Südünüz övladınızı doyurmursa

Körpəni əmizdirən cavan analar tez-tez narahat olur ki, uşaq doymaya bilər, ona ana südü çatmaya bilər. Bir çox hallarda belə narahatçılıq üçün ciddi səbəb olmur. Uşağın doyub-doymamasını təyin etmək üçün bir neçə üsul var. Belə ki,

  • Sağlam yenidoğulmuş uşaq adətən qida qəbul etmək üçün hər 2-3 saatdan bir oyanır (gecə saatlarında bir qədər artıq yata bilər). Əgər uşaq narahatdırsa, 20-30 dəqiqədən artıq yatmırsa və çoxlu ağlayırsa, bu anada südün az olmasından xəbər verə bilər.

Digər tərəfdən, əgər uşaq çox passiv əmirsə, həddən artıq yatırsa və hətta yemək üçün oyanmırsa, bu da yaxşı əlamət deyil. Bu haqda uşağa nəzarət edən həkimə məlumat vermək lazımdır.

  • Uşağın çəkisinin normal artması ana südü ilə qidalandırılmanın kifayət olmasının əsas göstəricisidir. 4 ayına qədər uşaq hər həftə 125 qr-dan (1 ay ərzində 500 qr-dan) artıq çəki yığmalıdır. Bu ən aşağı göstəricidir – bəzi uşaqlar 1 ay ərzində hətta 1 kq-dan artıq çəki yığırlar. Nəzərinizə çatdıraq ki, bu hesablamanı apardıqda uşağın çəkisinin ən aşağı nöqtəsindən başlamaq lazımdır. Məsələ burasındadır ki, yenidoğulmuş uşaq həyatın ilk günlərində çəkisinin təxminən 5-8 %-ni itirir. Bu normal fizioloji prosesdir və bununla izah olunur ki, bu ilk günlərində uşaq ana bətnində olan zaman onun bağırsaqlarında yığılmış nəcisdən (mekoniy) və artıq mayedən azad olur. Misal üçün, əgər körpə 3200 qr çəkisi ilə anadan olubsa, o doğulduqdan sonra təxminən 150-200 qr itirir və onun çəkisi təxminən 3050 – 3000 qr olur. Hesablamanı məhz bu göstəricidən (3200 qr-dan deyil!) başlamaq lazımdır.

Körpəni xüsusi elektron tərəzidə çəkmək lazımdır (daim eyni tərəzidən istifadə edin!). Bu prosedura səhər vaxtlarında yerinə yetirilir. Uşaq yalnız nazik bələkdə olmalıdır, “pampersini” çıxardın.

Əgər uşaq 1 ay ərzində 500 qr-dan az çəki yığıbsa, mütləq pediatra müraciət edin.

4 aylığından sonra uşaqlar daha çox hərəkət etməyə başlayır ki, nəticədə onların çəkisi daha az artır (400-500 qr), 6 aylığından sonra bu göstəricilər 300-500 qr ola bilər. Nəzərinizə çatdıraq ki, bu göstəricilər yalnız tək ana südü ilə qidalandırılan uşaqlara aid edilir. Süni qida (“smes”) qəbul edən uşaqlar adətən daha tez çəki artırır. Lakin bu heç də o demək deyil ki, süni qidalandırılma “daha yaxşıdır”!

  • Uşağa südün kifayət etdiyini təyin etmək üçün digər bir testdən də istifadə olunur – “yaş bələklər” testi. Bu testi həyata keçirmək üçün uşaqdan “pampers” çıxarılmalıdır və uşaq bələnilməlidir (sıx bələnmə istifadə olunmamalıdır!). Testin nəticəsi o halda dəqiq ola bilər ki, uşağa yalnız ana südü verilir. Əgər uşağa əlavə su, çay, süni qida verilirsə, belə eksperiment mənasız sayılır.

Gün (24 saat) ərzində yenidoğulmuş uşaqdan 12 yaş (!) bələk çıxarmalıdır. Əgər bələklərin sayı 8-dən azdırsa, bu o deməkdir ki, uşaq doymur və ananın laktasiyasını stimullaşdırmaq lazımdır. Bunun üçün ana daha tez-tez uşağı əmizdirməli, lazım olduqda həkimin məsləhəti ilə əmizdirmələr arası südünü sağmalıdır. Südün artması və laktasiyanın stimullaşması üçün gecə saatlarında (3.00-8.00 arası) əmizdirmə olduqca vacibdir ki, məhz bu saatlarda laktasiyanın hormonu olan prolaktin daha çox miqdarda ifraz olunur. Nəzərinizə çatdıraq ki, məhz bu sadaladığımız qaydalar laktasiyanı artıra bilər. Xüsusi südartıran çaylar, bitki dəmləmələri və s. üsullar daha effektsiz sayılır.

Əgər 24 saat ərzində, Siz 6 və daha az yaş bələk dəyişmisinizsə, bu çox təhlükəli haldır və bu haqda mütləq pediatra məlumat vermək lazımdır. Lazım olduqda pediatr əlavə qida (“smes”) təyin edəcək.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!