3 mart 2023-cü il Narınc Psixologiya Mərkəzinin tarixində əlamətdar bir gün kimi yadda qaldı. Belə ki, Narınc Psixologiya mərkəzi tərəfindən övladına hər zaman xüsusi qayğı və diqqətlə yanaşan, bu çətin yolda bizimlə birgə çiyin-çiyinə addımlayan, bizə, övladının terapiyasına bir valideyn, ana, nənə kimi dəstək olan zəhmətkeş xanımlarımızı “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətiylə təbrik etdik və mərkəzimiz adından onları müxtəlif hədiyyələrlə mükafatlandırdıq.
“8 Mart Beynəlxalq Qadınlar Günü” artıq müasir dövrümüzdə qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq, görərik ki, bu bayram heç də gözəlliyi və romantikliyi tərənnüm etmir. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün xüsusi gündür. Bütün bunları nəzərə alaraq demək olar ki, 8 Mart sadəcə, qadınlar günü yox, həm də, qadın-inqilabçılar günüdür. Cəmiyyətin idarə edilməsində qadının da özünəməxsus rolu var və bunun əhəmiyyətini bu gün bütün sivil dünya qəbul edir. Bu cəhətdən Azərbaycan bir çox qərb sivilizasiyalarını qabaqlayıb. Belə ki, xalqımız qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir desək yanılmarıq. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub. Əksər Avropa ölkələrinin qadınları seçki hüququndan məhrum olduğu vaxt – 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətində ilk dəfə olaraq qadınlara seçki hüququ verilib. Bu da özünəməxsus tarixi hadisə kimi dünya tarix səhifələrində öz yerini alıb.
Rəsmi və bədii hissə olaraq iki hissəsən ibarət olan tədbirimizdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq, fəlsəfə üzrə fəlsəfə doktoru, PHD Elnur Rüstəmov, Narınc Psioxologiya mərkəzinin təsisçi-rəhbəri, uzman-klinik psixoloq Narınc xanım Rüstəmova, Narınc Psixologiya Mərkəzinin Xalqlar filialının icraçı drektoru, Uşaq inkişaf mütəxəssisi Təranə Kazımlı, Narınc Psixologiya Mərkəzinin Sumqayıt filialının icraçı drektoru, baş psixoloqu Fəridə Şərifova, Narınc Psixologiya Mərkəzinin 9-cu mikrorayon filialının icraçı drektoru, baş psixoloqu Tünzalə Aslanova, Narınc Psixologiya Mərkəzinin Gənclik filialının icraçı drektoru,uzman psixoloq Özge Nur Uzum, şöbə müdirləri, mütəxəssislər, bizə dəstək olan insanlar və övladları mərkəzimizdə terapiya görən analarımız, nənələrimiz iştirak etdilər. Həmçinin Narınc psixologiya mərkəzi olaraq hər zaman şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşırıq. Bu dəfə də onları diqqətdən kənarda qoymadıq və tədbirimizdə Şəhid və qazi ailələrinin üzvləri iştirak edirdi: 1) Qazimiz Baxşızadə Kamranın həyat yoldaşı Gülmirə Baxşızadə 2) Qazimiz Mübariz Həsənovun həyat yoldaşı Sevil Həsənova.
Narınc Psixologiya Mərkəzi həm də, Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə yaxından əməkdaşlıq edir. Tədbirimizdə çıxış üçün ilk söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq, fəlsəfə üzrə fəlsəfə doktoru, PHD Elnur Rüstəmova verildi. Bu məqamda qeyd etmək yerinə düşər ki, Psixologiya Elmi tədqiqat İnstitutu indi olduğu kimi əksər tədbirlərimizə ev sahibliyi edib. Həmçinin “Ən yaxşı Ana” tədbirimizin keçrilməsində yaxından iştirak etdiyi və yenidən ev sahibliyi etdiyi üçün Psixologiya Elmi Tədqiqat İnstituna və Elnur bəyə təşəkkür edirik. Daha sonra Narınc Psioxologiya mərkəzinin təsisçi-rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova çıxış etdi, təbriklərini çatdırdı, belə tədbirlərin həm analarımız, nənələrimiz, həm də, uşaqlar üçün önəmini vurğuladı və bundan sonra da bu tədbirin əvvəlki illərdə olduğu kimi ənənəvi şəkildə qeyd ediləcəyini bildirdi. Rəsmi hissədə digər qonaqlarımız da çıxış etdi və öz təbriklərini çatdırdı. Bədii hissəmizdə isə analarımız, nənələrimiz səhnəyə dəvət olundu və onların hər birinə ”Ən yaxşı Ana” adı ilə sertifikatlar verildi, hədiyyələri təqdim olundu. Bu gözəl gündə mərkəzimizin zəhmətkeş və öz işinə xüsusi diqqət və həssaslıqla yanaşan dəyərli mütəxxəssislərini də unutmadıq və onları da mərkəzimizdə terapiya görən balalarımızın valideynlərinin rəyləri əsasında “İlin ən yaxşı mütəxəssisi “ nominasiyası üzrə sertifikatlarla və çiçəklərlə mükafatlandırdıq.