Uşaqlarda gec dil açma

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər. Uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda defektoloq-loqoped Nərmin Vəliqızıbir sıra sualları cavablandırıb: — Uşaqlarda nitq qüsurları hansı səbəblərdən yaranır? — Uşaqlarda müşahidə olunan gec dil açma və danışıq geriliyi bir sıra nevroloji problemlərin, o cümlədən, autizm xəstəliyinin əlaməti kimi ortaya çıxır. Baş beyinin inkişaf qüsurları zamanı nitq mərkəzinin də inkişafdan qalması halında gec dil açma və ya dildə danışıq qüsurları yaranır. Vaxtında üstünə düşülərsə, yəni iki yaşından defektoloq-loqopedə müayinə edilərək müalicəyə başlanarsa, o zaman uşaqda yaşanan bu problemləri vaxtında aradan qaldırmaq mümkündür. — Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər? — Analar çox diqqətli olmalı, övladlarının səhhəti ilə maraqlandıqları kimi onların danışıq qabiliyyətlərini də yaxından təqib edərək, bir şübhə yarandığı halda həkimə müraciət etməlidirlər. Çünki danışıq geriliyi olan iki yaşında bir uşağı müalicə etmək bu problemdən əziyyət çəkən altı yaşlı uşağı müalicə etməkdən daha rahat olur. Belə olduqda qısa zamanda uğurlu nəticə əldə etmək mümkündür. Bir yaşda uşağın lüğət ehtiyatında ən az 10 söz olmalıdır. Bu sözlərə ana, ata, gəl, get, apar, gətir və s. misal çəkmək olar. Valideynlər fikir verməlidirlər: əgər uşaq bir yaşını tamam edərək iki yaşına doğru irəlilədikcə söz ehtiyatı artmır və uşaq əlavə sözlərdən istifadə etmirsə, o zaman vaxt itirmədən loqoped həkimə müraciət etməlidirlər. Bu qüsurun aradan qaldırılması isə nitq geriliyinin ağır, orta və yaxud yüngül formada olmasından asılı olaraq həkim tərəfindən müalicə metodları təyin edilir. Əgər uşaqda yüngül nitq geriləməsi varsa, o zaman 2-3 ay içərisində intensiv məşğul olmaqla tam nəticə əldə etmək mümkündür. — Uşaqlarda dil-dodaq qüsurları səbəbindən nə kimi danışıq pozğunluqları yarana bilər? Bunları aradan qaldırmaq mümkündürmü? — Bir çox hallarda kəllə-beyin təzyiqi ilə doğulmuş uşaqlarda dil gərginliyi olur ki, bu zaman onlar danışmaqda çətinlik çəkirlər, sözləri düzgün tələffüz edə bilmirlər. Bu problemləri loqoped həkimlər müxtəlif alətlərin köməyilə dil kökünü və dilin özünü masaj edərək yumşaldır. Və ya bir sıra dil gimnastikaları da var ki, bu hərəkətlər də dilin əzələsində olan gərginliyi aradan qaldıraraq, onun elastikliyini bərpa edir. Bundan əlavə, uşaqlarda anadangəlmə dovşandodaqlıq müşahidə oluna bilər ki, bu zaman da danışıq problemi yaranır. Bu xəstəliyi yalnız cərrahi əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür. Əməliyyatla uşağın dodağı normal vəziyyətinə qaytarıldıqdan sonra artıq defektoloq-loqoped uşağı müalicə etməli, bir sıra masajların köməyilə nitqdə yaranmış qüsurları aradan qaldırmalıdır. — Baş beyində olan nitq mərkəzinin zədələnməsi uşağın nitq qabiliyyətinə təsir edə bilərmi? — Uşaqlarda nitq geriləmələri və ya nitq qüsurlarının əsas səbəbləri hamiləlik vaxtı ana bətnində olan dölün oksigen çatışmazlığına məruz qalması, doğuş zamanı yaşanan travmalar, periferik nitq aparatının zədələnməsi, baş beyinin inkişafına bağlı olaraq nitq mərkəzində geriləmə kimi hallar müşahidə edilir. Baş beynin zədələnməsi zamanı da nitq pozğunluğu, nitqin təmamilə itirilməsi kimi hallar yaşana bilər. Lakin hətta autizm xəstəliyindən əziyyət çəkən uşaqlarda belə defektoloq-loqoped həkimlərin köməyilə danışığı bərpa etmək və inkişaf etdirmək mümkündür. Mənbə;medicina.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!