Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Qorxudan ölmək olarmı? ”

“Qorxudan ölmək olarmı? ” sualına Klinik Psixoloq Narınc Rüstəmova aydınlıq gətirdi.

Qubada itin hücumuna məruz qalan  13 yaşlı yeniyetmə  Gültəkin Orucova vəfat edib. Hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Həmin hadisə zamanı yeniyetmə ağır dərəcədə qorxub, sarsıntı keçirib. Bundan sonra onun səhhəti pisləşib və paytaxtdakı tibb müəssisələrinin birində vəfat edib. Klinik psixoloq Narınc Rüstəmova yeniyetmənin ölümünün psixoloji tərəfləri ilə bağlı narınc.az saytına fikirlərini bildirib.

“ 13 yaşlı Gültəkin balamızın  ölümü acı xəbərdir, ona Allahdan rəhmət, valideynlərinə səbr diləyirəm. İnsanın anidən yaxınını itirməsi çox sarsıdıcı haldır, bu xüsusən ailəsi üçün çox ağırdır. Bu zaman psixoloqlara belə bir sual ünvanlana bilər ki,insan şiddətli qorxu keçirən zaman bu qorxudan ölə bilərmi? Bəli ölə bilər, baş verən hadisədən də bunun şahidi ola bilərik. “Qorxudan öldüm”- cümləsini hamımız həyatımızın bir nöqtəsində eşitmişik. Qorxu bioloji olaraq stressin başqa bir növüdür. Stress zamanı vücudumuz adrenalin və digər hormonlar ifraz edir. Bu hormonlar isə  vücudumuza bir çox şəkildə təsir edir. Məsələn: ağciyərlərimiz genişlənir, göz bəbəklərimiz böyüyür, ürək daha sürətlə döyünür bu da vücudumuzdakı qan dövranını sürətləndirir. Qorxduğumuz bir şeydən qaçdığımız zaman vücudumuz daha çox enerjiyə ehtiyac duyur. Əslində bunu müsbət hal kimi qiymətləndirə bilərik. Ancaq qeyd etmək lazımdır ki, ürək problemi yaşayan insanlar üçün bu ölümcül hal ola bilər. Belə ki, şiddətli stress zamanı qan ürəyə və beyinə eyni zamanda çata bilmir bu da infarkt riskinin artmasına səbəb olur. Qorxudan ölüm halları ürək problemi, menopoz yaşayan orta və yaşlı qadınlarda daha çox müşahidə edilir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, stress bütün xəstəliklərin üzə çıxmasınada, ağırlaşmasında böyük gücə malikdir. Qorxu halları bəzən inasanlar üçün sadə gələ bilər, məsələn: bir insanın pişikdən, itdən, həşəratdan  və ya toyuqdan qorxması qəribə gələ bilər, hətta bəzən insanlar bunu yumor hissi ilə qarşılayırlar. Ancaq qeyd etmək istəyirəm ki, bu həmin şəxs üçün travmatik, ağır bir problemdir. Belə ki, bu qorxu fobiya şəklində yaşanır və insan onu beynində dəhşətli bir hala gətirir ki, bu bəzi hallarda ölümlə nəticələnir. Ona görə də, əgər uşaq yaşlarından qorxu halları müşahidə edilirsə valideynlər bu məsələyə ciddi yanaşmalıdır. Məsələn, Gültəkindəki itdən qorxu görünür ki, ilk dəfəyə məxsus bir hal deyil, bu onda əvvəldən var imiş. Qeyd etdiyim kimi, övladında bu halı görən valideynlər zamanında müdaxilə etməli, bunu arxa plana atmamalıdırlar. Lazım gələrsə mütəxəssis  dəstəyi də almalıdırlar, əks təqdirdə belə qorxu halları gələcəkdə acı nəticələrlə bitə bilər. “   

Müəllif- Səbinə Hüseyinova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!