Söz dinləməyən uşaqlar

 Müasir dövrdə valideynlərin uşaqları ilə bağlı tez-tez müraciət etdiyi problemlər arasında övladlarının sözə qulaq asmaması,sözlərini dinləməməsi də vardır.Psixoloji nöqteyi-nəzərdən yanaşsaq münasibətlərdə problemlər çox zaman tək tərəfdən qaynaqlanmır.Yəni,valideynlər övladlarını günahlandırmamışdan öncə bəzən başqa bir şəxs kimi kənardan özlərini də müşahidə edib,səhvlərini aşkarlamalı və düzəltməyə çalışmalıdırlar.Bəhs etdiyimiz problemləri yaradan amillərdən biri də,valideynlərin öz fikirlərini yanlış ifadə etməsi,uşaqların anlaya biləcəyi şəkildə bildirə bilməməsidir.Bu problemlərə “3 yaş dönəmində” daha çox rast gəlinir,belə ki,artıq bu yaş dönəmində uşaqlarda hisslər,özünü şəxsiyyət kimi tanıma və qiymətləndirmə bacarığı formalaşmağa başlayır.Ona görə bu problem “3 yaş sindromu”kimi də adlandırılır.Əgər əvvəlki yaş dönəmlərində valideynlər öz istək və tapşırıqlarını övladlarına bildirə və icra etdirə bilirdilərsə,artıq bu yaş dönəmindən etibarən bu kimi hallar çətinləşməyə başlayır.Belə ki,artıq uşaqlarda bəyənmə,seçim bacarığı,həmçinin etiraz duyğusu formalaşmağa başlayır ki,bu da öz növbəsində övladın artıq valideyni ilə razılaşmamasına gətirib çıxara bilir.Valideynlər belə halla üzləşdikdə səbrlə yanaşmalı və övladlarının seçiminə hörmət etməyi bacarmalıdırlar.Əks halda,təzyiq altında,eyni zamanda seçimlərinə hörmət edilməyən şəkildə böyüdülən uşaqlar gələcəkdə özgüvənsiz,təsir altına tez düşən,iradəsiz,seçim azadlığı olmayan bir insan kimi formalaşmağa başlayır.Uşaqlar söz dinləmədikcə zamanla bu xüsusiyyət onlarda vərdiş halını alacaq,tez-tez təkrarlanacaq,lazımlı-lazımsız etirazlar çoxalacaq bu da son nəticədə valideyn-övlad münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxaracaq.Valideynlər istəklərini övladlarının anlayacağı və xarakterlərinə uyğun bir şəkildə izah etməyə çalışmalıdır,bu yolu seçməlidir.Belə olan təqdirdə onlar effektiv nəticə görə bilərlər,əks halda problemlərin həlli daha da  çətinləşə bilər.Eyni zamanda onu da qeyd etməkdə fayda var ki, valideyn-övlad münasibətlərində qarşılıqlı anlaşma, həmçinin fikir mübadiləsi  etmək də sağlam münasibət üçün əməl olunması vacib qaydalardan biridir.Digər tərəfdən vurğulamaq lazımdır ki,valideynlər övladı onun hər hansı tapşırığına,sözünə qulaq asmadıqda və etirazını bildirdikdə onun səbəbini araşdırmağa,niyə? nə üçün? suallarını verməkdən çəkinməməlidirlər.Övladının narahatlığı,qayğıları ilə maraqlanmalı və tapşırığını niyə etmədiyini səbəbini öyrənməli və onu səbrlə dinləməlidir.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçəsi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!