Uşaqlar çox kiçik yaşlarından heyvanlar ilə tanış olur. Ümumilikdə, uşaqların heyvanlar ilə ilk tanışlıqları oyuncaqlar ilə olur. Bundan əlavə, kitablarda, hekayələrdə, cizgi filmlərində heyvan qəhrəmanların önəmli rolu vardır və onlar uşaqların ilk dostlarından olurlar. Həyatımızın ayrılmaz hissəsi olan heyvanlar həm də uşaqların şəxsi inkişafında mühum rol oynayır. Düzgün münasibət qurulduğu halda empatiya qabiliyyətindən əxlaqi dəyərlərin inkişafına qədər bir çox müsbət nəticə alınır. Heyvanlar ilə olan münasibət uşaqlara yoldaşlıq hissini aşılayır. Ev heyvanları ilə böyüyən uşaqlar daha paylaşımcıl və anlayışlı olurlar. Uşaqlar heyvanlar haqqında danışaraq həmyaşıdları ilə söhbət edirlər. Əgər bir uşaq ev heyvanı bəsləyirsə, dostlarına ona necə qulluq etdiyini, onunla nələr etdiyini bildirməsi danışma bacarığını və söz ehtiyatını inkişaf etdirir.
Tək uşaqlı ailələrin ev heyvanı saxlaması daha məqsədəuyğundur. Cünki, evdə yeganə uşaq olduğu üçün bütün diqqət onun üzərindədir. Bu səbəbl əhər sözünün həyata keçməsini istəyir və bir şeyini başqaları ilə bölüşmək istəmir. Evdə heyvan olması əskik olduğu bu sahələrdə inkişafını təmin edəcəkdir.
Uşaqların təkcə ana-ata və digər insanların sevgisinə deyil, heyvanların sevgisinə də ehtiyacları vardır. Hər yaş dövründə uşaqlar fərqli sevgilərə ehtiyac duyarlar. Yeni doğulduğu zaman körpə ana sevgisinə ehtiyac duyur, daha sonra oyuncaqlarını sevməyə başlayır. Zamanla uşaq ətrafindakı adamları tanıyır və onlara qarşı da sevgi yaranır. Eyni zamanda uşaq ətrafındakılardan da sevgi gözləyir. Bu sevgini tanıma mərhələsində heyvan sevgisi də rol almalıdır. Bir heyvana sahib olmaq uşaqlarda müxtəlif pozitiv keyfiyyətlərin yaranıb inkişafına şərait yaradır. Məsuliyyət hissi də bunların başında gəlir. Heyvanla birlikdə böyüyən uşaqların sosial münasibətləri də yaxşı inkişaf edir. Ev heyvanlarının ehtiyaclarının fərqində olub, onların baxımında aktiv iştirak edən uşaqlar daha diqqətli, vicdanlı, ətrafa aləmə qarşı daha həssas olurlar.
Heyvanlar əmr verməz, qanun-qaydaları yooxdur və onlar heç vaxt çox məşğul olmurlar. Uşaqlar nə zaman istərsə heyvanlar onlara vaxt ayıra bilirlər. Uşaq heyvanla oynayır, dərdləşir, danışır. Ailəsi ilə, dostları ilə paylaşa bilmədiyi sevincini , kədərini heyvanlarla bölüşər. Xüsusilə də ailə üzvlərinə qarşı bəslədiyi mənfi duyğuları başqalarına danışmaqdan çəkinən uşaqlar bu duyğuları heyvanlarına asanlıqla danışa bilərlər.
Evdə bəslənən heyvanların ömrü insanlarla müqayisədə çox daha qısa olur. Bu səbəblə heyvan bəsləyərkən ölüm çox sıx rastlanan hadisədir. Uşaqların bu hadisəni yaşamaması üçün valideyinlər çox vaxt heyvan sahiblənmək istəməz. Əslində isə heyvanın ölümü uşağın daha sonra yaşaya biləcəyi daha böyük itkilərlə başa çıxa bilməsi üçün önəmli bir fürsəttir. Uşaq bu vasitə ilə itki sonrası kədər duyğusunu öyrənər və gələcəyə daha hazırlıqlı olar.
Əgər təmizlik mövzusunda narahatlıqlarınız varsa və uşağınız bir heyvanın məsuliyyətini almayacaq qədər kiçikdirsə, təmizlik problemi ən az olan heyvanları seçə bilərsiniz.
Lalə Fətəliyeva (Narınc Könüllü Qrupunun Üzvü)