Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri

Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri

Hər bir yaş dönəminin olduğu kimi yeniyetməlik dövrünün də özünəməxsus xüsusiyyətləri var. Yeniyetməlik dövründə uşaqların maraq dairəsi, sosial çevrəsi dəyişir və bütün bunlar da, təbii ki, onların psixologiyalarına təsir göstərir. Bu mövzu ilə bağlı valideynlərdən “ Övladım yeniyetməlik dönəmindədir, ünsiyyətdən qaçır və tənhalığa qapılıb. Narahat oluram, bu məsələdə çıxış yolu necədir?” və ya “Övladım əvvəllər bizimlə vaxt keçirərdi, son vaxtlar hər kəsdən uzaqlaşır. Bunun səbəbi nədir və onda hansı psixoloji proseslər baş verir?” tipli suallar ünvanlayırlar.

İlk öncə bildirmək lazımdır ki, bunlar və bu qəlibdən olan xüsusiyyətlər uşaqlarda yeniyetməlik dönəminin başlanmasını göstərir. Ümumiyyətlə yeniyetməlik dönəmi əsas 3 xüsusiyyətlə özünü göstərir:

1) Tənhalıq hissi

2) Öz yaşıdları ilə münasibətdə olmaq arzusu

3) Sosial status qazanmaq arzusu

Onların dünyası çox dinamik olur, fərqli dünya görüşünə sahib olurlar. Bu dönəmdə böyüklərlə zaman keçirmək əvvəlki kimi onlar üçün maraqlı olmur. Əksinə onlar həmyaşıdlarına, çevrələrində özləri kimi insanlara daha çox maraq göstərirlər.  Həmçinin tənhalıq hisslərinə qapılırlar, ancaq bu tənhalıq çox zaman böyüklərlə münasibətlərdə üzə çıxır. Bəzi uşaqlar bu dönəmdə özünə çevrələr yaratmağa başlayır ki, bu xüsusən sosial şəbəkələrdə olur. Yəni, ətrafda münasibət qura biləcəyi dostları, yaşıdları olmadıqda və ya bu dönəmdə valideyn basqıları olduqda yeniyetmələr sosial şəbəkələrə yönəlir. Orda özünə virtual bir dünya, virtual dostlar yaratmağa başlayır. Bu vəziyyətdə artıq, valideynlər diqqətli olmalı və uşağa hiss etdirmədən onu nəzarətdə saxlamalıdırlar. Həmçinin bununla yanaşı valideyn uşağın real dostları və çevrəsi ilə də maraqlanmalıdır. Eyniylə ona hiss etdirmədən təzyiq yox, nəzarət etməlidir!

Digər bir məsələ bu dönəmdə sosial status qazanmaqdır. Belə ki, hər bir yeniyetmənin əsas məqsədi çevrəsində, təhsil aldığı məktəbdə və ya sinifdə sosial statusa sahib olmaq olur. Məsələn: kimisi uşaq sinifin ən yaxşı oxuyanı, kimisi ən gözəli, kimisi ən yaraşıqlısı, kimisi dəcəli, kimisi tənbəli və s. olur. Butün bunlar və yeniyetməlik dönəmində yaşanan proseslər təbii ki, uşağın təhsil həyatına təsir göstərir. Belə ki, yeniyetməlik dönəmində təhsildən yayınmalar,dərsə əvvəlki kimi maraq göstərməmək və s. tezptez müşahidə olunan hallardır.  

14-16 yaş yeniyetməlikdə “böhran dönəmi” hesab olunur. Başqa sözlə desək bu yaş dönəmi həm də, kritik yaş dövrü hesab olunur. Belə ki, cinayət hadisələri, özünəqəsd halları bu dönəmdə daha çox olur.

Bu dönəmlərdə valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbrlə yanaşmalıdır. Onların aqressiv hərəkətlərinə şiddətlə və aqressiya ilə cavab vermək doğru yanaşma üsulu deyil.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!