Valideynləri narahat edən və son dövlər aktual olan mövzular sırasında uşaqların hər hansı tapşırığı və ya günlük fəaliyyətlərini yerinə yetirərkən valideynləri ilə şərt kəsməsi və qarşılığında nə isə istəmələridir. Bununla bağlı valideynlər psixoloqlara mütəmadi olaraq müraciət edirlər: Qızıma dərslərini etməsini bildirirəm, lakin o – “ Əgər cizgi filminə əlavə 20 dəqiqə də artıq baxmağıma icazə versən, edəcəm”- deyə şərt qoyur və ya övladıma yeməyini bitirməsini tapşırıram , o isə “ Məni oyun parkına aparacağına söz versən bitirərəm”- deyir. Bu tip suallarla tez-tez qarşılaşırıq, bəs bunları necə həll etmək olar?
İlk əvvəl onu qeyd etmək lazımdır ki, uşaqların şərt kəsməsi çox zaman valideynin eyni təqlidi davranışıdır. Yəni, valideynlər də çox zaman fərqində olmadan belə davranış sərgiləyirlər. Məsələn: “Televizoru açıram cizgi filminə bax, amma yeməyini də ye” , “Qonaq getdiyimiz yerdə özünü yaxşı apar, sənə istədiyin oyuncağı alacam” və s. şəklində nümunə deyə bilərik. Bu şəkildə şərtlər kəsən valideynlərin uşaqları, zaman keçdikcə eyni modeli öyrənib bunu valideynlərinə qarşı istifadə etməyə başlayırlar. Buna görə də elə ilk növbədə valideynlər özləri belə nüanslara diqqət etməlidirlər. Kiçik yaşlardan övladlarına şərt qoyan valideynlər bir müddət sonra özləri bu proseslə qarşılaşa bilərlər, ona görə də onlar uşaqlara qarşı münasibət və davranışlarına xüsusi diqqət yetirməli və yuxarıda qeyd etdiyimiz hallar varsa təkrarlamamağa çalışmalıdırlar. Çünki, uşaqlar belə davranışları görmədikcə zamanla atrıq onları unuda bilirlər.
Bunlardan əlavə onu da qeyd etmək lazımdır ki, belə davranışlar həmçinin geniş ailərdə böyüyən, nənə- baba yanında böyüyən uşaqlarda da sıx şəkildə görülməkdədir. Xüsusən nənə-babnın təsiri, uşağı şərt kəsərək, “şirnikləşdirərək” – bu tərbiyədə böyütməsi onların gələcəkdə belə davranmasında bir növ əlavə təsir rolunu oynayır.
Bu vəziyyətdən digər çıxış yolu valideynlərin övladının qoyduğu şərtləri yerinə yetirməməsi və bu prosesi ona uyğun bir dillə izah etməsidir. Bu zaman yenə də,uşaq israrçı davranış sərgiləyər və inadkarlıq göstərərsə, artıq valideynlər ona kiçik cəzalar verə bilər. Məsələn, onu hansısa sevdiyi və ya istədiyi bir şeydən məhrum edə bilər ki, bu cizgi filmə baxmaq saatını azaltmaq və ya oyun saatını azaltmaq ola bilər. Belə olduqda uşaq da zamanla həmin davranış şərtlərini adət halına almamağı öyrənəcəkdir və bir müddət sonra ümumiyyətlə təkrarlamayacaqdır. Bu çətin bir proses olsa da valideynlər səbirli davranmalı və uşaqların qoyduğu şərtlərə əhəmiyyət verməməyə çalışmalıdırlar. Belə olduqda onlar da davamlı şəkildə qoyduqları şərtlərin həyata keçmədiyini görüb bu üsula əl atmaqdan çəkinəcəklər və az öncə də qeyd etdiyimiz kimi zamanla bu davranış onlarda tamamilə aradan qalxacaqdır.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova