Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

TELEVİZORUN UŞAQLAR ÜZƏRİNDƏKİ MƏNFİ TƏSİRLƏRİ

Valideynlər övladlarını bütün pisliklərdən qorumağa çalışırlar. Lakin, çox məsum görünən və çox da diqqət edilməyən məsələlər də olur. Bunlardan biri də televizor izləmə vərdişimizdir. Valideynlər uşaqlarını bəzən sakit dayanmaları, bəzən isə yemək yemələri üçün saatlarla televizor qarşısına oturdurlar. Lakin, cizgi filmlər düzgün seçilmədikdə və vaxt düzgün bölünmədikdə uşaqlar üçün faydalı yox, zərərli hala gəlir.

Hələ xəyalla gerçəyi ayırd edə bilməyən 0-6 yaşlı uşaqların inkişaf prosesində cizgi filmlər əhəmiyyətli bir yer tutur. Gündə təxminən dörd saat televiziya qarşısında qalan uşağın filmlərdəki davranış qəliblərini, düşüncə tərzlərini, mədəniyyəti, obrazların ümumi xüsusiyyətlərini mənimsəməsi qaçınılmazdır. Çünki, bu yaşda uşaqlar nümunə götürərək və təqlid edərək öyrənirlər. Bir çoxumuz uşaqların şiddət göstərilən filmləri ya da xəbər proqramlarını izləməsinin düzgün olmadığını düşünürük, lakin, eyni həssaslığı “günahsız” cizgi filmlərə göstərmirik.

Cizgi filmlərin və digər televiziya proqramlarının mənfi təsirləri aşağıdakılardır:

  • Uşaqlar hələ xəyalla reallığı ayırd edə bilmirlər. Buna görə də, uşaq televizorda gördüyü bir şeyi gerçək kimi qavraya bilər. Bu da onun davranışına mənfi təsir göstərir. Məsələn, uşaq özünü cizgi film qəhrəmanı kimi apara bilər.
  • Son zamanlarda uşaqlarda ciddi şəkildə “Hiperaktivlik” və “Diqqət əksikliyi”nə rast gəlinir. Bunun əsas səbəbi isə uşaqların kompüter və televizor qarşısında çox vaxt keçirməsidir. Belə uşaqlar ekranda sürətli hərəkət edən obyektlərə çox baxdıqları üçün sabit əşyalar üzərində diqqətlərini toplamaqda çətinlik çəkirlər.
  • Televizor qarşısında həddən artıq çox vaxt keçirən uşaqlarda asosyal davranışlar da müşahidə oluna bilər. Uşaq vaxtının böyük hissəsini televizor qarşısında keçirdiyi üçün insanlarla üniyyət qurmur və sosial bacarıqları zəifləyir. Belə uşaqlar, hətta, gələcəkdə içinə qapanıq ola bilərlər.
  • Reklamlar uşaqların diqqətini daha çox cəlb edir. Bu da lazımsız əşyaların alınmasına səbəb olur və ailəyə maddi cəhətdən də ziyan dəyir.
  • Televizora çox baxmaq uşağın sağlamlığına da zərər verir. Çünki, uşaq saatlarla hərəkətsiz şəkildə televizor qarşısında oturur. Televizor izləyərək yemək yedirilən uşaq normaldan daha çox yeyir.
  • Gecə gec saatlaradək televizor izləyən uşaqlarda yuxu pozuntuları yaranır.


Bəs valideynlər nə etməlidir?

Valideynlər uşaqların yanında bütün gün televizora baxmamalıdırlar. Uşaqlar üçün faydalı, öyrədici, yaşlarına uyğun cizgi film və uşaq verilişlərini valideynlər seçməli və özləri də bəzən uşaqla birlikdə izləyərək uşağa necə təsir etdiyini, nələr öyrətdiyini müəyyənləşdirməlidirlər. Uşağın televizor qarşısında keçirəcəyi vaxtı əvvəlcədən müəyyənləşdirmək və onu dəyişdirməmək lazımdır. Uşağın yaşına və maraqlarına uyğun oyunlar və birlikdə əylənə biləcəyiniz başqa işlər tapsanız uşaq televizora baxmaq yerinə sizinlə vaxt keçirməyi üstün tutacaqdır.

Məqalə müəllifi:Fatimə Qəhrəmanova (Narınc könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!