“Qorxular, travmalar bir çox səbəblərdən yarana bilər. Bunlar korreksiya edilmədikdə daha da dərinləşə, özü ilə bərabər psixikamızda bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, sevdiyin bir insanı itirmək, boşanmalar, davamlı stresli həyat şəraiti və ya uşaqlığın hər hansı dönəmində baş vermiş pis bir hadisə və s. travma yarada bilir: “Həmçinin travmalar depressiya hallarının da yaanmasına gətirib çıxara bilir. Depressiyadan əziyyət çəkən insanlarda yuxu pozuntusu, normal qidalanmamaq, ətrafına, işinə marağın olmamaması, durğunluq və s. hallar özünü göstərir. Bu hallar dərinləşdikdə, yəni xroniki, uzunmüddətli depressiyaya keçdikdə vəziyyət daha da qəlizləşir. Ona görə də belə halların zamanında fərqində olmaq və mütəxəssis dəstəyi almaq lazımdır.
Adətən travma yaşanan zaman ilk olaraq insan bundan qaçır və psixoloji olaraq qəbul etmək istəmir. Uzun müddət travmanı qəbul edə bilməmək insanlarda həyəcan-təşviş, özgüvən əskikliyi, panik atak kimi problemlərin meydana çıxmasına səbəb ola bilər. Elə günümüzdə geniş yayılan mövzulardan biri də abitruyentlərin, tələbələrin imtahan prosesində həyəcan yaşaması və imtahana psixoloji hazırlığı məsələsidir.Xüsusən də tələbkar, mükəmməliyyətçi ailələrdə böyüyən uşaqlarda həyəcan-təşviş, imtahan narahatlığı və s. kimi problemlərə daha çox təsadüf olunur. Belə ki, bəzən valideynlər fərqində belə olmadan övladlarına psixoloji təzyiq göstərirlər. Bu da belə desək təsirin ən təhlükəli növlərindən biridir, onlarda travma kimi qala bilər və nəticədə bu kimi problemlərin yaranmasına gətirib çıxarır. Digər bir səbəb də valideynlərin uşağın potensialını nəzərə almaması və davamlı yüksək nəticə istəməsi fikrini onlara təlqin etməsidir.
Ələlxüsus, valideynlər, psixoloqlar travma və qorxu ilə üzləşən uşaqlara daha həssas yanaşmalı və diqqət etməlidir. Bir çox uşaqlarda travma sonra nitq problemlərinə çox sıx şəkildə rast gəlinir. Belə ki, qeyri-ixtiyari olaraq bu uşaqlarda “danışsam da insanlar məni qoruya bilməz”, “məni anlaya bilməzlər” düşüncəsi yaranır. Belə bir dönəmdən uşaqların ən az zədə ilə çıxması üçün mütləq şəkildə psixoloji dəstək lazımdır”.
Müəllif: Səbinə Hüseynli
https://sia.az/az/news/social/1145364.html