Uşaqlar üçün yemək reseptləri

Bu yeməklər 1 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. Əlavə qidalar körpənin yalnız 6-aylığından sonra (ət, baliq isə 8 aylığından sonra) onun pəhrizinə əlavə oluna bilər.

Yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın.

Düyü sıyığı ətlə

2 x.q. düyü, 3 stəkan su, 100 q çiy mal əti, 1/2 ç.q. kərə yağı, duz.

Yumşaq yağsız mal ətin üzərinə soyuq su töküb vam odda hazır olana qədər bişirin. Əti bulyondan çıxarıb 2 dəfə ətçəkən maşınından keçirin. Düyü suda hazır olana qədər bişirin, ət və duz əlavə edin, yaxşı qarışdırın. Sonra sıyığı 3-4 dəq. ərzində vam odda bişirin və sonda kərə yağı əlavə edin.

Sup-püre

1 dənə orta ölçüdə kartof, 1 ç.q. manna yarması, 1/2 ç.q. kərə yağı, 1 yumurtanın sarısı, 1/4 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 2/3 stəkan su, duz

Kartofu təmizləyin, doğrayın və vam odda bağlı qabda hazır olana qədər bişirin. Hazır kartofu ələkdən sıxın, kartof bişirilən suyu əlavə edin və yenə bir neçə dəqiqə qaynadın. Manna yarmasını soyuq suda həll edin və püreyə əlavə edib 10 dəqiqə ərzində vam odda bişirin. Yumurtanın sarısını qaynanmış soyuq süd ilə qarışdırın və sup-püreni qarışdıra-qarışdıra ona əlavə edib 1-2 dəq. ərzində qaynadın. Sup-püreni oddan götürüb ona kərə yağı əlavə edin.

Toyuq püresi

80 q. toyuğun yağsız əti (“broyler” toyuqlarından yox, “kənd” toyuqlarından istifadə olunur), 2 x.q. süd, 1/2 stəkan su, az miqdarda cəfəri və xırda doğranmış baş soğan, 1/2 ç.q. kərə yağı, 1/2 ç.q. un, duz.

Toyuq əti suya cəfəri və soğan əlavə edilib hazır olana qədər vam odda qapağın altında bişirilir. Ət ətçəkən maşınından 2 dəfə olmaqla keçirilir, ona bulyon, un və kərə yağı əlavə olunur və 2-3 dəq. ərzində qaynadılır. Daha sonra püreyə isti süd və duz əlavə olunur, yenə 1-2 dəq. ərzində qaynadılır.

Balıq küftəcikləri

100 qr. balıq filesi (treska), 1 tikə çörək, 2/3 stəkan su, 1 yumurtanın sarısı, 1/2 ç.q. kərə yağı, duz.

Balıq filesi soyuq suda isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirib, yumurta sarısını və kərə yağı əlavə edin. Qiymə (farş) yaxşı qarışdırılır və xırda küftəciklər formasına salınır. Küftəciklər qaba yığılır, üzərinə su əlavə olunur və vam odda divarları qalın olan bağlı qabda bişirilir.

Toyuq kotletləri

100 qr toyuq əti, 1 tikə ağ çörək, 1/4 stəkan süd, 1/2 ç.q. kərə yağı, 1 dənə yumurta, duz.

Toyuq əti süddə isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirilir. Yumurta, duz, yumşalmış kərə yağı əlavə olunur və yaxşı qarışdırılır. Qiymədən kotletlər formalanır və buğda hazır olana qədər bişirilir.

Ev kəsmiyi

Uşaqlar üçün olan kefir (dükanlarda satılır) təmiz minalanmış qaba tökün və su hamamında kəsmik əmələ qələnə qədər qızdırın. Suyu tökün, kəsmiyi ələkdən sıxın.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!