“İnsan çalışmalıdır ki, öz nəfsinə hakim olsun”

“İnanca görə gözdəymə mənfi bioenergetik təsirdir. Keçmişdən gələn bu inanca təsirdən insanın sağlamlığında, psixoloji vəziyyətində müəyyən problemlər yarana bilər. Yəqin ki, ətrafımızda bir çox insan “mənə göz dəydi, işlərim yaxşı getmədi” və ya “mənə nəzər dəydi planladığım iş düz getmədi, çətinliklə başa gəldi” kimi ifadələr eşidib. Ümumiyyətlə, insanların bir çox qismi göz dəymək, nəzər kimi şeylərin həyatlarına təsir etdiyinə inanırlar və həyatlarında baş verən mənfi hadisələri bu kimi faktorlara bağlayırlar”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, bəzən kiminsə cadunun, falın, göz dəymənin təsirinə məruz qaldığını iddia etməsinin də şahidi oluruq: “İnsanların belə düşünməsi onlarda daxili gərginlik, həyəcan və təşviş yaradır. Bunlar da öz növbəsində onların psixoloji vəziyyətinə təsir edir. Eyni zamanda vurğulamalıyam ki, cadu, göz, nəzər, fal kimi bəd əməllərə inanlar olduğu kimi inanmayanlar və bunu mənfi qarşılayanlar da var.

Həmçinin bədnəzərdən qorunmaq üçün ən çox istifadə edilən əşya “gözmuncuğu” olduğu üçün insanların bunu yeni doğulmuş uşaqların üzərinə, evinə və s. asdığını da görə bilərik. Bundan əlavə bu mənfi enerjinin qarşısının alınmasında bir çox mədəniyyətlərdə göz muncuğu ilə bərabər at nalı, qaratikan otu və “üzərlik” dediyimiz bitki də var. Bunlar bir inanc olsa da, lakin bu doğru yanaşma üsulu deyil. Gəlin fikirləşək, özünün qoruya bilməyəcək cansız bir əşya insanı necə qoruya bilər? Sadəcə olaraq insanlar buna inanır və psixoloji olaraq özlərində rahatlıq tapır. Gözmuncuğunun mavi olması çox zaman sual doğurur. Niyə başqa rəng yox məhz mavi rəng deyə suallar olunur. Hətta bəzən bunun psixoloji tərəflərini də soruşurlar. Mavi rəng qədim zamanlardan etibarən qorunma prinsipini təmsil edir. Eyni zamanda mavi səmanın da rəngidir və insanlara psixoloji olaraq rahatlıq, təhlükəsizlik aşılayır. Ancaq bunu da bildirməliyəm ki, göz dəymə və bəd nəzər anlayışı tək bizim topluma aid bir inanc deyil. Bu inancın kökləri çox qədim zamanlara, hətta ilk sivilizasiyaların yarandığı zamana dayanır. Gözlərimiz beyin gücü və “ruhun funksiyalarını” ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqandır. Elm adamlarının da araşdırmalarından məlumdur ki, göz yolu ilə də hipnoz hadisəsini reallaşdırmaq mümükündür.

Son olaraq bildirmək istəyirəm ki, insan çalışmalıdır ki, öz nəfsinə hakim olsun. Çünki insanın özünün və ya başqasının başına nə gəlirsə nəfsindəndir. Eyni zamanda insanlar psixoloji olaraq özlərini göz, nəzərə inandırmaqdan çəkinməlidir. Daha çox ona fayda verəcək işlərlə məşğul olmalı və pozitiv düşünməlidirlər. Unutmayaq ki, həyatımıza təsir edən ən önəmli faktor məhz düşüncələrimizdir”.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!