Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları, klinik-psixoloq Narınc Rüstəmova, psixoloqlar Ülviyyə Nəhmətova, Ülkər Zalova Nuriyeva və Mətanət Əliyevanın həmmüəllifi olduqları “Aqressiya sosial media asılılığı ilə yeniyetmələrin rifahı arasındakı əlaqədə vasitəçilik edir” (Aggression Mediates Relationships between Social Media Addiction and Adolescents’ Wellbeing) adlı məqalə «Scopus» və digər beynəlxalq nüfuzlu elmi bazalarda indekslənən “The Open Psychology” jurnalında dərc edilib.
Tədqiqatın məqsədi sosial media asılılığı ilə psixi rifah arasında əlaqədə aqressiyanın vasitəçi rolunu araşdırmaqdır. Araşdırmalar göstərir ki, rəqəmsal texnologiyalar insan davranışında və rifahında mühüm rol oynayır. Bu tədqiqata 808 qadın və 546 kişi olmaqla ümumlikdə 1354 yeniyetmə cəlb olunub. İştirakçıların orta yaşı həddi 12-14-dür. (SD= 1,51)
Məlumatlar Bergen Sosial Media Asılılıq Ölçüsü (Bergen Sosial Media Asılılıq Ölçüsü), Bass Perry Aqressiya Anketi (Buss Perry Aggression Questionnaire) və Varvik-Edinburq Psixi Sağlamlıq Ölçüsü (Warwick-Edinburgh Mental Wellbeing Scale) sorğularından istifadə edilməklə toplanılıb.
Tədqiqatın nəticələri göstərir ki, aqressiya sosial media asılılığı ilə psixi rifah arasında əlaqəyə qismən vasitəçilik edir. Buna əsasən demək olar ki, sosial media asılılığı aqressiyaya səbəb olur və psixi rifaha mənfi təsir göstərir. Ona görə də psixi sağlamlıq mütəxəssisləri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün dəstəyə ehtiyacı olan yeniyetmələrlə işləyərkən sosial media asılılığı və aqressiyanın rolunu nəzərə almalıdırlar.