Uşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir.

Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır.

Əslində uşaqların belə təqlidi davranışları onların “şəxsiyyətlərinin” üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir.

Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.

Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir.

Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim «ata», «müdir», «komandir» rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.

Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.

kayzen.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!