Ətrafımızda bəzi uşaqlar var ki, onlar stressə çox davamsızdırlar. Bəzən valideynlər suallar ünvanlayırlar ki, “Mənim övladım niyə belə oldu?” və ya “Övladıç evdə heç belə deyil, lakin kənarda çox utanır. Buna səbəb nədir?”
İlk öncə bildirmək lazımdır ki, adətən stressə davamsız uşaqlar daha çox evin ərköyün, daha çox əzizlənən və ya evin tək uşaqları olurlar. Belə uşaqlar çətinə düşmədiyindən, stresslə üzləşmədiyindən onlarda məsuliyyət hissi də gec formalaşır. Müəyyən yaşdan sonra belə bir situasiyaya düşdükdə onlar çıxış yolu tapa bilmir stressə düşür, həyəcanlanırlar.
Bəzən isə valideynlər davamlı övladlarını stressdən qorumağa çalışır, sanki onları “pambığa bükürlər”. Bu da düzgün yanaşma üsulu deyil. Belə uşaqlar ana-atasına çox bağlı olur və ailəsindən, evindən başqa yerə getmək istəmir. Çünki evdə konfort zonadadır və təhlükəsiz hiss edir. Əksinə evdən kənarda isə o konfortu görə bilmədikdə setressə düşür, özünü təhlükədə hiss edir. Belə ki, zamanla onlarda bağça, məktəb qorxusu, həmçinin adaptasiya problemi yaranır.
Ona görə də valideynlər uşaqları stressə məruz qoymaqdan qorxmamalı və kiçik dozalarda olsa da övladlarını stressə məruz qoymalıdırlar. Belə olduqda uşaqların stressə davamlılığı artacaqdır. Məsələn: övladlarınız dava edən zaman müdaxilə etməməli və aralarındakı poblemin həllini özlərinin öhdəsinə buraxmaq lazımdır. Bu onlarda stresslə baş etməyə, həm də, məsuliyyət hissini formalaşdırmağa yardımçı olacaqdır. Artıq 2 yaşından sonra uşaqlarda bu məsuliyyət hissini formalaşdırmaq lazımdır.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova