Uşağım niyə danışmır?

“ Uşağım niyə danışmır? ”  

Uşaqların 3, 4, hətta 5 yaşı olmasına baxmayaraq danışa bilməməsi, həmyaşıdları və valideynləri ilə ünsiyyət qura bilməməsi hallarına təsadüf edilir. Bu zaman valideynlər də narahatlıq keçirir və psixoloqa müraciət edirlər. İlk öncə onu qeyd etmək lazımdır ki,  uşaqların danışmama səbəbləri çox ola bilər, yəni bu hal bəzən 1-2 səbəbdən qaynaqlanmaya bilər. Məsələn, nitq inkişafına nevroloji səbəblər, məişət dili ilə ifadə etsək uşağın “yarımçıq dünyaya gəlməsi” və uşaqların texniki vasitələrdən (telefon, televizor və s.) çox istifadə etməsi və digərlərini sadalaya bilərik ki, bunlar uşağın inkişafına mənfi təsir edir və gecikdirir. Bundan əlavə bura ananın hamiləlik zamanı yaşadığı hər hansı problemi və ya antibyotik vasitə qəbul etməsini və s. göstərə bilərik. Bunlar da öz növbəsində uşaqlarda eşitmə qüsuru və bunun fonunda da nitq ləngiməsi yarada bilər.

Valideynlər bu zaman loqoped dəstəyi almalıdır. Eyni zamanda paralel olaraq  nitq inkişafı, həm də, psixi inkişafla birlikdə getməlidir. Bəzən valideynlər belə sullar da ünvanlayır: “Uşağım hər şeyi başa düşür,dediyimiz tapşırqları yerinə yetirir,ancaq danışmır və ya danışsa da hecalarla danışır, özünəxas nitqi var. Bunu necə düzəltmək olar? Necə edək ki, ətrafındakılar da onu anlasın?”  Burada ilk diqqət ediləsi məqamlardan biri uşaqların elektron cihazlardan uzaq tutulmasıdır, bu xüsusən 3 yaşa qədər uşaqlara daha çox aid edilir. Telefon və ya televizor izləyərkən yemək yeyən, saatlarla televizor qarşısında cizgi filmi izləyən uşaqlarda zamanla birtərəfli ünsiyyət formalaşmağa başlayır. Təbii olaraq bu da onlarda nitq inkişafına mənfi təsir edir. Bəzi uşaqlarda isə nitq inkişafı ilə bərabər əqli inkişafda da geriləmələr yaranır. Belə hallarda valideynlər yaxşı olar ki, 6 aydan sonra hər bir uşağı inkişaf testlərindən keçirsin. Dünya praktikasından pediatr, psixopedaqoq və psixoloqlar tərəfindən müxtəlif inkişaf testləri işlənib hazırlanıb. Bunlar əsasən 4 sferada aparılır: sosial, nitq, kiçik motor bacarıqlar və böyük motor bacarıqların inkişafı.

Əgər 2 yaşındakı uşağın nitqində 50 söz yoxdursa bu “sos” işarəsi deməkdir və valideynlərin narahat olması normal haldır. Bu vəziyyətdə erkən müdaxilə olunarsa , həm maddi, həm də, mənəvi əziyyət də azalmış olacaq. Belə uşaqlar danışa bilmədiyi üçün sosiallaşa bilmirlər və onlarda bu kimi problemlər vaxtında korreksiya edilməzsə həmin uşaqlar gələcəkdə antisosial, özünə qapanan bir şəxsiyyət kimi formalaşacaqlar. Ona görə də hər zaman peşəkar mütəxəssis dəstəyi vacibdir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!