Uşaqların mastrubasiya etməsi fikri çox valideynlər üçün dəhşətli hal kimi yaxud da mənasız hərəkət kimi qiymətləndirilə bilər . Uşağınızı mastrubasiya edərkən görmək bəlkə sizin üçün dəhşətli, inanılmaz bir hal ola bilər, sizi utandıra bilər, bu zaman çarəsiz hiss edə bilərsiniz. Ancaq narahat olmayın və qorxmayın. Uşağınız bədənindəki genital zonaları tanıdığı üçün belə bir hərəkət etmişdir. Bunu şüursuzca etsə də, bu hərəkət onda müəyyən həzz yaradır.
Uşaq onanizmi dedikdə, uşağın cinsiyyət orqanı ilə oynaması, özünü yerə, döşəyə,ədyala, yorğana sürtünməsi və bu hərəkətləri etdikdə zövq alması nəzərdə tutulur. Uşağın bu kimi hərəkətlər etməsi cinsiyyət orqanını tanımasını, zövq mərkəzini hiss etməsini göstərir. Əsasən qızlar arasında üstünlük təşkil edir. Uşaqlıq onanizmi bəzən ananın uşağının altını təmizləyərkən bilmədən həmin zonaya toxunması ilə yaranır. Uşaq sıxılanda, darıxanda, emosional ünsiyyət qurulmadıqda bu hərəkəti etməyə başlayır.
Freydin fikrincə uşağın hər inkişaf mərhələsində öz tələbatları və ehtiyacları vardır. Bu ehtiyaclar qarşılanmayanda uşaq bir mərhələdə ilişib qalır və sonrakı mərhələlərdə inkişaf etmək onun üçün daha da çətinləşir. Bir mərhələdə qarşılanmayan ehtiyaclar həmin mərhələdə yaranan fiksasiya ilə nəticələnir və Freydin fikrincə, bu fiksasiya sonralar insan böyüdükcə və inkişaf etdikcə onun şəxsiyyətinin formalaşmasında mütləq üzə çıxır. O, Psixoseksual inkişaf 5 mərhələyə ayırır:
Oral dönəm – ağızla əlaqədar olur. Bu dönəmdə uşaqlar yemək yeməyi, süd əmməyi və əllərini atdıqları hər şeyi ağızlarına qoymağı oyrənirlər. Bu dönəmdə uşaq anasından asılı olduğu üçün güvən və asılılıq kimi hissləri öyrənir.
Anal dönəm-Bu dönəmdə uşaqlar tualet təlimini öyrənirlər və bunun nəticəsində onlar nəzarət, müstəqillik və nailiyyət kimi hisslərlə tanış olurlar.
Fallik dönəm- əsas zona insanın cinsiyyət orqanları olur. Bu dönəmdə uşaqlar kişi ilə qadının fərqini yavaş-yavaş anlamağa başlayırlar. Freydin fikrincə, bu dönəmdə oğlan uşaqları atalarını analarının sevgisinə qısqanmağa başlayır və bu nəzəriyyə yunan əfsanəsindən bəhrələnərək, “Edip kompleksi” adını alır. Sofoklun bu əfsanəsində valideynləri tərəfindən atılan və onları tanımayan Edip adlı bir gənc krallığı ələ keçirmək üçün xəbəri olmadan atasını öldürüb öz anası ilə evlənir. Edip kompleksi Freydin nəzəriyyəsinə əsasən uşaqların eyni cinsdən olan valideyninə qarşı şüuraltı rəqiblik hissi və əks cinsdən olan valideyninə qarşı şüuraltı romantik duyğular hiss etməsidir. Ancaq eyni zamanda, uşaq atasından cəzalandırılacağı üçün qorxur, Freydin sözləri ilə desək, “kastrasiya həyəcanı” yaşayır və buna görə də, bu impulsları şüuraltına basdırır. O, həm də iddia edirdi ki, bu dönəmdə qız uşaqları kişilərin cinsiyyət orqanlarına həsəd aparırlar. Bu ideya o dövrdə qadınları Freydə qarşı çox qəzəbləndirmişdi. Hətta bir feminist psixoloq qadın Karen Horney bu nəzəriyyəni rədd edib, onu qeyri-dəqiq və qadınlara qarşı alçaldıcı adlandırmışdır. Və bu fikrin əksinə Horney iddia edirdi ki, kişilər özlərini qadınlardan hər cəhətdən daha aşağı hiss edirlər. Çünki qadınlardan fərqli olaraq kişilər dünyaya uşaq gətirə bilmirlər.
Latent dönəmi (Gizlilik dönəmi)- Bu dönəmdə sakitlik dövrü yaşanır. Uşaqlar daha çox məktəblə məşğul olur, dostluqlar qurur, hobbilərlə maraqlanırlar.
Genital dönəm- bu dönəm ərzində uşaqlar artıq gerçək cinsi əlaqələri anlayır və onlarda əks cinsə qarşı normal, şüurlu seksual maraqlar oyanmağa başlayır.
Əgər övladınızda onanizm varsa, onda aşağıda göstərilənlərə riayət etməyiniz lazımdır:
Etdiyinin səhv hərəkət olmasını düşünməsinə səbəb olmayın
Cəzalandırıcı, mühakimə edici, ayıblayıcı hərəkətlərdən uzaqlaşın
Həmin hərəkətləri edərkən, özü fərqində olmadan diqqətini yayındırın
Övladınızla daha emosional ünsiyyət qurun, oyunlar oynuyun. Bərabər zaman keçirin.
tahminayagubova.files.wordpress.com