Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

QORXAQ UŞAQLAR

QORXAQ UŞAQLAR

Valideynləri narahat edən məsələlərdən biri də uşaqlarda qorxaqlıq əlamətlərini müşahidə etmələridir. Onlardan tez-tez ” Uşağımda qorxular var, nə edə bilərəm? “Mən uşağımı qorxutmamışam, bu nə ilə bağlı ola bilər? Bunu necə düzəltmək olar?” kimi suallar ünvanlanır. Uşaqlarda qorxuların müxtəlif növlərinə təsadüf olunur: qaranlıqdan, ölməkdən, bəzi uşaqlar isə çimməkdən qorxur və ya evdə özünü rahat hiss edən uşaqlar kənarda olarkən insanlarla ünsiyyət qurmaqdan çəkinir, qorxur. Digər tərəfdən valideynlərinə qəribə suallar verənlər, qorxu zamanı həyəcan-təşviş yaşayanlar və hər şeydən təlaşlanan uşaqlar da var. İlk olaraq qeyd etmək lazımdır ki,şiddət görən uşaqlarda qorxu hissi yüksək olur, bu artıq bir aksiomadır. Ancaq əksinə ailədə həddindən çox əzizlənən, sevgi, qayğı görən və ya gec dünyaya gələn uşaqlarda da qorxaqlıq hallarına təsadüf olunur. Bu zaman uşaqda özgüvən formalaşmır bunun da nəticəsində stress, qorxu zamanı onlar həm də, panikaya düşür və bunlarla baş etmə mexanizmi formalaşmadığı üçün çətin vəziyyətdə qalırlar. Əslində uşaq bir az da çətinlik, stess görməlidir ki, gələcəkdə heç kimə, məsələn: ana-ataya ehtiyacı olmadan bunlarla mübarizə apara bilsin. Başqa sözlə desək, məcburiyyətən çıxış yolunu özü tapa bilsin. Qeyd etdiyimiz kimi həddindən çox sevgi görən, hər istədiyi “yox” deyilmədən yerinə yetirilərək böyüdülən uşaqlar artıq evi, ailəni komfort zonası kimi görməyə, ailəsinin yaninda özlərini rahat hiss etməyə başlayırlar. Belə uşaqlar zamanla kənar insanlarla ünsiyyət qurmağa çətinlik çəkir və müəyyən müddət sonra antisosiallıq problemi yaşamağa başlayırlar. Belə uşaqlarda qorxu hallarıda çox görülməkdədir. Hətta qorxudan kəkələmə, həyəcan-təşviş, ürək döyüntülərinin sürətlənməsi və s. kimi problemlər də müşahidə edilir.

Valideynlər belə hallar yaşanmasın deyə, uşaqların qorxuları ilə üzləşməsinə, özləri sərbəst baxım bacarıqlarını həyata keçirməyə kömək olmalıdırlar. Bir uşaq sərbəst şəkildə yeməyini yeyirsə, paltarını geyinirsə, öz istəklərini bildirə bilirsə həmin uşaqlar gələcəkdə özgüvənli və cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkməyən şəxsiyyət kimi formalaşacaq. Əksinə, onları hər şeydən qoruyuruqsa, heç nəyi kəşf etməsinə icazə vermiriksə mühafizəkar ailə, qoruyucu ailə oluruq, belə olduqda qorxaqlığın, çəkingənliyin təməli də ailədə qoyulur.

Qorxaqlıqda irsilik faktoru da nəzərə alınmalıdır. Ailədə, xüsusən də atada, anada  qorxaqlıq varsa, məsələn: ana qaranlıqdan qorxursa və ya atanın hər hansı həşərata qarşı fobiyası varsa bunlar uşaqda da müəyyən mənada özünü biruzə verəcək. Belə desək, hər bir şey təlqindən başlayır evdə, ailədə çox göstərilən, haqqında çox danışılan şeylər uşaqlar üçün bir modelə çevrilir və onlar öz xarakterində bunu əks etdirirlər.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!