Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Uşaqları özlərindən, yoxsa təhlükəli cizgi filmlərindən qoruyaq?”

Sosial şəbəkələrdə paylaşılan məlumata görə İstanbulda yaşayan 5 yaşlı uşaq “Hörümçək adam”ı təqlid edərək 5-ci mərtəbədən atılıb. Hadisədən sonra ətrafdakı insanların köməyi ilə dərhal xəstəxanaya aparılan uşağın sağ qalması, səhhətində ciddi bir problemin olmaması məlum olub. Onun yaxınları və ailəsi bunu möcüzə kimi qiymətləndirib.

Uşaqların cizgi filmlərə çox baxması və özlərini animasiya, cizgi film qəhrəmanlarına bənzətməsinin, onlar kimi davranmasının onların psixologiyasına təsiri haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

“ Ümumiyyətlə, uşaqlarda 7 yaşa qədərki dönəm təqlid dönəmi hesab edilir.Belə ki, bu dövrdə uşaqlar ətrafındakı, demək olar ki, hər şeyi reallıq kimi qəbul edir və davranışlarında əks etdirməyə meyilli olurlar. Uşaqlarda şəxsiyyətin, “mən”in formalaşması 3 yaşından etibarən formalaşmağa başlayır. Ona görə də, 7 yaşa qədər uşaqların baxdığı cizgi filmlər, münasibətdə olduğu insanlar, getdiyi bağça və s. onun şəxsiyyət kimi formalaşmasında təsir göstərir. Bu dönəmdə, xüsusilə hiperaktivliyi olan uşaqlar daha çox aktiv və dinamik olurlar. Belə uşaqlar adətən, döyüş, aqressiya, təhlükəli obrazların yer aldığı tipli cizgi filmlərinə böyük maraq göstərirlər. İzlədikləri cizgi film qəhrəmanlarını da real qəbul edirlər və hər kəsin, hətta özlərinin də belə ola biləcəyini düşünürlər. Məsələn, hörümçək adamın divrada gəzməyi, binaların üstündə hərəkət etməsi, “Tom və Jerry”də əsas obrazlardan istər Tom, istərsə də Cerrinin dəfələrlə yüksəklikdən yıxılması, hissələrə bölünməsi və s. sadalamaq olar. Cizgi film qəhrəmanının təhlükəli hərəkətlər etsə də sağ qalması, heç nə olmamış kimi yenidən ayağa qalxması uşaqlara əyləncə kimi görünür. Qeyd etdiyim kimi, uşaq bu zaman reallıq və qeyri-reallığı ayırd edə bilmir və bütün bunlar ona real görünür. Aparılan araşdırmalar sübut edir ki, bədbəxt hadisələrdə dünyasını dəyişən uşaqların çox hissəsi məhz 7 yaşına qədər olan uşaqlardır.

Bu hadisədə də özünü “hörümçək adama” bənzədib binadan atan uşaq çox ehtimal ki, hadisədən əvvəl də evdə təhlükəli davranışlar edib. Ancaq, yəqin ki, valideynləri bunu oyun kimi qəbul ediblər. Lakin, valideynlər övladlarında çox zaman bu tipli təhlükəli hərəkətlər müşahidə edərsə müdaxilə etməli və uşağın anlayacağı şəkildə bunun təhlükəli olduğunu ona izah etməlidirlər. Lazım gələrsə, həmin cizgi filmlərinə baxmağı limitləməli və saatlarla yox, uşağın baxması üçün müəyyən zaman verməlidirlər. Həmin 5 yaşlı balamızın ailəsinə də səbr arzu edirəm. Belə hiperaktiv uşaqlara valideynlər müdaxilə etməkdə çətinlik çəkirsə, mütləq zamanında psixolqdan dəstək almalıdırlar. Psixoloq dəstəyi və aparılan terapiyalar nəticəsində bu halı korreksiya etmək olar. Əks halda isə, yəni zamanında psixoloji dəsək verilmədikdə belə uşaqlarda yeniyetməlik dönəmində ciddi problemlər yarana bilər. “

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!