Kiçik yaşlı uşaqlarda olan və valideynləri narahat edən problemlərdən biri də, onların saçların toxunmağa, kəsməyə, xüsusən kiçik yaşlı qızların saçlarını toplamağa, yığmağa icazə verməməsidir. Bu mövzu ilə bağlı psixoloqlara suallar ünvanlanır və bu problemi necə həll etmək olar bildirilir. Valideynlər bəzən şikayətlənir ki, qızımın saçını darayıb, səliqəli toplayıram 15-20 dəqiqədən sonra saçı açıq, səliqəsiz halda oynadığını görürəm. Yenidən toplamaq istədikdə, əsəbiləşir, ağlayır nə edə bilərəm? Bu zaman ilk öncə, valideynlər bunun səbəbini özlərində axtarmağa başlamalıdırlar. Belə ki, çox sərt saç düzümü yığan valideynlərin uşaqları saçlarına toxunulmağını sevmirlər və aqressiv qarşılayırlar. İlk öncə sərt travma aldıqlarına görə bu səbəbdən belə davranırlar. Sonrakı vaxtlarda ana onların saçlarını yumuşaq şəkildə yığmağa çalışanda əvvəlkilər səbəbindən, yenə elə olacaq düşüncəsi ilə aqressivləşirlər. Beləcə, uşaqlarda saçlarının yığılmasına qarşı fobiya formalaşır.
Sinir sistemi oyaq olan uşaqlar, həmçinin hiperaktiv uşaqlar da saçlarının daranmasına, toplanmasına hətta bəzən sığal çəkilməsinə belə əsəbiləşir və istəmirlər. Belə uşaqlar taktil orqanlara toxunmaya, xüsusən başlarına, üzlərinə toxunmaya qarşı da həssaslıq nümayiş etdirirlər. Bəs bu problemdən çıxış yolu necə olmalıdır?
İlk öncə qız uşaqlarını bildirmək olar ki, saçlarına toxunulmasını sevməyən kiçik yaşlı qızlara, məsələn: saçlarını toplaya biləcəkləri, daraya biləcəkləri kiçik gəlincik kuklalar hədiyyə etmək olar. Hətta, yaxşı olar ki, valideynlər oyun saatı təşkil etsin və qız övladları ilə birgə həmin gəlinciyin saçlarını toplasın, birlikdə onun saçlarını müəyyən qədər kəssin. Beləcə, valideyn oyunla övladına saç daramağın, yığmağın necə əyləncəli bir proses olduğunu göstərə bilər. İkinci olaraq çox sevdiyi insanlarla, məsələn anası, nənəsi ola bilər onlarla birlikdə müxtəlif saç düzümləri etməlidirlər. Bu da uşaqlarda saçlarına qarşı məhəbbət oyadacaqdır. Digər bir yol isə sosial şəbəkələr vasitəsilə uşağa saçın bəzənməsi, saça müxtəlif aksesuarların vurulması və s. aid videolar, şəkillər göstərməkdir. Başqa bir yol isə uşaqlara saç aksesuarları, müxtəlif rəngli saç rezinləri hədiyyə etmək lazımdır. Belə əşyalar da onlarda saç düzümlərinə marağı artıracaqdır. Sevdiyi oyuncaqlar da burda böyük rol oynayır, belə ki, sevdiyi oyuncaqların saçına valideynlərin yardımı ilə müxtəlif saç aksesuaları taxa bilərlər, onlarla oynaya bilərlər. Bu da onlara müsbət təsir edəcək. Uşaqlar, ümumiyyətlə analoji olaraq üçüncü şəxsin üzərindən öyrənməyi sevirlər.
Oğlan uşaqlarında isə, xüsusən kiçik yaşda ən sıx müşahidə olunan onların saç kəsən aparatın səsindən qorxmaları və travma yaşamalarıdır ki, bu da gələcəkdə onlarda saç fobiyasının yaranmsına gətirib çıxara bilir. Prossesi əyləncəli şəkildə və uşağın qarşısına ayna qoyularaq etdikdə, uşaqda belə qorxu halları yaranmayacaq.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova