“Bütün İnsanlar müəyyən mənada keçmişə bağlıdırlar”

“Bütün İnsanlar müəyyən mənada keçmişə bağlıdırlar”

“Bütün insanlar müəyyən mənada keçmişə bağlıdırlar. İnsanların həyatında elə dönəmlər olur ki, keçmişi qəbullanmaq istəmir, davamlı olaraq keçmiş haqqında düşünür və keçmiş xatirələrdə ilişib qalır. Burada iki fərqli nüansı qeyd edə bilərik. Birincisi sadəcə keçmişdə, keçmiş duyğu və yaşantılarda ilişib qalan insanlar, ikincisi isə keçmişə baxıb, gələcəyini formalaşdıran insanlardır. Qeyd etdiyim birinci tip insanlar yəni sadecə keçmişdə, keçmiş duyğu və yaşantılarda ilişib qalan insanlar gələcəyə dair ümidsiz olurlar, gələcək planlarını və məqsədlərini müəyyənləşdirməkdə çətinlik çəkirlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, bu səbəbdən də onlar daha çox keçmişə yönəlik olur və keçmişə, o an yaşananlara ilişib qalırlar: “Bu da bir müddət sonra həmin insanlarda demotivasiya yaradır və ətrafı ilə, hətta özü ilə də problemlər yaşamasına gətirib çıxara bilir. Həmçinin zərərli vərdişlərdən əziyyət çəkən insanlarda da keçmişə bağlılıq tez-tez müşahidə olunur.

Əksinə digər qrup insanlar isə gələcək üçün konkret hədəfləri olan, baxış bucağ bəlli olan, sabahı üçün ümidli olan insanlardır. Ona görə də belə insanların keçmişə ilişib qalma ehtimalı çox azdır. Onlar keçmişi nostalji bir xatirə, hiss kimi xatırlayacaq və keçmiş səhvlərini analiz edib gələcək üçün daha sağlam addımlar atacaqlar.

Bu prosesdə keçmişi qəbul etmək və nəticələr çıxarmaq vacib faktorlardan biridir. Əgər insan keçmişini qəbul etmirsə və daima ona inkar prinsipi ilə yanaşırsa, əlbəttə nəinki indini itirir, həm də, psixikasında bu kimi hallardan dolayı problemlərin yaranmasına səbəb olur. Belə insanlar ilk öncə özlərinə bu sualı verməlidir: “Mən keçmişi nədən, hansı səbəbə görə qəbul etmək istəmirəm?” Bu suala özlərində cavab tapdıqdan sonra artıq səbəbi analiz edib, çətin də olsa bir müddətə onu həzm etməli və qəbullanmalıdırlar. Qəbul etməlidir ki, keçmişə dönüb nəyəsə müdaxilə etmə kimi bir şansımız yoxdur, yalnız keçmiş qərarlarımızı analiz edib indiki zamanda nəyisə dəyişə və ona müdaxilə edə bilərik. Keçmişimizi qəbullanmasaq və ona barışıq mövqe sərgiləməsək həyatımızın digər etabına keçmək çox çətin olacaqdır. Başqa sözlə ifadə etsəm, keçmişdəki hər hansı hadisə və ya baş vermiş prosesi tamamilə unutmaq, yaddan çıxarmaq yox, ona baxış bucağı, münasibəti dəyişmək lazımdır. Bu hal insan özünü günahlandırmaqdan və mənfi emosiyalara qapılmaqdan azad edər və insana müəyyən dərəcədə bir rahatlıq hissi verər. Ehtiyac yaranarsa bu problem dərinləşməmiş və ya travma,fobiya faktoru yaranmamış mütləq psixoloji dəstək almalıdırlar. Zamanında psixoloq dəstəyi görülsə, bu problemlər dərinləşmədən korreksiya edilə bilər. Əks halda yəni ağırlaşmış travma faktorundan sonra psixoloqa müraciət olunsa bu zaman psixoloqun da işi çətinləşər və bu problemin korreksiyası müəyyən bir zaman alar.

Keçmiş yaşantıları, hadisə və xatirələri həyat tərzinə çevirmək və davamlı onları düşünmək düzgün yanaşma deyil. Keçmiş bir təcrübə pəncərəsidir, belə ki, insanın onu tamamilə unutması da düzgün deyil, ancaq bu gün və gələcəkdə sağlam qərarlar qəbul etmək, doğru addımlar atmaq üçün keçmiş hər zaman bir müəllimdir”.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!