2-3 aprel tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “V Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu. Konfrans 2 aprel Autizm Günü ilə əlaqədar həyata keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfransda iştirak edən hörmətli qonaqlara söz verildi. Artıq üçüncü dəfədir konfransa ev sahibliyi edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov açılış nitqi edərək qonaqları salamladı. Ardınca Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Problemləri” şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent-Psixiatr Araz Maniçöhri Lalei söz alaraq konfransın işinə uğurlar arzuladılar. Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova mərkəzin 14 illik fəaliyyətindən, artıq V dəfə həyata keçirilən konfransın məqsəd və yaranma tarixindən bəhs etdi. Sonda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxış edərək “Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı”nın mahiyyətini vurğuladı, iştirak edən qonaqlara və komandaya ürək sözlərini çatdırdı.
Kiçik fasilədən sonra konfransın əsas, elmi hissəsinə keçid olundu. Ardıcıl olaraq Araştırmacı, eczacı ve eğitmen, “Ona sözüm var kitabının yazarı” Sara Pour “Aşkın Aroması” mövzusunda, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Çağdaş dövrdə ailə modeli. Problemlər və perspektivlər” mövzusunda, Narınc Psixologiya Mərkəzinin Baş Defektoloq-loqopedi Səbinə Oruczadə “Rinolaliyanın təsnifatı və korreksiya üsulları” mövzusunda, Yıldız Teknik Üniversitesi Eğitim Fakültesi Dekanı Mehmet Engin Deniz “Dijital çağda Anne Baba olmak” mövzsunda və son olaraq Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, işçisi Narınc Rüstəmova “Narsist Şəxsiyyət Pozuntusu” çıxış etdi. Konfransın sonunda bütün iştirakçılara 7 beynəlxalq sertifikat təqdim olundu.