Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

UŞAQLARIN TƏRBİYƏSİNDƏ NƏNƏ VƏ BABANIN MƏNFİ TƏSİRLƏRİ

Bilirik ki, uşaqların təlim-tərbiyəsində ana-ata əsas rol oynayır. Buna görə də ən sağlam ailə modeli də valideynlər və uşaqlardan ibarət olan kiçik ailədir. Valideynlərin işləməsi uşaqlara kim tərəfindən baxılacağı problemini yaradır və bu vaxt valideynlər ilk növbədə nənə-babaya müraciət edirlər. Maraqlıdır ki, nənə-babalar öz övladlarından fərqli olaraq, nəvələrini böyüdərkən onlara heç bir məhdudiyyət qoymur, bütün istəklərini yerinə yetirir, çox vaxt güzəştə gedirlər. Buna görə də bəzən uşaqlar öz valideynlərindən daha çox nənə-babaları ilə yaşamağa, onlarla vaxt keçirməyə üstünlük verirlər. Hətta bir müddət sonra belə münasibəti valideynlərindən də tələb etməyə başlayırlar. Uşaqların hər istədiyini almaq, onların bütün tələblərinə əməl etmək müxtəlif davranış pozuntularına, kaprizlərə, gələcəkdə məsuliyyətsiz, aqressiv, qaydalara tabe olmayan şəxsiyyətə çevrilmələrinə şərait yaradır. Nənələr nəvələri doğulduğu ilk andan etibarən hər mövzuda valideynlərə kömək göstərirlər. Onların təcrübələri ilə bir çox problemlər asanlıqla həll edilir. Analar nənəyə güvəndikləri qədər heç bir dayəyə ürək rahatlığı ilə uşaqlarını etibar edə bilmirlər. Qısacası, nənələr anaların gözü arxada qalmadan uşaqlarını etibar edə biləcəkləri tək insandır. Lakin, bəzən nənələr nəvə və övlad fərqini anlamaqda çətinlik çəkirlər. Hətta bəzi nənələr nəvələrinin ona “ana” deyə müraciət etməsini tələb edirlər. Körpədən ayrılmaqda çətinlik çəkə, onu evinə aparmaq istəyə bilərlər. Belə psixologiyaya malik olan nənə istər-istəməz şüuraltında özünü anaya rəqib olaraq görür, bu da ana ilə nənə arasında münaqişələrin yaranmasına gətirib çıxarır. Nənə ananın uşağa olan münasibətini bəyənməyə, bunu tez-tez dilə gətirə bilər. Belə olan halda, valideynlər nənəyə onun vəzifələrini səbrlə, yavaş-yavaş, sözlə deyil, davranışlarla xatırlatmalıdır. Bir müddət sonra vəziyyət düzələcək və nənə keçici psixologiyadan qurtulacaqdır.

Yaranan digər problemlərdən biri də nənə-babaların bəzi məsələlərin həllində heç bir şeyə əsaslanmadan, sadəcə öz təcrübələrinə güvənərək bildikləri üsullardan istifadə etmək istəməsidir. Bizim vaxtımızda … ” deyə başlayan cümlələr nənə-babalar tərəfindən çox istifadə olunur. Lakin, nəsillərarası fərqlər bəzi anlayışları dəyişdirir. Buna görə də, gənc ana-ataların fikrinə güvənmək daha doğrudur. Yenə də, nənə və baba gənc valideynləri tənqid edəcəksə bunu əsla uşaqların yanında etməməlidir. Bu hal uşağın valideynlərinə olan hörmətini itirməsinə gətirib çıxara bilər. Bir başqa halda isə, ana-atanın qoyduğu qaydalar uşaqlar tərəfindən pozula bilər. Bu xüsusilə uşaqların tərbiyəsində ən böyük problemlərdən biridir. Uşaqlara qaydalar qoyarkən əvvəlcə ana və atanın fikirləri bir-birlərinə uyğun olmalıdır və nənə-babalar da bu qaydaları dəstəkləməlidir. Ana ya da ata uşağa haqlı bir səbəbdən reaksiya göstərdiyində, cəzalandırdıqda böyüklər vəziyyətə müdaxilə etməməlidir.

Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!