- Neurofeedback nədir;
- Neurofeedback-in müalicə metodları;
- Neurofeedback-in faydaları:
Neurofeedback – şəxsin öz beyin dalğalarını dəyişdirməsinə kömək edən və müalicə edərək, tərbiyə edən terapiya növüdür. Neurofeedback terapiyası – beyin dalğalarının gimnastikasıdır. Biz necə ki, sağlamlığımız üçün idman edirik, qidalanmağımıza fikir veririk, həmçinin beynimizin də qayğısına qalmalıyıq. Beynimizi idarə edən beyin dalğalarıdır. Beş növ beyin dalğası var:
- Delta (1-4Hz)
- Theta (4-8 Hz), aşağı theta (4-5 Hz), yüksək theta (7-8 Hz)
- Alfa (8-12 Hz), aşağı alfa (8-10 Hz), yüksək alfa (10-12 Hz)
- Beta (12 – 30 Hz), aşağı beta –SMR (13-15 Hz), normal beta (15-18 Hz), yüksək beta (19-30 Hz)
- Qamma (30-100 Hz)
- Delta dalğası dərin yuxu zamanı, çox dərin meditasiyada aktivdir. Bədən bu dalğada olarkən böyümə hormonu ifraz edir. Əsasən də yuxunun 3-cü, 4-cü hissəsində olarkən, beynin az aktiv halında ortaya çıxır. Hipnoz yolu ilə şüuraltı bilgilər delta dalğaları ilə əldə edilir. Bu dalğanın ən üst səviyyəsi koma halında olur. Delta dalğası kişilərdə qadınlara nisbətən az olur. Az olması bir çox xəstəliklərdə özünü göstərir: Şizofreniya, spirtli içkidən, siqaretdən asılılıq, işemiya, diabet, maddə asılılığı, parkinson, yuxuda gəzmək.
- Theta dalğası – uşaqlarda böyüklərə nisbətən daha çox olur. 2-5 yaş arası uşaqlarda bu dalğalar aktivdir. Yetkin insanlarda dərin konsentrasiya anında, yatmadan bir neçə dəqiqə öncə və meditasiya zamanı beyin bu dalğa ölçüsünə enər. Theta dalğası stresin heç olmadığı, intuisiyanın güclü olduğu dalğa ölçüsüdür. Yaradıcılığın ən üst səviyyədə olduğu, xəyal qurduran dalğadır. Bu dalğa ölçüsündə qavrayış sürətli və qalıcıdır.
- Alfa dalğasını ilk dəfə 1924-cü ildə alman alimi Hans Berger EEG-dən istifadə edərək, kəşf etmişdir. Alfa dalğası – sakit bir şəkildə gəzərkən, sevdiyimiz insanlarla xoş zaman keçirərkən, həzz verən bir musiqi dinləyərkən, uzanıb düşünərkən, üzərkən, maraqlı bir kitab oxuyarkən, gümrah, rahat olduğumuz zamanlarda, ümumiyyətlə yaşamaqdan, həyatdan zövq aldığımız zamanlarda beynimiz alfa dalğasındadır. Bu dalğanın ən böyük xüsusiyyəti immun sistemin və bədənin öz-özünü bərpa etməsidir. Aşiq olduğumuz zaman beyin alfa dalğasında olduğu üçün, insan özünü xoşbəxt hiss edir. Bu zaman əsəb, stress, qorxu, əziyyət və bu kimi neqativ hisslər hiss edilmir. Alfa dalğasının aşağı olması – unutqanlıq, OKP, şiddətli stress yaradır.
- Beta dalğası-beynin oyanış ritmidir. Beyin bu dalğanı ötürərkən, insan gündəlik problemləri həll edir, xaricdən gələn reaksiyaları analiz edir, düşünür, danışır, qərar qəbul edir. Hər hansı təhlükəyə qarşı həmin an reaksiya verir və bədəni qoruyur. Beta dalğaları aktiv olduqda qamma dalğaları zəifləyir. Beynin uzun müddət aktiv olması – yəni beta dalğasında qalması – stress, yorğunluq, hətta depressiyaya səbəb ola bilər. Təhlükə anı keçdikdə beyin alfa dalğalarına keçir. Beta dalğası aşağı olan zaman – ADHD, hiperaktivlik pozuntusu, diqqət əksikliyi problemi, yaddaş zəifliyi, idraketmə zəifləyir.
- Qamma dalğası – ən yüksək tezliyə malikdir. Hiss üzvlərimizlə aldığımız informasiyalar, beyin dalğalarını müəyyənləşdirməyə kömək edir. Öyrənmə metodumuz, yeni biliklər əldə etmək, onları istifadə etmək qabiliyyətimizlə əlaqədardır. Bu halda beyin yüksək tezliyə malik olan qamma dalğalarına ötürür. Yuxunun “ram“ adı ilə tanınan hissəsində də bu dalğalar aktivdir. Yuxugörmə bu zaman meydana çıxır.
Neurofeedback terapiyası ilə bu dalğaları normaya gətiririk. Ümumiyyətlə “Neurofeedback” i – beyni tərbiyə edən kimi adlandırardım. Çünki, biz beyin dalğalarına komanda verərək, onları tərbiyə edirik. Neurofeedback seansı zamanı aparat başa taxılır. Nöqtələr ölçülür və pasient tam rahat şəkildə terapiyaya başlanılır. Diaqnoza əsasən görüntü qoyulur. Əgər alfa dalğalarıyla bağlı problem varsa, biz pasientə relaks video görüntülər qoyuruq. Həzin musiqi sədaları altında pasientə müəyyən komandalar verərək, onu rahatlamağa çalışırıq. Pasient tam rahat şəkildə əyləşərək, gözləri bağlı şəkildə, dərindən nəfəs alaraq, özünü rahatlayır və musiqidən həzz almağa başlayır. Seansımız 40-50 dəqiqə ərzində həyata keçirilir. Bu dəqiqələr ərzində ilk 15-20 dəqiqə pasientin dalğaları narahat və gərgin olur. Amma hər 5 dəqiqədən sonra dalğalar sakitləşməyə başlayır. Seansın sonuna kimi tam rahat vəziyyətə gəlir.
Təbii ki, sağalma dövrü pasientim orqanizmindən və diaqnozundan asılıdır. Problem beta dalğasındadırsa, o zaman biz pasienti rahat şəkildə əyləşdiririk. Aparat taxılır və müəyyən bir oyun videosu görüntüsü qoyuruq. Pasient oyundakı mərhələləri keçdikcə, ballar yığılır. Həmin ballar yığıldıqca, pasientdə motivasiya yaranır. Diqqəti artdıqca, ballar da artır və ekran genişlənir. Hər videoya 10 dəqiqə vaxt qoyulur. 10 dəqiqə bitdikdən sonra yeni video qoyulur. Seansımız ümumi olaraq 40-50 dəqiqə çəkir. Bu dəqiqələr ərzində pasient verilən tapşırıqları həll edir. Sonra mükafat olaraq ballar və yığılan faizlər hesablanır.
Neurofeedback-in faydası ondan ibarətdir ki, beyin dalğalarında yaranan disbalansı tarazlaşdırır. Beyin tam rahat vəziyyətə gətirilir. Pasient sağalaraq, öz sağlam həyat tərzinə davam edir.
Narınc Psixologiya mərkəzinin Neurofeedback və TDCS üzrə mütəxəssisi
Leyla Məmmədova