli yaşlarda və məktəb dönəmində bu hal daha da təhlükəli vəziyyətə gələ bilər, belə ki, uşaq dərslərindən yayınıb mütəmadi olaraq virtual oyun zallarına üz tuta bilər. Ona görə də, əksinə ailəsi həmin uşaqların sosial həyatda, cəmiyyətdə müəyyən yer tutmalarına, hər hansı bir fəaliyyət növündə: məsələn, idmanla məşğul olmaq, rəsm çəkmək və s. kimi faydalı və onlara yaxşı təsir edəcək şeylərə yönlənməsində dəstək olmalıdırlar. Bununla da, valideynlər onların real həyatda istədiklərini, arzularını gerçəkləşdirməklə, yəni onların sosial həyatını bərpa etməklə bu tip oyunlardan uzaqlaşmalarına yardımçı olmuş olacaqlar. Beləliklə,  bu proseslərdən və psixoloq dəstəyindən sonra belə uşaqların ideal məni ilə real məni üst-üstə düşməyə başlayacaq. Bununla da, onlar artıq virtual həyatda özlərinə dünya qurmaqdan, arzuladıqları obrazları yaratmaqdan uzaq duracaq və bir müddət sonra onu unudacaqlar.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });