Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşağı döymək olarmı?

“Uşağı döymək olarmı?”

Uşaq tərbiyəsində valideynlərdən mütəmadi şəkildə gələn sullardan biri uşaqları döymək ilə bağlıdır. Belə ki, onlar, xüsusilə hiperaktiv övladı olan valideynlər şikayətlənir və belə suallar ünvanlayır: “ Uşağım çox aktivdir evdə bir yerdə dayanmır. Yemək yeyərkən süfrədə düzgün əyləşmir, şəxsi əşyalarına qarşı çox səliqəsiz davranır, çantası həmişə dağınıq şəkildə olur,dərsi məcburi şəkildə oxutdururam, oyuncaqlarını sındırır, evdə qardaş-bacısı ilə düzgün münasibət qura bilmir, qida kaprizləri var. Bu vəziyyətdə nə edə bilərəm, necə bir çıxış yolu seçə bilərəm? Belə halda uşağı döymək onun psixologiyasına hansı təsirləri edə bilər?”

Qeyd etmək lazımdır ki, təbii bütün bunlara valideynin səbr göstərməsi və həzm etməsi olduqca çətindir. Ancaq bildirməkdə fayda var ki, döymək və şiddət göstərmək heç vaxt düzgün çıxış yolu deyildir. Bura təkcə fiziki şiddət deyil, psixoloji şiddət də daxildir. Fiziki şiddətdə olduğu kimi psixoloji şiddət də uşağa mənfi təsir edir və onda fizioloji izlər olmasa da, bu gələcəkdə korreksiya edilə bilməyəcək izlər qoya bilər. Ümumi nəzər salsaq psixoloji şiddət ən təhlükəli və qorxulu şiddət növlərindəndir. Belə ki, davamlı psixoloji şiddət görən uşaqlarda zamanla daxili aqressiya, özgüvənsizlik kimi problemlər baş qaldıracaq. Beləliklə, onlar müəyyən yaşa çatdıqdan sonra ətrafındakı özlərindən fiziki cəhətdən zəif insanlara, həmyaşıdlarına qarşı aqressiya nümayiş etdirməyə başlayacaqlar. Həmçinin gələcəkdə bu uşaqların cəmiyyətə adaptasiyasında da problemlər yaranır, insanlarla ünsiyyətə girməkdə çətinlik çəkirlər.

Onu da qeyd etmək lazımdır ki, döyməyə meyilli olan, çıxış yolunu döyməkdə görən valideynlər də vaxtiylə öz  valideynləri tərəfindən şiddət görmüş və bunu tərbiyə üsulu kimi qəbul etmişlər. Hazırda da, ondan yola çıxaraq öz uşaqlarına şiddət göstərməyə, döyməyə başlayırlar və elə anlayırlar ki, uşaq qorxacaq və bundan sonra düzələcək. Ancaq az əvvəl də vurğuladığımız kimi, bu yanlış metoddur. Doğrudur uşaq müəyyən mənada ata-anadan çəkinməlidir, ancaq bu qorxu səviyyəsində olmamalıdır, uşaq valideynə ilk növbədə hörmət etməli və sevməlidir. Valideynlər yaxşı olar ki, səbrlə və uyğun dillə uşağa etdiyi səhvləri izah etsinlər. Burda təbii ki, uşağın yaş faktoru və psixoloji-emosional vəziyyəti də nəzərə alınmalıdır. Belə olan halda uşaq valideyni incitdiyini və etdiyi səhvi anlayacaq və zamanla bunları təkrarlamamağa çalışacaqdır. Ancaq döyülən və şiddət görən uşaqlar bu səhvləri yalnız valideynlərin yanında etməyəcək, ancaq valideynlərdən kənar yerdə olduqda yenə də təkrarən həmin səhvləri, mənfi davranışları edəcək. Çünki, ona etdiyi hərəkətin səbəbi və niyə etməməlidir kimi şeylər valideyn tərəfindən izah edilməyib, uşaq səhv edən kimi valideyn izah etmək yerinə şiddət, zorakılıq yolunu seçib.

Təbii ki,döymək həll yolu deyil, ancaq bu kimi mütəmadi təkrarlanan mənfi davranışlar da cəzasız qalmamalıdır. Biz bunun tərəfdarıyıq ki, valideyn uşağın yanlışını izah etməli və ona kiçik cəzalar verməlidir. Məsələn: bir neçə saatlıq cizgi filinə baxmasına qadağaqoya bilər və ya bir gün  dotları ilə sevdiyi oyunu oynamasına icazə verməyə bilər. Bu şəkildə kiçik cəzalar uşaqların səhvlərini anlamasına da yardımçı olur.

Döymək, şiddət və zorakılıq göstərmək heç zaman məsələnin həlli və doğru çıxış yolu ola bilməz!

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!