Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Qadın-kişi münasibətində yaş fərqləri

Qadın-kişi münasibətində yaş fərqləri nələrə yol açır?

Gədəbəy rayonunda 17 yaşlı qızın 50 yaşlı kişi, Elfaq Şəkərbəyliyə ərə verildiyi iddia olunub. Onların nişan mərasimindən görüntülər sosial şəbəkələrdə yayılıb. Mövzunun psixoloji tərəfləri və evlilikdə yaş fərqi faktoru mövzusunda Uzman-Klinik Psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

Qadın-kişi münasibətlərində yaş fərqi faktoru

  Müsbət və mənfi cəhətlərinə görə kişi və qadın münasibətlərində yaş fərqi son illərdə ən çox müzakirə olunan məsələlər sırasındadır. Hər bir münasibətdə problemlər ola bilər, ancaq yaş fərqinin böyük olduğu münasibətlərdə vəziyyət bir az fərqli ola bilər. Cütlüklər böyük yaş fərqinə baxmayaraq bir-birlərini sevsələr də, dəyər versələr də bəzən aralarındakı bu yaş fərqi münasibətlərində ciddi problemlər yarada bilər. Münasibətin ilk vaxtlarında bu problemlər bir o qədər də hiss edilmir, ancaq “ilkin həyəcan” keçməyə başlayanda həqiqətlər üzə çıxır və bir-birinin ardınca problemlər yaranmağa başlayır. Böyük yaş fərqinə sahib cütlüklərin problemləri arasında bir-birlərinə qarşı səbirsiz davranmaları sıx müşahidə edilir. Əgər partnyorunuzdan yaşca çox böyüksünüzsə, onun formalaşmamış, düzgün olmayan davranışları və sözləri sizi əsəbləşdirə bilər. Çünki onun keçdiyi mərhələlərdən artıq siz keçmisiniz. Bu səbəbdən onlar bu davranışları həzm etməkdə çətinlik çəkirlər və aqressiv reaksiya verə bildirirlər. Qeyd etdiyim kimi belə problemlər bir məsələ ilə yekunlaşmır və silsilə şəklində davamlı bir-birini əvəzləyir.

Maddi cəhətdən qarşı tərəfdən üstün olmaq

Cütlüklər arasında maddi cəhətdən birinin digərindən yaxşı vəziyyətdə olması da münasibətlərdə müəyyən mənada problemlərin üzə çıxmasına səbəb olur. Belə ki, maliyyə imkanları və partnyorun maddi imkansızlığı cütlüklər arasında bir çox cəhətdən gərginliyə səbəb olur. Misal üçün: hər zaman pul xərcləyən eyni tərəfdirsə, artıq bir müddət sonra o bundan qıcıqlana və əsəbləşə bilər. Bütün maliyyə xərclərini qarşıladığı üçün müəyyən zaman keçdikdən sonra bu münasibətdə qərarları partnyoruna danışmadan, məsləhətləşmədən özü təkbaşına vermək qərarına gələ bilər. Qarşı tərəf isə bunu qəbul etmədikdə nəticədə münasibətlər gərginləşə və hətta sonlana da bilər. Yaşca böyük partnyorun maddi cəhətdən daha yaxşı olmasına da son dövrlər çox təsadüf olunur. Burada, yaşdan qaynaqlanan avtoritarizmə görə son sözü yaşca böyük tərəf demək istəyə bilir. Belə vəziyyət tez-tez təkrarlanarsa artıq bu qarşı tərəfdə qıcıq yaratmağa başlayır və münasibəti sonlandırma həddinə qədər gətirə bilir.

Partnerə ana-ata kimi davranmaq, münasibət göstərmək

Aralarında çox yaş fərqi olan cütlüklərdə birinin digərindən üstün olması,məsləhət verməsi sanki ata-ana kimi davranmasına da rast gəlirik. Əgər partnyorunuzla uzun müddətli münasibətdəsinizsə, onun səhvlərini düzəltməyə çalışmaq və ya ona yol göstərmək bir müddət sonra partnyorunuz üçün dözülməz hala gələcək. Belə ki, o sizinlə eyni fikirdə olmaya bilər və onunla belə desək,uşaq kimi davranmağınızı qəbul etməyə bilər. Belə halla qarşılaşmaq, onun etitazını bildirməsi sizin üçün də aqressiyaya səbəb olacaq, çünki siz bu proseslərdən keçmisiniz və ona da kömək etmək istəyirsiniz. Nəticədə cütlüklər arasında qarşılıqlı anlaşılmazlıq meydana çıxır ki, bu da münasibətlərdə son nöqtəni qoymağa kifayət edir.

Münasibətlərdə cinsəllik faktoru

Münasibətlərdə problemlərin yaranmasına səbəb olan nüanslardan biri də, tərəflərdən birində,xüsusən yaşca böyük olan insanlarda zamanla cinsi cəhətdən qeyri-adekvat olmaq hissidir.Bu fikirlər həmin insanda narahatlıq yaradır. Evliliklərin, münasibətlərin pozulmasına təsir edən faktorlardan biri kimi bu cinsi istəksizlik hissini də göstərə bilərik. Ümumiyyətlə yaş fərqinə görə, yaşana biləcək ən böyük problemlərdən biri cütlüklər arasında cinsi əlaqədir. Belə ki, kişilərdə cinsəlliyin davam etdiyi andropoz dövrü var, qadınlarda isə orta hesabla 48 yaşdan sonra menopoz dövrü başlayır. Yaş fərqi və menopoz dövrü, bir və ya daha çox uşaq sahibi olmaq istəyən cütlüklər üçün ciddi problemlər yarada bilir. Kişilərin andropoz zamanı və sonrasında da uşaq sahibi olması mümkündürsə , qadınların menopozdan sonra uşaq sahibi olması mümkün deyil. Bu faktorlar münasibətlərdə ciddi mübahisələrə və problemlərə səbəb ola bilər. Ancaq qeyd olunmalıdır ki, həm qadınlar, həm də kişilər üçün cinsəllik menopoz və anropoz zamanı bitmir, yalnız formasını dəyişir.

Qısqanclıq faktoru

Qısqanclıq və onu yaradan səbəblər də münasibətlərdə gərginlik yaradır. Belə ki, partnyorundan daha yaşlı olduğu üçün sahiblik, sahiblənmə duyğusu bəzi insanlarda daha qabarıq nəzərə çarpır. Bu mərhələdə gənc tərəfin öz yaşıdları olan əks cinsə maraq göstərməsi münasibətin mənfi istiqamətdə inkişaf etməsinə səbəb olur.

Mütəmadi olaraq tərəflərdən birinin öz-özünə suallar verməsi

Özündən yaşca kiçik bəylərlə münasibət quran yetkin qadınlar adətən uşaqlıq və yeniyetməlik dövründə ailə və sosial təzyiq altında yaşayanlardır. Bu təzyiq onun münasibətlərində də davam edir. Belə qadınların beynində həmişə müxtəlif suallar olur: “Bir gün o, məni qoyub özündən kiçik bir qadın üçün gedərmi?”, “O, məni həqiqətən sevirmi?”, “Mənimlə evlənəcəkmi?”, “Valideynləri məni sevib qəbul edərmi?” və s. belə suallar zaman keçdikcə onu şübhəli, hər şeylə maraqlanan qadın olmasına gətirib çıxarır. Bu da bir müddət sonra problemlərin meydana çıxması, münasibətdə güvənsizliyin yaranması və davamlı mübahisələrə səbəb olur.

Son olaraq vurğulamaq istəyirəm ki, evlilik və ya hansısa münasibət zamanı fizioloji yaş faktoru əsas olduğu kimi, psixoloji yaş  nüansı da vacibdir və diqqət edilməsi məqamlardan biridir.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!