15 Sentyabr- “Bilik günü” başqa sözlə ifadə etsək, məktəbə qayıdışı simvolizə edir.
İlk öncə bildirmək lazımdır ki, tətil və istirahət günlərindən sonra uşaqlar məktəbə qayıtdıqda daha gümrah və enerjili olmaları üçün tətil günlərində yaxşıca istirahət etməlidirlər. Amma bununla yanaşı öyrənməkdən də geri qalmamalıdırlar. Belə vaxta valideynlərin onlar üçün əyləncəli, həm də, öyrədici olacaq oyunlara, təlimlərə yönəltmələri tövsiyə edilir. Uşaqlar bir müddətlik tətillərdən sonra yenidən bağçaya, məktəbə qayıtdıqda onlarda adaptasiya prosesi müəyyən mənada çətin olur. Xüsusən də bu hal uzun yay tətillərindən sonra daha çox baş verir. Çünki rahatlığa, evdə istirahət etməyə öyrəşdikdən sonra yenidən məktəbə və ya bağçaya qayıtmaqda, adaptasiya olmaqda çətinlik çəkirlər. Bu hallar həftəsonlarından sonra yeni bir həftəyə başladıqda da ola bilir. Bundan əlavə bəzi azyaşlı uşaqlarda adaptasiya çətinliyi ilə yanaşı, bağça qorxusu və bərabərində məktəb qorxusuna da təsadüf edilir. Belə uşaqların istər məktəbdə, istərsə də bağçada valideynləri və ya nənə-babaları ağlamamaları üçün müəyyən müddət yanlarında oturduğunun da şahidi oluruq. Hətta bu fobiyaların ağır forması da görə bilirik, məsələn: uşaq artıq 2-ci və ya 3-cü sinifdə oxuyur hələ də dərsə valideyni onun yanında oturur. Valideynlər bu hallarda bildirir ki, “Nə edə bilərik? Bu problemi necə həll edək?”
Adətən gec dünyaya gələn, hansısa xroniki xəstəliyi olan,özgüvəni aşağı olan və evin tək uşaqlarında bu fobiyalar daha çox izlənilir. Belə hallarda, yəni məktəb, bağça fobiya olan uşaqlarda məsələni koressiya etmək üçün birmənalı olaraq 3-cü şəxsin, yəni psixoloqun müdaxiləsi lazımdır. Zamanında korreksiya edilmədikdə uşaqlarda yuxu pozulmaları, temperaturun qalxaması, qusma, baş ağrası və s. kimi psixosomatik əlamətlər də baş verə bilər. Psixoloq terapiyalar sırasında uşaqla özgüvən çalışmaları etməyə və özgüvənini müəyyən səviyyəyə qaldırmağa başlayır. Qeyd etdiyimiz kimi, özgüvəni aşağı olan uşaqlarda bu tip fobiyaların ağır formasına təsadüf edilir. İrəliləyən zamanlarda isə müxtəlif tapşırıqlar və üsullarla bu problem korreksiya edilə bilir.
Həmçinin ayrıca vurğulamaq lazımdır ki, valideynlərdən suallar gələn mövzular içərisində uşaqların nə zaman məktəbə getməsi, məktəb yaşının neçə yaş olması və bunun hansı faktorlara əsasən təyin edilməsi kimi fikirlər hər zaman tez-tez ifadə edilir. “Bəs uşaqların məktəb yaşı neçədir və nə zaman onlar məktəbə getməlidir?”
Onu bildirmək lazımdır ki, uşaqların məktəb yaşı hər bir cəmiyyət, ölkə üçün eyni olmaya bilər və burada onların emosional, psixoloji vəziyyəti nəzərə alınmalıdır. Cəmiyyətimizdə istər nitq, istər emosional, istərsə də psixi inkişafı normal gedən uşaqlarda məktəb yaşı 6-7 yaş arası təyin olunub. Ancaq uşaq gec danışmağa başlayıbsa, yəni 4-5 yaş aralığını misal çəkə bilərik və ya nitqində hər hansısa qüsur varsa, eyni zamanda əqli, psixo-emosional inkişafı normal getmirsə belə uşaqların 6-7 yaşlarında məktəbə getmələri tövsiyə edilmir. Çünki bilirik ki, psixi və nitq inkişafı bir-biri ilə əlaqəlidir, yəni nitq inkişafı passiv olan, vaxtında danışa bilməyən uşaqlarda paralel olaraq diqqət yayınmaları, qavrama çətinliyi və s. kimi problemlər də meydana çıxa bilir. Bildirdiyimiz kimi, əgər uşağın nitq, əqli və s. inkişaf sferalarında problem yoxdursa, normal olaraq yaş yarımından sonra danışmağa başlayıbsa belə uşaqlar 6 yaşında ən gec isə 7 yaşından məktəbə başlamalıdırlar.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova