Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Nitq İnkişafı ləngiməsində valideynlər nələrə diqqət etməlidir?”

Son zamanlar valideynlərin narahat olduğu və mütəxəssislərə sual ünvanladığı mövzulardan biri də uşaqlarda nitq qüsurları və nitq ləngiməsi problemləridir. Bu problem və onun həll yolları ilə bağlı Narınc Uşaq Psixologiya Mərkəzinin Gənclik filialının Defektoloq-Loqopedi Arzu Bayramsoy narınc.az saytına “Nitq inkişaf ləngiməsində valideynlər nələrə diqqət etməlidir?”mövzusunda müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

“ Son zamanlarda valideynləri narahat edən ən əsas problemlərdən biri uşağın gec danışması və ya heç danışmamasıdır. Valideynlərin başlıca səhvi hər ağladıqda uşağa telefon vermək, televizor qarşısında oturtmaq, uşaqla az ünsiyyət qurmaq, ətrafda görülənləri adlandırmamaqdır. Uşaq ətraf aləmi dərk etdikcə, ətrafda gördüklərini tanıdıqca, anladıqca, qavradıqca bunları nitqindən istifadə etməyə başlayır. Gözəl nitq uşağın hərtərəfli inkişafı üçün vacib olan şərtlərdən biridir. İxtiyari nitq patologiyası uşağın fəaliyyətində və davranışında öz əksini tapır. Nitqində patologiya olan uşaqlar bunun fərqində olduqda, digər uşaqlardan fərqləndiyini dərk edir və səssiz, qərarsız, utancaq olurlar. Beləliklə, tədricən özlərinə qapanırlar, özgüvənsiz olurlar və ən əsası ünsiyyət qurmaqdan özlərini məhrum edirlər.

 Uşaqlarda səs tələffüznün də özbaşına, böyüklərin köməyi olmadan yaranması fikri tamamilə yanlışdır. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması, əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır. Uşaqla düzgün ünsiyyət qurmaq, uşaqla “uşaq dilində” danışmamaq çox vacibdir. Qeyd edim ki, bəzi uşaqlar istəklərini işarə ilə, jest ilə başa salmağa çalışır. Bu halda valideyn ona işarə ilə istədiyini verdikdə artıq o həmin firki nitqində söz olaraq istifadə etməyə ehtiyac duymur.Yaxşı olar ki, uşaq nə istəyərsə valideynləronu adlandırmasını tələb etsin, bundan sonra zamanla onlar aktiv nitqə keçid edəcəklər.

 İndi isə öyrənək: – Uşaq hansı yaşlarda nələri bilməlidir və nələri nitqində istifadə etməlidir. Əgər aşağıda qeyd edəcəyim nüansları sizin uşağınız da düzgün getmirsə dərhal mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

Nitq inkişafının 4 mərhələsi vardır: 

1-ci mərhələ nitqə hazırlıq mərhələsidir və buna qeyri-verbal dövr deyilir. Yəni uşagın nitqində söz olmur sadəcə qığıldama və səs birləşmələrini yamsılama olur.

Uşağın nitq inkişafı;

– 2 həftədən sonra- qulaq asma, səs gələn tərəfə başını çevirmə

– 1 ay sonra- oxunan lay-lay ilə sakitləşir

– 4 aydan sonra- onunla söhbət edəndə qığıldayır, ucadan gülür, ananın səsini tanıyır

– 5-6 aydan sonra- ciddi və mehriban intonasiyanı ayırd edir. Uzun-uzadı müxtəlif səslər çıxarır. Musiqiyə reaksiya verir.

– 7-8 aydan sonra- çoxsaylı təkrar hecaları tələffüz edir

– 9 aydan sonra- öz adını tanıyır, onu çağıranda reaksiya verir, bəzi hecaları təqlid edir.

– 10 aydan sonra- 1-3 bədən üzvünü göstərir, böyüklərin dediyi yeni hecaları təqlid edir, ünsiyyətdə jestlərdən və “öz dilindən” istifadə edir, başı ilə “yox”, əli ilə “sağ ol” deyir.

– 11 aydan sonra- gündəlik eşitdiyi sadə sözləri, sadə əmrləri başa düşür, pişiyin, itin səsini çıxara bilir, oyun zamanı növbəsini gözləyir. 

2-ci mərhələ məktəbə qədər yaş dövründən əvvəlki dövrü əhatə edir. Burada artıq verbal nitq yaranır.

– ilk sözlər meydana gəlir

– Nitqin qramatik quruluşu formalaşır (3 yaşdan əvvəl)

– İsimləri tək, cəm: feilləri şəxsə, kəmiyyətə, zamana görə dəyişə bilir.

3-cü mərhələ məktəbə qədər yaş dövrüdür.

– Lügət tərkibi zənginləşir, 3000-4000 sözə çatır

– Sadə və mürəkkəb cümlələrdən istifadə edir (4 yaş)

– Tabeli və tabesiz mürəkkəb cümlələrdən istifadə edir (5 yaş)

– Monoloji nitq yaranır (5 yaş)

– Danışıqları qısa hekayəyə oxşayır,başına gələnləri hekayə formasında danışa bilir.

4-cü mərhələ məktəb dövrüdür.

– Şüurlu nitq, səs təhlili formalaşır

– Yazılı nitq formalaşır (7-17 yaş)

– Nitqin məqsədyönlü yenidən qurulması baş verir.

Valideynlərə məsləhətim odur ki, uşağınızın pedoqoji nitq ləngiməsi olasını istəmirsinizsə, öz yaşıdları kimi danışmasını istəyirsinizsə davranışınıza, nəzarətinizə, ünsiyyətinizə ciddi fikir verin. Bəzi valideynlər düşünür ki, uşağın 3 yaşı olsun bağçaya qoyacağam, danışmağa başlayacaq. Bu absurd düşüncədir. Uşaq danışmağa, sözləri deməyə başlamalıdır ki, bağçaya da başlaya bilsin. Son olaraq, uşağınızı sevin, əzizləyin, oyun oynayın, vaxt keçirin, hər çıxardığı səsə, adi bir sözə sevinərək reaksiya verin. Sağlam, özgüvənli, səlis nitqli uşaq böyütmək sizdən də aslıdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!