Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Övladınızın kəkələməyini istəmirsinizsə

Körpənin lap erkən yaşlarından nitqinin inkişafı yaşlıların nitqini fəal yamsılamasından meydana gəlir. Lakin bunu da nəzərə almaq lazımdır ki, yamsılama nitqin inkişafında ən böyük amil olmaqla bərabər, həm də ən böyük təhlükədir. Belə ki, körpənin nitqinin formalaşması və inkişafının ilk mərhələlərində onu əhatə edən yaşlıların düzgün olmayan nitqi bu prosesə mənfi təsir göstərəcək, böyüklərin nitqini yamsılayan uşaqda da həmin qüsurlar özünü göstərəcəkdir. Buna görə də uşağın ətrafında olan yaşlıların nitqi düzgün, dəqiq və rəvan olmalıdır. Yaşlıların düzgün nitqi uşaqda da səlis nitqin yaranmasına səbəb olacaqdır.

Uşaq danışarkən ağzını kifayət qədər geniş açmalı, qışqırıqla deyil, sakit və tələsmədən danışmalıdır. Nəfəs almadan, tələsən, hündürdən danışan uşaq boğulur. Bu səbəbdən də hıçqırıqlı nitq meydana gəlir. Uşaqlara çox sürətlə danışmağa qəti icazə vermək olmaz. Həddindən artıq sürətli, tələsik nitq həmin uşağın sinir sisteminin zəifliyini göstərir. Bu isə sonralar kəkələməyə gətirib çıxara bilər.

Kəkələmə yuxarıda qeyd etdiyim kimi yamsılama nəticəsində də yarana bilər. Kəkələyən yaşlılar, yeniyetmələr və həmyaşıdları ilə ünsiyyətə girən uşaq sonradan öz danışığında həmin qüsurlara yol verir. Buna görə də körpəni həmin əlaqələrdən qorumaq lazımdır.

Məlumdur ki, nitqin normal inkişafı üçün sağlam sinir sisteminin fəaliyyət göstərməsi çox vacibdir. Məktəbəqədər yaşlı uşaqlarda sinir sistemi hələ çox zərif, böyük yüklənməyə tab gətirməyən, inkişaf mərhələsində olur. Buna görə də uşağın dünyaya gəldiyi ilk günlərdən onu mənfi amillərin təsirindən qorumaq, onu psixi və fiziki zədələnmələrdən, həddindən artıq qəzəb və sevinc hallarından, əsəbi, narahat uşaqların arasında olmaqdan qorumaq lazımdır.

Uşağın nitqinə mənfi təsir göstərən amillərdən biri də ailədə pis şəraitin olmasıdır. Valideynlər arasında dava-dalaş və konfliktlərin olması , bu konfliktlərin uşağın gözü qarşısında cərəyan etməsi, tez-tez uşağın döyülməsi, onlar tətəfindən həddən ziyadə cəzalandırılması, qorxudulması və s. kəkələmənin yaranmasına səbəb olur.

Uşağın nitqini çox yükləmək olmaz. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlarında uşağın nitq imkanları məhduddur. Uşaqda danışıq səslərinin düzgün tələffüzü yalnız dörd yaşından; onda artikulyasiya aparatı inkişaf etdikdən və möhkəmləndikdən sonra başlayır. Bu müddətə qədər isə uşağı çətin söz və ifadələri, mənasına nə səslənməsinə görə çətin nitq materialını öyrənməyə məcbur etmək olmaz. Əks halda nitq aparatının kifayət qədər inkişaf etməməsi ilə həddindən artıq nitq yükü arsında uyğunsuzluq meydana şıxır. Bütün bunlar uşağın kövrək sinir sistemini yükləndirib, onun nitq imkanlarıni yorur və çox vaxt kəkələmənin yaranmasına gətirib çıxarır.

Bəzən yaşlıların uşağın nitqinə laqeydsizliyi, onunla çox az ünsiyyətə girməsi də nitqin düzgün olmayan inkişafına səbəb olur. Uşaqlarına nağıl danışmayan, oz yaşına uyğun şer öyrətməyən, onları danışmağa sövq etməyən valideynlər bilməlidirlər ki, bu onların uşağına mənfi təsir göstərir. Çünki bu zaman uşağın idraki bacarığı nitq imkanlarını üstələdiyindən onlar ız fikirlərini ifadə etmək üçün kifayət qədər söz tapa bilmir. Bunun nəticəsində uşağın danışığında lazımi söz və ifadələri tapmaq üçün uzun fasilələr, dayanmalar müşahidə olunur ki, sonralar bu vəziyyətin kəkələmə törədə biləcəyi ehtimalı vardır.

Kəkələmənin yaranmasi səbəblərindən danışarkən qeyd etmək lazımdır ki, uşaqlar güclü təəssüratlardan qorunmalıdır. Məktəbəqədər yaşlı uşaqlarda güclü təəssürat onlarda emosional gərginlik yaradır. Təəssüf olsun ki, valideyn, nənə və babalar körpə uşaqları uzun müddət televizora baxmağa icazə verirlər. Uşaqlar oz yaşlarına uyğun olmayan filmlələ, televiziya verilişlərinə saatlarla oturub baxırlar. Bundan sonra uşaq ozünü sual verməkdən, danışmaqdan güclə saxlayır, uzun müddət gördüklərinin təsiri altında qalır. Onda danışıq zamanı tələsiklik, dili dolaşma və fasilələr özünü göstərməyə başlayır, nəticədə kəkələmənin yaranması üçün zəmin yaranır.

Kəkələmə bəzən uşaqlarda qorxu hissinin nəticəsində yaranır. Lakin yaşlılar uşaqlardakı narahatlığın, təlaşın səbəblərini öyrənə bilmir və ya gizli keçirilən bu hissləri vaxtında görə bilmirlər. Uşağa kömək etmək üçün yaşlılar uşağın davranışını müşahidə etməli, onun qaranlıqdan qorxması, otaqda tək qalmaq istəməməsi diqqətdən kənar qalmamalıdır. Qorxunun yaranma səbəblərini araşdırdıqdan sonra onu aradan qaldırmağa çalışmaq lazımdır.

Kəkələmənin qarşısını almaq məqsədilə solaxay uşaqlara da xüsusi diqqət yetirmək lazımdır. Bəzən solaxay uşaqları zorla sağ əllə işləməyə məcbur etdikdə onlarda kəkələməyə meyl yaranır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!