UŞAĞINIZ SÖYÜŞ SÖYÜR?

Ailələrdən “Bizim evdə söyüş söyülmür, bu uşaq hardan öyrəndi bilmirəm… Pis sözlər işlədir, nə etsək də bunun qarşısını ala bilmirik” kimi fikirləri tez-tez eşidirik. Bəs uşaqlar nə üçün pis sözlər işlədir? Daha çox hansı yaşlarda pis sözlərdən istifadə edirlər?

Uşaqlar öyrənməyə həvəslidir. Pis şeyləri də, yaxşı şeyləri də tez öyrənirlər. Buna görə də uşağın tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Valideynləri də uşağın düzgün tərbiyə edilməsi üçün maarifləndirmək lazımdır. Uşaq evdə pis sözlər eşitməsə də, bağça dövründən sonra ətrafdan belə sözlər eşidib öyrənə bilər və bunun mənasını anlamadan işlədə bilər. Bu sözlər əsəbi vaxtda istifadə olunduğu üçün uşaq bunun insanı hirsləndirəcək bir şey olduğunu bilir və buna görə işlədir, amma əsas mənasını tam olaraq başa düşmür. Təbii ki, daha böyük yaşlarda, yeniyetməlikdə mənasını bilərək söyüş söyə bilər. Yəni, uşaq hər yaşda pis sözlər öyrənir və işlədir.

Uşaq ailəsindən və ya xarici faktorlardan (televizor, dostlar və s.) pis sözlər eşidə bilər. Bu sözlərin nə məna verdiyini belə anlamırlar. Bəzi ailələr uşaq pis söz işlətdikdə gülür və ya uşağın söyüş söyməsi xoşlarına gəlir. Buna görə də, əgər ailə uşağın bu davranışını aradan qaldırmaq istəyirsə, buna gülərək reaksiya verməməlidir.

Bəzi ailələrdə söyüş söyən uşağa “ağzına acı bibər vuraram, döyərəm” kimi sözlər deyilir. Bu düzgündürmü?

Bəzən uşaq hirslə söyüş söyə bilər, bu zaman məqsəd qarşı tərəfi hirsləndirməkdir. “Ağzına acı bibər vuraram, döyərəm” kimi sözlər uşağın bu davranışını daha da gücləndirir. Uşağa əsəbiləşdiyinizi bildirməməlisiniz.

Ailələrin pis söz söyləyən uşaqlara qarşı göstərdikləri yalnış davranışlar hansılardır?

Müsbət ya da mənfi, gülmək ya da acıqlanmaq kimi reaksiyalardan uzaq durub, söhbəti dəyişdirməyə çalışmaq lazımdır. Gülmək ya da çox reaksiya göstərmək bu davranışı daha da gücləndirir. Uşağın hirsi keçdikdən sonra bununla bağlı danışmaq olar. Bunun düzgün hərəkət olmadığı, etməməli olduğu sakit formada izah edilməlidir.

Valideynlər uşaqlarda pis sözlərin qarşısını almaq üçün nə etməlidirlər?

Ailənin uşağın pis sözləri eşitməsinin qarşsını alması mümkün deyil. Lakin, tərbiyə və əxlaq qaydalarını övladına öz davranış və həyat tərzi ilə öyrədən valideynlərin bundan qorxmalarına ehtiyac yoxdur. Çünki, bir müddət bu sözlər işlədilsə də, uşaq özü tərbiyəsinə uyğun olmadığı üçün bu davranışı tərgidəcəkdir.

http://www.e-psikiyatri.com/cocugunuz-kufur-mu-ediyor-8238

Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!