Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“AQRESSİYASI OLAN UŞAQLARI İDMANA YÖNƏLDİN, DÜZƏLƏCƏK!” MƏSLƏHƏTİ SONDA ACI FACİƏ İLƏ BİTƏ BİLƏR.

Bakının Şağan qəsəbəsində cüdo yarışı zamanı qətl hadisəsi törədilib. Olimpiya kompleksində 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaq xəsarətləri yetirərək, onu qətl edib. Qətlin törədilmə səbəbi mərhum Turan Rüstəmovun ayağını oturacağın üstünə qoyması olub, mübahisə bu hadisədən sonra başlayıb. Bu mövzunun psixoloji tərəfləri ilə bağlı Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına öz fikirlərini bildirib:

“Təsadüfi deyildir ki, cinayət hadisələri daha çox cinsi yetişkənlik dövründə, yetkinlik yaşına çatmayan uşaqlar və gənclər arasında daha çox müşahidə edilir. Qeyd edilən cinayət hadisəsindən açıq şəkildə bunu görə bilərik. Əvvəl yeniyetməlik yaşı 18 yaş götürülürdüsə son zamanlar bu 21 yaşa qədər uzadıla bilir. Əslində cinayət hadisəsini törədən də gənclik dövrünün ilk illərini addımlayan və yeniyetməliyini başa vuran şəxsdir.”

Müsahibimizin sözlərinə görə,”Bu dövrdə uşaqlarda, gənclərdə aqressiyasını, stressini idarə edə bilməmək problemi çox müşahidə edilir. Xüsusilə  idmanla məşğul olan gənclər arasında bu daha aktualdır belə ki, onların daxili gərginliyi daha çox olur. Bildirmək lazımdır ki, adətən kiçik yaşlarından hiperaktivliyi, kontrol problemi, davranış çətinliyi olan uşaqları idman sahəsinə yönləndirirlər. “ Bir az idmana qoy, idmanla məşğul olsun aqressiyası azalsın” – kimi fikirlər olur. Ancaq doğru idman növü seçilmədikdə  uşağın aqressiyası nəinki azalır, eyni zamanda idmanda öyrəndiyi fəndləri daha çox aqressiyasını çıxmaq üçün istifadə edir. Hətta bu yaxınlarda da məktəbli şagirdlər arasındakı mübahisə və zorakılıq videosu sosial şəbəkələrdə gündəm mövzulardan birinə çevrilmişdi. Orada da məktəbli şagirdlərdən biri idmançı idi və sinif yoldaşına  qarşı aqressiv, zorakı hərəkətlər edirdi. Burada valideynlərin əsas vəzifələrindən biri, uşaqları doğru idman növünə yönləndirməkdir. Hiperaktivlik, aqressiya, davranış çətinliyi olan implusiv uşaqların (duyğularını idarə edə bilməyən) sərt, döyüş tipli idman növlərinə yönləndirilməsi doğru deyil. Əksinə belə uşaqlara sakit idman növləri, yəni içərisində sərtlik və ağır fəndlər olmayan məsələn: gimnastika, üzgüçülük daha çox faydalı verə bilər. Bəzən valideynlər yanlış seçim edərək hiperaktivliyi,aqressiyası olan uşaqları cüdoya, boksa, karateyə və s. yönləndirirlər. Bu da gələcəkdə xoşagəlməz problemlərin yaranmasına, onların ətrafındakı özündən zəif insanlara, dostlarına qarşı zorakı, qəzəbli davranış sərgiləməsinə hətta idmanda öyrəndiyi fəndləri onlara qarşı tətbiq etməsinə səbəb olur.

 Xəbərdə də qeyd olunduğu kimi, kiçik bir hadisə mübahisəyə səbəb olub, mübahisə isə qanla nəticələnib. Səbəb isə 16 yaşlı Turan Rüstəmovun ayağını stolun üzərinə qoyması olub. Buradan da aydın görünür ki, 20 yaşlı gənc öz aqressiyasını idarə edə bilməyib və həmin an yaşanan qəzəb partlaması ilə davranışlarının nəticəsini hesablaya bilməyib cinayət hadisəsi törədib. Bu da nəinki bir uşağın acı sonu, həm də, bir ailənin faciəsinə gətirib çıxarıb. Belə bir hal baş veribsə əmin olun ki, bu heç də ilk dəfə deyil, bildirdiyimiz kimi bu aqressiya artıq kiçik yaşlardan başlayıb. Belə ki, bu cinayət hadisəsindən əvvəli araşdırsaq hadisəni törədən şəxsin ətrafındakı insanlara qarşı zorakılıq, aqressiya, fiziki cəhətdən özündən zəifləri əzmək, şiddət göstərmək və s. halların şahidi ola bilərik. Bəzən bu halları valideynlər, xüsusilə analar atadan gizlətməyə çalışırlar və ya əksinə atalar bunu yaxşı bir xüsusiyyət kimi “kişilik göstəricisi” kimi görür, hətta buna görə uşaqları bəzən mükafatlandırırlar. Sanki bunları yaxşı əməlmiş kimi uşaqlara təlqin edirlər. Bu zaman davranışı ilə rəğbət görən uşaq  belə davranışlarla  daha çox diqqət görməyə “ afərin” almağa ehtiyac hiss edir və bu hərəkətləri təkrarlamağa başlayır. Bu da öz növbəsində onun təhsil həyatına, məktəb həyatına da təsir edir. Çünki şiddətlə, zorakı davranışla diqqət çəkmək daha asandır,nəinki dərs oxumaq, faydalı işlər etmək, zehni fəaliyyətlə məşğul olmaq onlara daha əziyyətli görünür.

 Biz “ Sağlam bədəndə sağlam ruh olar”-fikri ilə razıyıq. Ancaq nəzərə almaq lazımdır ki, gənclərin yalnız idmanla və normadan çox məşğul olması,başqa heç bir fəaliyyətin olmaması düzgün deyil. Bu həm onları təhsildən uzaqlaşdırır, həm də, intellektual səviyyələrinə təsir edir. Onlar daha çox əzələ ilə, fiziki güclə diqqət cəlb etməyə yönəlir, kitab oxumaqdan yayınır bu da onları “kütləşdirir” və nəticə olaraq təhsildən yayınmalarına gətirib çıxarır.”

Allah rəhmət eləsin, ailəsinə səbr versin!

Müəllif-Səbinə Hüseyinova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!