“Narkotikdən uşaqlarımızı necə qoruyaq?”

“Narkotikdən uşaqlarımızı necə qoruyaq?”

Əsrin bəlası adlandırılan narkomaniya və narkotik istifadəsinin insan həyatına, psixologiyasına sarsıdıcı təsirləri haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az  saytına “Narkotikdən uşaqlarımızı necə qoruyaq” mövzusunda müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.

“ İlk öncə vurğulamaq istəyirəm ki, narkomaniya, psixoaktiv maddə aslılığı problemi hazırkı dövrdə də, təəssüflər olsun ki, cəmiyyətdə ən aktual problem olaraq qalır. Narkotik maddə aslılığından cinsindən və sosial statusundan aslı olamayaraq  istər yeniyetmələr, gənclər, istərsə də qadınlar, kişilər əziyyət çəkə bilir. Ona görə bu gün də bu məsələ cəmiyyətdə sosial-psixoloji problem kimi qalmaqdadır. Narkotik maddələrdən aslılıq deyərkən bura bir çox məqamlar belə ki, həm psixotrop maddələr, həm psixoaktiv maddələr və digərləri daxildir. Bunlar da, insanlarda bir çox ağır psixoloji pozuntuların yaranmasına yol açır. Hətta, həmin psixoaktiv maddələrin bir qisminin insana təsir forması bir çox psixoloji xəstəliklər və şizofreniyaya bərabərdir.

Qeyd etmək lazımdır ki, son dövrlər narkotikə qurşananlar arasında gənclər və yeniyetmələr say çoxluğu ilə üstünlük təşkil edir. Bu da təbii ki, acınacaqlı məqamlardan biridir. Narkotik vasitə satan insanların əslində ilk diqqətlərini cəlb edən gənclərdir, onları bir növ “ov” gözündə görürlər. Cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkən, özünə cəmiyyətdə yer tapa bilməyən, davamlı ailədə, ətrafında problemlər yaşayan gənclər, iradəsi zəif, özgünənsiz insanlar narkotik satıcılarının “toruna” ən tez düşənlər sırasındadır. Narkotik satıcıları onları adətən bu kimi sözlərlə aldarırlar: “Bu dərmanı istifadə et xoşbəxt olacaqsan. Evdə valideynlərin, məktəbdə müəllimlərin səni daha danlamayacaq, əksinə sevəcəklər, səni tərifləyəcəklər” və ya “Bu dərmandan istifadə et həyat yoldaşın şikayətlənəndə, sən əsəbləşməyəcəksən” və s. kimi sözlərlə onları manipulyasiya edib narkomaniyanın qurbanına çevirib həyatlarını puç edirlər. Bundan əlavə araşdırmalar onu göstərir ki, davranış pozuntulu insanlar da narkotik vasitə və içki aludəçiliyinə meyilli olurlar. Əslində davranış pozuntusu uşaqlarda kiçik yaşlarından özünü göstərir. Məktəb dövründə dərsdən yayınma, dərs oxumamaq, məktəbə adaptasiya ola bilməmək, davamlı ətrafındakı insanlarla konfliktlər yaşamaq və s. bu hal xüsusən hiperaktiv uşaqlarda tez-tez müşahidə edilir. Belə ki, onlarda pis vərdişlərə, qadağalara maraq daha çox olur. Belə uşaqlar zaman keçdikcə istər məktəb rəhbərliyi tərəfindən, istərsə də müəllimlər tərəfindən şikayət olunan şagirdə çevrilir və yuxarı siniflərə keçdikcə bu problemləri də böyüyən uşağa çevrilir. Beləliklə zaman keçdikcə uşaqların maraq dairəsi təhsildən uzaqlaşır və pis vərdişlərə, xüsusən narkotik maddələrə yönəlir. Xüsusən də yeniyetməlik dönəmində həm ailədə, həm də məktəbdə yaşadıqları sıxıntılardan,uğursuzluqlardan qurtulmaq, rahatlamaq və özlərini xoşbəxt hiss etmək üçün narkotik maddələrdən istifadə etməyə başlayırlar. Belə olan halda onların çevrələri də daralır və onlar sinifdə yaxşı oxuyan, təriflənən uşaqlarla dostluq etməkdən qaçırlar və ətraflarında özləri kimi, danlanan, iradəsi zəif, problemləri olan yeniyetmələr, gənclər toplanmağa başlayır. Beləcə vəziyyət daha da pisə doğru yönəlir və zaman keçdikcə belə uşaqlar ətraflarına uğursuz, bacarıqsız insan obrazı aşılayır, yaradır. Ona görə də hiperaktivlik aşkar olunan uşaqların valideyni diqqətli olmalı və onları daima nəzarətdə saxlamalıdırlar. Lazım gələrsə vaxtında psixoloji dəstək almalarına yardımçı olmaq lazımdır. Çünki bu problem vaxtında korreksiya edilməzsə gələcəkdə ağır fəsadlar törədə bilər. Vurğuladığım kimi, onlar uğursuzluqlarından qurtulmaq, özlərini daha qısa yoldan bir az da olsa xoşbəxt hiss etmək üçün müxtəlif psixoaktiv maddələrdən istifadə etməyə yönəlirlər və bəzən istəməsələr də bu bir müddət sonra onlarda aslılığa çevrilir. Beləcə ilk başlarda qəbul etdiyi vasitələr sonradan onları tətmin etmir və daha çox istəyirlər ki, bununlada narkomaniyanın qurbanına çevrilirlər.

Bildirdiyimiz kimi hər şey ailədən başlayır və uşaqlıq, yeniyetməlik çağlarından başlayır. Bu səbəbdən də valideynlər övladlarına qarşı diqqətli olmalı və hiperaktivlik, davranış pozuntusu, heyvanlara, ətrafındakılara qarşı davamlı aqressiya, şiddət və digər problemlərə aid kiçik qığılcımlar görəndə belə bunları gözardı etməməlidirlər və dərhal müdaxilə etməlidirlər. Bunları problem şəklində görərək ehtiyac yaranarsa mütləq ixtisaslaşmış mütəxəssis dəstəyi almalıdırlar. Bütün bunlar vaxtında aşkarlansa və korreksiya edilsə övladlarımız narkotik aludəçisinə, narkomaniya qurbanına çevrilməz və sağlam gələcəyə sahib olar.

Son olaraq bildirmək istəyirəm ki, cəmiyyət olaraq da bu mövzularda daha çox mariflənməyimiz lazımdır ki,uşaqlarımızı bu bəladan hərtərəfli şəkildə qoruyaq. Bütün övladlar sağlam və xoşbəxt böyüsün! “

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!