ÇOX DƏRS OXUMAQ DA XƏSTƏLİK ƏLAMƏTİ OLA BİLİR…
07.10.2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.
Masallı rayon sakini olan Şəhriyar Səmədov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.
Hadisə ilə bağlı narınc.az saytına Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova öz münasibətini bildirdi. Klinik psixoloq Narınc Rüstəmova bildirir ki, ümumiyyətlə, intihar halları gənclər və yeniyetmələr arasında kifayət qədər çox təsadüf olunur. İntiharın nə təhsilin yüksək olması ilə əlaqəsi var,nə irqi ,nə cinsi,nə vəzifəsi vardır. Bəzən insan elə bir nöqtəyə gəlib çatır ki, o qədər ruhi iztirab çəkir ki, ölümdən başqa çıxış yolu görə bilmir. İndi hər kəs onu qınayır niyə bu addımı atıb deyə, halbuki , necə uğur qazanıb və qrupda bəlkə də hamıdan yüksək bal toplayıb təhsil alırdı.İnsanın psixi emosional durumu balansdan çıxanda bəzən insanın məntiqi ,oxuduğu kitablar, aldığı savad da buna bəs etmir. Amma ümumi olaraq baxsaq, çox yüksək bal toplayan uşaqlarda özünə məxsus qapalılıq olur.Onların öz dünyaları olur, insanlarla ünsiyyətdə dərsdə olduğu kimi peşəkar olmurlar. Çünki enerjimizi bir şeyə çox yönləndiririksə, digər şeylərə yönəldəcəyimiz enerji azalmağa başlayır. Hər şeyin çoxu ziyan olduğu kimi bəzən çox oxuyub çox özünə qapanma, kitablara çox yönəlmə də istəmədən insana ziyan ola bilir. Bəzən bunu valideynlər fəxrlə deyir, “ mənim uşağım heç çölə çıxmır, o biri uşaqlar kimi “avaralıq” eləmir, dostları ilə görüşmür, kafeyə getmir tərbiyəlidir, qız sevmir, heç elə şeylərə marağı da yoxdur!.” Bütün bunları bəzən valideynlər gözəl xüsusiyyət kimi tərifləyir, fəxrlə danışır amma əslində belə olmalı deyil. Biz bir sosial varlığıq, insanlarla çox yaxşı sıx münasibətdə olan, şəxsiyyətlərarası ünsiyyətdə uğurlu olan insanların intihar etmə riski çox aşağıdır. Çünki onların duyğularını paylaşacağı insanlar var. Zaman-zaman hər birimiz çətinliyə düşürük, çətinliyə düşəndə danışa biləcəyimiz, dərdləşə biləcəyimiz çevrəmiz varsa bu çətinliklərin öhdəsindən daha asan gələ bilirik. Ən çox özünü yalnız hiss edən insanlar intahara cəhd edir. Çünki intihar ümidsizliyin ən ağır formasıdır, onu heç kimin anlamadığını, ona heç kimin kömək edə bilməyəcəyini düşünüb insan intihar edir. Halbuki, onu yaxşı anlayan insanlar olsaydı o intihara gedib çıxmazdı və ya intihar etmə haqqında fikirlərini ən azından yaxınları ilə paylaşardı. Bunun üçün də əgər bir uşaq öz yaşıdları, dostları ilə vaxt keçirmirsə, qız istəmirsə özünə qapalıdırsa, və s. valideynlər bunu problem olaraq qəbul etməli, anlamalıdırlar, bu bir “sos” işarəsidir. Valideynlər bu əlamətləri görəndə yaxşı ki çölə çıxmır, tərbiyəsizlik etmir,pis şey öyrənmir düşməkdənsə, onu dost çevrəsinə, dost münasibətlərinə təşviq etməlidirlər. Çünki biz nə qədər yaxşı valideyn olsaq da övladımız ilə dost ola bilmərik ,onların gözündə həmişə ana -ata obrazındayıq, onların öz yaşıdları dostları olmalıdır, valideynlərin güvənə biləcəyi, bildiyi, dəstək ala biləcəyi dostları. Belə durumlarda uşaq vaxtında psixoloqa aparılmalı, lazım gələrsə ailə ilə birlikdə terapiya görməlidir.