Bağça müalicə mərkəzi deyil

“Bağça müalicə mərkəzi deyil”

“Bağçanın uşaqların istər sosial, istər zehni, istərsə də nitq inkişafında əvəzsiz rolu olduğu məlumdur. Uşaqlarda bağça yaşının 3-6 yaş olması məqsədəuyğundur. Xüsusilə uşaqların 3 yaşında aparıcı fəaliyyətini rollu oyunlar təşkil edir. Belə dönəmdə onlarda öz yaşıdları ilə oynama tələbatı yüksək olur. Bu zamanda onların bağçaya getməsi onların həm sosiallaşmasına, paralel olaraq da oyun bacarıqlarının formalaşmasına müsbət təsir edir. Çünki normalda uşaqların 1 yaş 6 ayına qədər aparıcı fəaliyyəti emosional ünsiyyət olduğuna görə 1 yaş yarım, 2 yaşına qədər daha çox böyüklərlə, xüsüsilə də anası ilə qurduğu bağ uşaqda özgüvən formalaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, yaş yarım dönəmindən sonra isə uşaqlar oyunları daha çox tək oynamağa meyillidir: “Təsadüfi deyil ki, bağçada həmin yaş dönəmindəki qruplarda olan uşaqlara nəzər salsaq daha çox tək oynamağa üstünlük verdiklərini görə bilərik.

Analar daha erkən işə çıxmaq məcburiyyətində qaldıqda bəzən uşaqları daha erkən yaşda bağçaya qoya bilirlər. Ancaq bunu tövsiyyə etməzdim, çünki uşaqlarda bağça tələbatı, yaşıdları ilə zaman keçirmək, oyun oynamaq 3 yaşdan başlayır.

Həmçinin qeyd etmək lazımdır ki, bağça müalicə mərkəzi deyil. Çünki, təəssüf ki, bəzən valideynlərin əqli geri qalan, autizm əlamətləri olan və s. uşaqları bağçaya gətirdiklərinin şahidi ola bilirik. Belə valideynlər həmin uşaqların baxçaya gəlməsi ilə düzələcəklərini fikirləşirlər. Ancaq, bu doğru yanaşma deyil. Artıq müasir dövrdür və xüsusi reabilitasiya mərkəzləri var. Belə uşaqlarla loqopedik, psixoloji, refleksoloji, bir sözlə kompleks terapiyalar aparmaqla müəyyən zaman sonra nəticə əldə etmək olar. Kompleks terapiya və dəstəkdən gördükdən sonra artıq belə uşaqlar da bağçaya gedə bilər.

Uşağın 3 yaşdan sonra bağçaya getməsi daha uyğundur. Bu dönəm uşaqlarda doğru tamamlandıqda daha sonrakı etablar və bağça dövrü də normal şəkildə keçir. Belə ki, uşaqlar sosial, fikirlərini ifadə etməyi bilən, səbirli və təlimə daha yatqın olurlar, onlarda özünə baxım bacarıqları formalaşmış olur. Sosiallaşmayan, bağçaya getməyən uşaqlar sonrakı dönəmdə məktəb qorxusu, adaptasiya problemi yaşayır. Belə uşaqlar məktəbi cəza, qorxulu yer kimi görməyə başlayır, aqressivləşir, ağlayırlar. Məktəbi, dərsi onları oyundan ayıran məkan kimi görməyə başlayırlar və sevməməyə başlayırlar. Bağça uşağın inkişafı üçün “ən münbit torpaq” rolunu oynayır. Ona görə də valideynlər övladlarının bağça həyatına ciddi yanaşmalı və önəm verməlidir. “

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!