Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşağınızın ilk kəşfi evdəki əşyalardan başlayır

Valideynlər tez-tez şikayət edirlər ki, uşağımız evdə oyuncaqları sındırır, divarları yazır, əşyalara ziyan vurur, evi səliqəyə salıb rahatlaşmışkən görürük ki, oyuncaqlar yenə hərəsi bir tərəfdədi…
Mən bu məqalədə valideynlərimizə əvvəlcə onu demək istəyirəm ki, bir neçə ildən sonra eviniz elə səliqəli halda olacaq ki, evin bu halı üçün çox darıxacaqsınız… Ona görə də uşaqlarızı incitməyin. Əşyalara ziyan vurduğunu düşündüyünüz üçün onlara fiziki və mənəvi cəzalar verməyin. Unutmayın uşaqlar cəza ilə yox, vicdanı ilə tərbiyə olunmalıdır.
0-4 yaş dövrü uşaqların kəşf etmə dövrüdür. 4 il ərzində uşaqlar ilk gördükləri əşya və hadisələr arasındakı əlaqəni müəyyənləşdirmək istəyirlər. Uşaqlar valideynlərini deyil, iç dünyalarının səsinə qulaq asarlar.
0-4 yaş dövründə uşaqlarda öyrənmə marağı formalaşır ki, uşaqlar bunun vasitəsilə həyata atılarlar.
Bəzən uşaqlar ütü ilə oynamaq istəyərlər, bəzənsə stolun üstünə çıxmaq,yaxud siyirmələri açıb-bağlamaq istəyərlər. Ancaq valideynlər uşaqlarını qorumaq məqsədilə buna imkan verməzlər.
Əziz valideynlər, sizləri də çox yaxşı başa düşürük uşaqlarınızı təhlükədən qorumaq istəyirsiniz. Ancaq uşaqlarınız bunları kəşf etməsə, ütü ilə oynayan vaxt əlini yandırmasa, stolun üstünə çıxarkən yıxılmasa, siyirməni açıb-bağlayan zaman əlini əzməsə ətrafdakı əşyalarla rəftar etməyi, özünü qorumağı necə öyrənər?
Uşaq yeni bir əşya gördükdə onu hiss edə bilməsi üçün mütləq həmin əşyaya toxunmalıdır. Bu davranış uşağın öyrənməsi üçün əsas şərt sayılır.
Uşaq bir tərəfdən bunu öyrənmək məcburiyyətindədir, digər tərəfdən isə valideynlərinin şiddəti ilə üzləşir… Heç bir valideynin gücü bir uşağın öyrənmə gücünü keçə bilməz. Heç bir valideyn uşaqda olan maraq hissini bir səfərdə söndürə bilməz. Uşağın marağında olub kəşf etmək istədiyi müəyyən bir əşyanın və ya hadisənin gedişinə maneə olmaq uşağın öyrənmə bacarığına maneə olmaq deməkdir.
Bəzən uşaq marağında olan bir əşyaya doğru getdiyi zaman valideyn uşağın diqqətini həmin obyektə başqa bir obyektə keçirir. Məsələn, uşağa başqa oyuncaqla oynamağı təklif edir. Ancaq valideyn başa düşmür ki, uşaq marağında olan bir əşyanı bu gün kəşf edə bilməyibsə sabah mütləq birdə ona cəhd edəcəkdir. Valideyn bir müddət uşağı həmin əşyadan uzaq tutub başqa bir əşya ilə oynamağa cəlb etməsi əslində uşaqda diqqət dağınıqlığının yaranmasına səbəb olacaqdır.
Bu proses də uşaq məktəbə gedən vaxt valideyn müəllimdən “uşağınızda diqqət dağınıqlığı probleminin” olduğunu öyrənəndə kaş ki, illər öncə oğlumun yaxud qızımın öyrənmə istəyinə maneə olacaq bir davranış göstərməsəydim deyəcəkdir.
Ona görə də əziz valideynlərimiz uşaqlarınız ətrafı kəşf edən zaman onların qolundan, qanadından tutub dayandırmağa çalışmayın, əks halda onlar qolunuzdan, qanadınızdan qırıldığında bu uşaq nə vaxt?, niyə? belə oldu suallarını özünüzə verməli olacaqsınız…
İsrafilzadə Əminə
ADPU “Pedaqogika və Psixologiya” fakültəsinin magistrı
dushunce.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!