“Yeniyetmələrdə davranış pozuntuları sonda ölümlə nəticələnə bilər!”

Müxtəlif xəbər saytlarında və mənbələrdə yayımlanan məlumatlara əsasən Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli orta məktəbin XI sinif  şagirdi   Raul Rəhimov məktəbin qarşısında qətlə yetirilib. Məlum olub ki, hadisəni törədən şəxs onun həmyaşıdır. Qətl hadisəsinin məktəblilər arasında yaranmış mübahisədən qaynaqlandığı iddia edilir. Məktəblinin qətlə yetirilməsi, yeniyetməlik dönəmi və bu yaş dönəmlərində yeniyetmələrin psixoloji vəziyyəti ilə bağlı Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

“ İlk öncə onu bildirmək istərdim ki, gənc oğlumuzun həyatını itirməsi xəbəri hər kəs kimi məni də sarsıtdı. Uca Tanrıdan ona rəhmət, ailəsinə isə səbr  diləyirəm.

Ümumiyyətlə, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar. Təsadüfi deyil ki, 14-16 yaş yeniyetməlikdə “böhran dönəmi” hesab olunur. Başqa sözlə desək, bu yaş dönəmi həm də, “kritik yaş dövrü” hesab olunur. Belə ki, cinayət hadisələri, özünəqəsd halları bu dönəmdə daha çox müşahidə olunur. Bu dönəmlərdə valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbrlə yanaşmalıdır. Onların aqressiv hərəkətlərinə şiddətlə və aqressiya ilə cavab vermək doğru yanaşma üsulu deyil. Bəzən isə valideynlər belə bir yanlış davranış da sərgiləyirlər və övladlarınız aqressiv davranışlarına, mənfi hərəkətlərinə“Böyüdükcə düzələcək, ağıllanacaq” tərzdə yanaşırlar. Ancaq bu hallar bəzən sonra peşman olacağımız nəticələrə gətirib çıxara bilir. Yəni bu hallar 7-8 yaş dönəmlərində görülsə belə valideynlər “ərköyünlük edir” deyib göz yummamalı, diqqətədən kənarda saxlamamalıdırlar.

Ona görə də psixoprofilaktik tədbirlərin görülməsi, xüsusilə məktəbdə müəllim-şadird-valideyn üçbucağının yaradılması vacibdir. Çox təəssüf ki, uşaq ibtidai sinifdə oxuyarkən məktəbdə keçirilən valideyn iclasında daha çox valideyn iştirak edirsə bu zaman keçdikcə valideynlərin sayının azalması ilə müşahidə olunur. Yəni, artıq övladları böyüdükcə, daha yuxarı siniflərə keçdikcə valideynlərin iclaslarda azalmağa başlayır. Ancaq bildirmək lazımdır ki, yeniyetməlik dönəmi şagirdin həyatının ən vacib və xüsusi diqqət edilməsi gərəkən məqamlarından biri olduğu üçün valideynlər məktəb rəhbərliyi, müəllimlərlə daha çox əlaqədə olmalı və valideyn iclasında iştirak etməlidirlər. Hətta təklif edərdim ki, məktəb rəhbərliyi tərəfindən müəyyən zaman aralığında məktəb psixoloqunun da iştirakı ilə fərdi şəkildə valideynlərlə görüş təşkil olunması daha yaxşı olardı. Məktəb dönəmində yeniyetmələrin həmyaşıdları ilə mübahisəsi, davamlı anlaşılmazlıqlar, fiziki güc nümayiş etdirmə, özündən zəif gördüyünə şiddət göstərmə, əks cinsə marağın yaranması və buna görə də xüsusilə oğlan yeniyetmələr arasında davaların,münaqişələrin  yaranması çox müşahidə edilən hallar sırasındadır. Burada valideynlər övladlarını onlara hiss etdirmədən nəzarətdə saxlamalıdır. Onların ətrafına, kimlərlə dostluq etdiyinə, hansı tip musiqilərə qulaq asdığına və sosial şəbəkələrdən hansı formada istifadə etdiklərinə diqqət etməlidirlər. Həmçinin digər bir məsələ bu dönəmdə sosial status qazanmaqdır. Belə ki, hər bir yeniyetmənin əsas məqsədi çevrəsində, təhsil aldığı məktəbdə və ya sinifdə sosial statusa sahib olmaq olur. Məsələn: kimisi uşaq sinifin ən yaxşı oxuyanı, kimisi ən gözəli, kimisi ən yaraşıqlısı, kimisi dəcəli, kimisi tənbəli və s. olur. Bütün bunlar və yeniyetməlik dönəmində yaşanan proseslər təbii ki, uşağın təhsil həyatına təsir göstərir. Belə ki, yeniyetməlik dönəmində təhsildən yayınmalar,dərsə əvvəlki kimi maraq göstərməmək və s. tez-tez müşahidə olunan hallardır.  Valideynlər bu hallarda bəzən dözə bilmir, səbrsiz davranır və övladına həm fiziki, həm də psixoloji şiddət tətbiq etməyə başlayırlar. Bu da təbii ki, doğru yanaşma üsulu deyil. Valideyn nə qədər çox zorakı davranarsa, qarşılığında uşaqdan bir o qədər çox aqressiv reaksiya görəcəkdir.Onların aqressiv hərəkətlərinə şiddətlə və aqressiya ilə cavab vermək doğru yanaşma üsulu deyil. Bu dönəmlərdə valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbrlə yanaşmalıdır.

Bu yaş dönəmlərində ehtiyac yaranarsa mütləq peşəkar psixoloq dəstəyi alınması vacibdir. Valideynlər kiçik bir siqnal gördükdə övladı ilə danışmalı və ortaq məxrəcə gəlməyi,güzəştə getməyi bacarmalıdır. Əks halda bu proseslər davam edərsə və validen-övlad münasibəti daha da pisləşərsə qeyd etdiyim kimi mütləq zamanında psixoloq dəstəyi alınmalıdır. Praktikamızda bir çox hallarda yeniyetmələrin aqressivlik nümayiş etdirdiyini və psixoloqa gəlmək istəməmələrini müşahidə edirik. Belə olan halda ən optimal çıxış yolu ailə terapiyasıdır. Yəni ilk öncə bir neçə dəfə valideynlər özləri seanslara gəlməli və bunun çox normal bir şey olduğunu övladına izah etməlidir. Beləcə artıq bir müddət sonra yeniyetmə heç bir kənar müdaxilə olmadan ailəsi ilə birlikdə özü psixoloq qəuluna getmək istəyəcək. Psixolji dəstək, psixoloqun və ailənin yardımları ilə yeniyetmələr bir müddət sonra bu kimi hallardan azad ola, qurtula bilərər.”

Hazırladı-Səbinə Hüseyinova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!