Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Çəkingən uşaqlar

“Çəkingən uşaqlar”

Uşaqların bağçada, məktəbdə heç kimlə danışmaması, həmyaşıdları  ilə ünsiyyətə girməməsi son dövrlər valideynləri narahat edən əsəs mövzulardan biridir. Onlar şikayətlənirlər ki, övladımın evdə problemi olmur, hətta bizlərlə danışır, gülür, ancaq başqalarıyla, ətrafındakı yaşıdları ilə çox məsafəlidir, müəllimlər bildirir ki, çox özünə qapanıqdır. Necə edə bilərik ki, kənarda da evdəki kimi aktiv və ünsiyyətcil olsun?

Ümumiyyətlə məsələni psixoloji tərəfdən ələ alsaq bildirməliyik ki, özgüvəni aşağı olan, psixoloji şiddət görən, özgüvən əskikliyi yaşayan uşaqlarda çəkingənlik problemi mütəmadi olaraq müşahidə olunur. Çəkingənlik ailə modeli olaraq da formalaşa bilir, yəni ailədən də gələn bir hal kimi götürülə bilir. Məsələn, çəkingən uşaqlara nəzər salsaq onların valideynlərinin, ata və ya anadan hər hansı birində biz çəkingənlik əlamətləri görə bilərik. Bu problemin digər bir yaranma səbəblərindən biri uşağın qapalı ailədə, mühitdə böyüdülməsi və tərbiyələndirilməsidir. Belə mühitdə böyüyən uşaqlarda özgüvən əskikliyi də sıx müşahidə edilir və anti-sosial  fərd kimi yetişdirilirlər. Bütün bunların nəticəsi olaraq onlar zaman keçdikcə cəmiyyətdə özlərinə yer tapa bilmir, istər bağça, istərsə də məktəb mühitində özünə qapanan, anti-sosial bir şəxsə çevrilirlər.

Uşaqlar sosial varlıqdır, ən azından valideynlər kiçik yaşlarından etibarən onları oyun parklarına aparmalı, yaşıdları ilə birlikdə müxtəlif oyunlar oynamaqlarına icazə verməlidirlər. Hətta, yaxşı olar ki,valideyn özü də onlarla birlikdə müəyyən qədər oynasın. Uşaqlar gündə 1-2 saat öz həmyaşıdları ilə birlikdə münasibət qurmalı və ünsiyyətə girməlidirlər. 3 yaşdan sonra isə bu onlar üçün xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Belə olduqda onlarda çəkingənlik də olmayacaqdır.

Çəkingənliyi yaradan digər səbəblərdən biri də, evdə çox əzizlənmək və ya əksinə davamlı stress yaşamaq, istər psioloji, istərsə də fiziki şiddət görməkdir. Belə uşaqlar, yəni evdə davamlı əzizlənənlər, sevgi görənlər evdən kənarda, cəmiyyətdə bu sevgi və qayğını görməyəndə onlarda insanlara qarşı çəkingənlik, utancaqlıq hissləri yaranmağa başlayır. Əksinə qeyd etdiyimiz kimi, evdə şiddət görən, stress yaşayan uşaqlar ətrafandan , məsələn məktəbdən və ya bağçadan sevgi və qayğı gördükdə buna qarşı necə reaksiya verəcəklərini bilmirlər və çəkingənlik , özünə qapanıqlıq nümayiş etdirirlər. Hədsiz qoruyucu ailələrdə böyüyən uşaqlarda da çəkingənlik əlamətlərə rast gəlinir. Bu uşaqlar da hər kəsdən təhlükə gözləyir və onlarda zamanla hər kəsə qarşı güvənsizlik duyğusu formalaşmağa başlayır.

Belə uşaqları müxtəlif idman oyunlarına, dərnəklərə  yönləndirmək, davamlı cəmiyyətə inteqrasiya etdirmək onlar üçün faydalı olacaqdır. Bunlarla bərabər, həm də, peşəkar bir psixoloq dəstəyi də vacib nüansdır. Çünki özgüvən əskikliyi, özünə qapanma vaxtında korreksiya edilməzsə gələcəkdə ciddi problemlərə çevrilə bilər. Bu səbəbdən də valideynlər diqqətli olmalı və övladlarında belə hallar müşahidə etdikdə onu gözardı etməməli və zamanla düzəlmirsə mütləq bir psixoloq dəstəyi almalıdırlar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!