“Ailə psixologiyasının uşaq sağlamlığına təsiri”

“Ailə psixologiyasının uşaq sağlamlığına təsiri”

Ailə qurmaq, sağlam uşaq dünyaya gətirmək, uşaqları doğru tərbiyələndirmək, istər psixoloji, istərsə də fiziki cəhətdən sağlam uşaq böyütmək hər bir valideynin arzusudur. Bu səbəbdən insanlar sağlamlıqla bağlı problemlərinə son dövrlər daha çox diqqət yetirirlər. Həmçinin daim uşaqların sağlamlığı ilə bağlı məsələlər valideynləri narahat edir, bunun üçün həkimlərə və psixoloqlara mütəmadi olaraq suallar ünvanlayırlar. Uşaqların sağlamlığı eyni zamanda məsələnin psixoloji tərəfləri və ailə faktorunun, ailə psixologiyasının bu kimi problemlərdə rolu haqqında Narınc Uşaq Psixologiya Mərkəzinin Psixoloqu Peykər Çingizxan narınc.az saytına, “Ailə psixologiyasının uşaq sağlamlığına təsiri” mövzusunda müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 “Bütün dünyada xəstələnərək həkimə müraciət edən pasientlərin demək olar ki, yarısı uşaqlardır. Heç kəsə sirr deyil ki, xəstəlik tarazılığın pozulması haqqında siqnaldır. Sinirlər  orqanizmin müəyyən yerində nəyinsə qaydasında olmaması barədə insana daima məlumatlar verir. Bədənin hansısa bir nahiyəsində yaranan ağrılar insanı nəyin baş verdiyini araşdırmağa, tədbir görməyə və bədəninə qarşı diqqətli olmağa sövq edir.  Bununla belə, söhbət yetkinlik yaşına çatmamış uşaqlardan gedirsə, deməli məsələnin təhlili ilk növbədə valideyinlərin öhdəsinə düşür.

Bəs necə olur ki, valideyinlər övladlarının fizioloji, təhlükəsizlik, sevgi kimi tələbatlarını ödədiklərini düşündükləri halda uşaqlar tez-tez xəstələnir?  Əlbəttə ki, məsələnin genetik, çevrə ilə, yaşam tərzi və s. faktorlarla bağlı bir çox səbəbəri olsa da, bir çox hallarda gözardı edilən psixoloji səbəbləri ilk yerdədir.

Elmə çoxdan məlumdur ki, valideyinlər və uşaqlar informasiya- energetik və sahə səviyyələrində vahid bir tamdırlar. Məhz buna görədir ki, evdə valideyinlər arası münasibət uşağın sağlamlığına təsirsiz ötüşmür. Belə ki, evdə səs- küy olduqda, valideyinlər mübahisə etdikdə, uşaq adətən buna qulaqların iltihab yaxud bronxial xəstəliklərlə cavab verir. Bu valideyinlərinin mübahisəsini eşitmək istəməməyin nəticəsidir ki, təhtəlşüurda qəzəb və qıcıq yığılır və bu da iltihaba gətirib çıxarır.

Bundan başqa uşaqlarda rast gəlinən adenoidlərin əsas səbəblərindən biri də ailədə daimi çəkişmələrin, narazılıqların olmasıdır. Bununla uşaq ailədə sevgi defisiti yaşadığını dili ilə deyil, bədəni vasitəsi ilə bəyan edir.

Uşaqlarda artıq çəki, piylənmə kimi xəstəliklər də eyni zamanda özlərini müdafiəsiz hiss etdikləri üçün və özlərindən narazı olduqları halda yaranır. Daha sıx meydana çıxan çılğınlıq və hiperaktivliyin də əsas səbəblərindən biri- valideyinlərin öz uşaqlarına olan məhəbbət ifadəsinin çatışmazlığıdır.

Bəzən valideyinlər düşünürlər ki, onlar öz aralarındakı neqativ münasibəti övladlarına hiss etdirmirlər. Belə ki, onun yanında mübahisə etmir, narazılıqlarını dilə gətirmirlər. Belə olan halda da uşaq evdəki neqativ abu-havadan xəbərsizdir, lakin belə deyil. Vacib deyil ki, uşaq konfiliktləri eşitsin və ya şahidi olsun. Onun təhtəlşüurunda valideyinləri haqqında , onların hissləri haqqında bütöv və dəqiq məlumat cəmləşir. Ona görə də onlar hər şeyi bilir və buna görə də xəstələnir və ya özlərini qəribə aparırlar.

 Əlavə olaraq onu da vurğulaya bilərəm ki,  çox vaxt təhtəlşüurda neqativ proqram uşağın beyninə hamiləlik vaxtı yazılır. Ananın qorxuları, həyəcanı, konfliktləri, təlaşı uşağa ötürülür. Belə ki, uşaq artıq dünyaya gələndə immun sistemi zəif inkişaf etmiş olur.

Uşaq xəstələnən zaman möcüzəvi həblər axtarmaqla kifayətlənməyib ailədaxili münasibətləri nizama salmağın vaxtı gəldiyini anlamaq lazımdır.Valideyinlərin hiss etdiyi kiçik bir disharmoniya uşağın sağlamlığına neqativ təsir etdiyi halda, ailədəki harmoniya uşağın immun sistemini güclü və mübarizədən qalib ayrılmağa təhrik edir.

Əlbəttə ki, yuxarıda qeyd olunanlar uşaq xəstəliklərinin çox cüzi bir hissəsidir. Əsas odur ki, burdakı həqiqəti və məsələnin psixoloji tərəflərini dərk edək!”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!