Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“İmtahan həyəcanı yaşayan uşaqlar”

Günümüzdə geniş yayılan mövzulardan biri də abitruyentlərin, tələbələrin ümumən imtahan verən şəxslərin imtahan prosesində həyəcan yaşaması və imtahana psixoloji hazırlığı məsələsidir. Bu problem və onun psixoloji tərəfləri ilə bağlı  Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova sia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 “ Qeyd etmək istərdim ki, uşaqların imtahan həyəcanı yaşaması, imtahandan öncə və imtahan prosesində gərginlik, narahatlıq keçirmələri mütəmadi olaraq psixoloqlara sual ünvanlanan və hər zaman aktual olan mövzular sırasındadır. Valideynlər, eyni zamanda müəllimlələr də bu məsələdə həssas olur və narahatlıqlarını ifadə edirlər. Məsələn bildirirlər ki, “ uşaq normal zamanda rahat bir şəkildə yaza biləcəyi sualı, imtahan zamanı yalnış cavablayıb” və ya “ övladımda həyəcan var, imtahan zamanı bu özünü açıq şəkildə göstərir və nəticələrinə də təsir edir. Belə ki, yüksək nəticə əldə edəcək potensiala sahibdir, lakin bir çox hallarda nəticəsi aşağı olur” Bu problemlərdən düzgün çıxış yolu nədir? Necə edək ki, onun psixologiyasına mənfi təsir etmədən bu problemləri düzəltməkdə ona kömək edək?

İlk öncə vurğulamaq istərdim ki, imtahan hər zaman bizim beynimizdə, hafizəmizdə həyatımızı dəyişmək gücünə malik olan, həyatın bütün dönəmlərində bir mərhələdən digər mərhələyə keçid üçün vasitə, bir faktor kimi qalıb.  Biz tez-tez müşahidə edirik ki, imtahan verənlərin, xüsusilə abitruyentlərin real biliyi, potensialı ilə  ortaya qoyduğu nəticə eyni olmaya bilir. Bu fərqi də analiz etdikdə, burada psixoloji faktorların nə qədər önəmli yerə sahib olduğunun şahidi oluruq. Burada ən böyük təsirlərdən biri, sözsüz ki, imtahan stessi və həyəcandır. Həyəcan da sinir sisteminə təsir edir ki, bu getdikcə dərinləşə və baş ağrısı, ürək bulanması, qarın ağrısı, əl-ayaqların tərləməsi, bədən temperatorunun yüksəlməsi, ürək döyüntülərinin artması, hətta bəzən boğulma halları və s. fonunda özünü biruzə verə bilər. Beləliklə, insanda simpatik sinir sistemi oyanmağa, həmçinin bunlarla yanaşı diqqət yayınmaları, diqqətini toplaya bilməmək kimi problemlər də yaranmağa başlayır. Bu proseslər də öz növbəsində həyacan-təşvişin ən pik həddi hesab olunur. Bu kimi halları aradan qaldırmaq üçün nəyə diqqət edilməlidir? Qeyd etmək istəyirəm ki, həyəcan-təşvişi yaşayan iki tip uşaqlar vardır:

  1. İmtahana qədər həyəcan keçirən uşaqlar
  2. İmtahan prosesində həyəcan keçirən uşaqlar

 Birinci tip uşaqlar imtahana qədər həyəcan keçirsə də, imtahan prosesində bu həyəcan azalmağa başlayır və onlar istədikləri nəticəni əldə edə bilirlər. İkinci tip uşaqlarda isə, nəyinki imtahana hazırlıq dönəmində, həm də, imtahan prosesində və imtahan birib nəticələr elan olunana qədər bu hal yaşanırsa bu təbii hal hesab edilmir. Əslində bunu bildirmək də, yerinə düşər ki, imtahana hazırlaşarkən və ya imtahandan əvvəl həyəcanlı olmaq müəyyən dərəcədə normal qəbul edilir. Ancaq bu hal, əvvəldə vurğuladığım simptomlarla müşayiət olunursa, mənfi nəticələr verirsə belə hal psixoloji nöqteyi-nəzərdən qiymətləndirilməli və mütləq bir psixoloq dəstəyi alınmalıdır. Peşəkar psixoloqun dəstəyi ilə, belə problemlər korreksiya edilə və zamanla aradan qaldırıla bilər. Bunun üçün, psixoloq ilk öncə pasientlə doğru nəfəs gimnastikaları üzərində işləməli və həmin situasiyada hansı nəfəs texnikasını etməsi lazım olduğunu ona öyrətməlidir. Belə ki, bu nəfəs gimnastikaları həmin an həyəcanı, qan dövranını nəzarətdə saxlayaraq beyinin oksigen ilə zənginləşməsinə, imtahan verənin və ya abitruyentin sakitləşməsinə, rahat şəkildə konsentrasiya ola bilməsinə kömək edir. Əlavə olaraq onu da  deyə bilərəm ki, nəfəs texnikaları, gimnastikaları standart və qəlibləşmiş formada deyil, müxtəlif olur. Belə ki, bu insanlara, onların yaşadığı stress və həyəcanın ağırlıq dərəcəsinə görə fərqlənir

 Xüsusən də tələbkar, mükəmməliyyətçi ailələrdə yetişən uşaqlarda həyəcan-təşviş, imtahan narahatlığı və s. kimi problemlərə daha çox təsadüf olunur. Belə ki, bəzən valideynlər fərqində belə olmadan övladlarına psixoloji təzyiq göstərirlər. Bu da belə desək təsirin ən təhlükəli növlərindən biridir və nəticədə bu kimi problemlərin yaranmasına gətirib çıxarır.  Digər bir səbəb də valideynlərin uşağın potensialını nəzərə almaması və davamlı yüksək nəticə istəməsi fikrini onlara təlqin etməsidir. Valideynlər çox zaman bu fikirlərlə övladına motivasiya verdiyini düşünür, ancaq əksinə uşaq sanki çiyinlərində ağır bir yük hiss edir və özünə “görəsən bacara bilərəmmi? valideynlərimin istəklərini doğrulda biləcəyəmmi?” kimi suallar verməyə başlayır.  Belə olduqda uşaq daha da həyəcanlanır, özünə güvəni azalır, bu stresslə baş edə bilmir və gözlənilən nəticədən də aşağı nəticə əldə edir ki, bu da valideyn-övlad-müəllim arasında konfliktlərin yaranmasına səbəb olur. Ona görə də, bu yanaşma üsulu düzgün deyil.

Hər zaman çox çalışan, oxuyan, kiçik detallara belə nəzər yetirən uşaqlarda həyəcan-təşviş pozuntusu daha çox müşahidə edilir. Belə uşaqlar həmişə belə desək, hər şeyin ən yaxşısına nail olmaq istəyir və mükəmmliyyətçi olurlar. Ona görə də, işlər tərs getdikdə, istədikləri nəticəni əldə edə bilmədikdə panikaya düşür və stress yaşayırlar. Belə uşaqlar adətən, imtahan zamanı asan suallardan yox, daha çətin suallardan başlayırlar. Bu da nəticədə onların o suallarda ilişib qalmasına, vaxt itkisinə gətirib çıxarır ki, asan sualları yazmağa vaxtları qalmır. Bunların da nəticəsində, istədikləri nəticəni əldə edə bilməyib motivasiyadan düşürlər.  Ona görə də uşaqların imhana başlayarkən ilk əvvəl sevdiyi fənnin suallarından başlaması daha doğru addımdır. Bu zaman onlar sualları tapdıqca, həm imtahan həyəcanı azalacaq, həm də, özgüvənləri yüksələcək. Əksinə çətin, və ya zəif olduğu fəndən başlasa sualları tapa bilmədikcə, suallarda ilişib qaldıqca və vaxt getdikcə həyəcanı, stessi daha da artmağa və ruh düşkünlüyü yaşamağa başlayacaqdır. Qorxduğu, çətinlik çəkdiyi fənni sona saxlaması daha uyğun və tövsiyə olunanadır.

Diqqət yayınıqlığı və təşvişi olan uşaqların imtahanda qarışdırdığı hissələrdən biri də, suallarda “doğru deyi” “yanlış deyil” və ya “yalnışdır” tipli suallardır. Bu tip sualları qarışdırmamaq üçün ən sadə yollarından biri həmin hissənin qələmlə ya altından qalın bir xətt çəkmək, ya da dairəyə almaqdır. Belə olduqda bu hissə onların diqqətlərindən qaçmayacaq və fokuslana biləcəklər. Cavab variantlarını oxuduqda isə səhvliyinə əmin olduqlarının üzərindən xətt çəkə bilərlər. Bu hissələrin  onlarda vərdiş kimi formalaşması uşaqlara müsbət təsir edəcəkdir.

İmtahan prosesində uşaqların saatdan istifadə etməsi də vacib nanslardan birini təşkil edir. Bilirik ki, imtahan zamanı vaxtını düzgün bölə bilməyən və bu səbəbdən də sualların hamısına nəzər yetirə bilməyən uşaqlar da var. Saatdan istifadə etmək onlarda vaxt bölgüsünü düzgün qurmağa kömək edəcəkdir. Vaxt bölgüsünü əvvəlcədən müəllim ilə də məsləhətləşə və bu şəkildə hərəkət edə bilərlər. Hətta yaxşı olar ki, belə uşaqlar imtahandan bir neçə gün əvvəl müəllimlə və ya evdə valideynlərin nəzarəti altında bu prosesi təcrübədən keçirsinlər. İmtahan prosesindən 1-2 gün əvvələ qədər uşaqların sevdiyi musiqini dinləməsi, ailəsi ilə daha sıx vaxt keçirməsi, ailəlikcə onun sevdiyi məkana getmələri və s. faktorlar da onun motivasiyasına, özgüvəninə müsbət təsir edəcək nüanslardır.

Son olaraq bunu qeyd etmək istərdim ki, imtahan sonrası yüksək nəticə əldə edə bilməyən, valideynlərinin gözləntilərini qarşılaya bilməyən uşaqlarda depressiv vəziyyətlər yarana bilir. Bütün bunların üzərinə valideyn təzyiqi, “başqaları nə deyər?” fikri də əlavə olunduqda heç kimə sirr deyil ki, çox təəssüflər olsun ki, xoşagəlməz hallar baş verir və intihar xəbərləri eşidirik. Belə hallar son dövrlər cəmiyyətdə, xüsuilə abituriyentlərdə təsadüf olunur. Bu da öz növbəsində çox acınacaqlı haldır, hətta bir ailənin faciəsidir.  Bu zaman valideynlər uşağın psixoloji vəziyyətini nəzərə alıb, aqressiyalarını bir kənara qoyub səbirlə davranmalı və bu çətin dönəmdə övladına dəstək olmalı, onun həyatı, gələcəyi ilə bağlı gözəl şeylərdən bəhs etməlidirlər. Ona tələbə olacağı, yüksək mövqeyə sahib olacağı üçün yox hər şeydən əvvəl övladı olduğu üçün dəyər verməli və dəstək olmalıdır. Doğrudur, burada valideynlərin niyyəti safdır, ancaq yanaşma üsulları düzgün deyil. Belə olduqda, yəni valideyn dəstəyi gördükdə uşağın yavaş-yavaş özgüvəni artmağa, özünü günahkar hiss etməməyə başlayacaqlar. Valideyn övladını nə qədər özgüvənli böyüdəcəksə, yanında olub dəstək olacaqsa uşaq da ruh yüksəkliyi yaşayacaq bu da təbii ki, bilavasitə onun nəticələrinə yaxşı mənada təsir edəcək. Bu olmadığı təqdirdə problemlər yaranmağa və getdikcə artmağa başlayacaqdır. Son olaraq vurğulamaq istərdim ki, təbii ki, imtahan və bu prosesdə əldə edilən uğurlar əhəmiyyətlidir, ancaq bütün bunlar övladlarınızın həyatından və sağlamlığından vacib deyil. İmtahan vermək fürsəti həyatda olduğumuz müddət əlimizə bir neçə dəfə düşə bilər, ancaq bu hətatda yaşamaq və ömür sürmək hər kəsə bir dəfə nəsib olur.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!