Bayramdan Sonra İşə Uyğunlaşa Bilmirsiniz?

 “Bayramdan Sonra İşə Uyğunlaşa Bilmirsiniz?”

Bayram və tətil günlərindən sonra işə qayıtmaq,nəticəsində yaranan adaptasiya problemi , bunu yaradan səbəblər və aradan qaldırılması  yolları haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova sia.az saytına müsahibə verib.Həmin müsahibəni sizlərə təqdim edirik.

“ İlk öncə bildirmək istərdim ki, bəli doğrudur ki, insanlar bir müddətlik tətillərdən, bayram günlərindən sonra yenidən iş həftəsinə başladıqda onlarda işə adaptasiya prosesi müəyyən mənada çətin olur. Xüsusən də bu hal istirahət günləri uzun olanda daha çox baş verir. Əslində bəzən insanlar belə düşünür ki, istirahət və tətil günlərinin müddəti nə qədər uzun olsa o qədər yaxşıdır, çünki enerji toplayıb əvvəlkindən də aktiv bir şəkildə işlərimizin başına dönə bilərik. Ancaq, bəzən tam əksinə olur, çünki rahatlığa, evdə istirahət etməyə öyrəşdikdən sonra  yenidən işə qayıtmaq, adaptasiya olmaq çətin olur. Bu hallar həftəsonlarından sonra yeni bir iş həftəsinə başladıqda da ola bilir. Adətən bayram, məzuniyyət günlərindən əvvəl insanlar tam şəkildə bütün işlərini yekunlaşdırıb bitirirlər,ancaq bildirmək lazımdır ki, bu da adaptasiya prosesində problemlər yaradan ünsürlərdən biridir. Ancaq, yaxşı olar ki, çox az miqdar işlər qalsın və ya digər optimal bir yol kimi qeyd etmək olar ki, insanlar bayram günlərində və evdə qaldıqları günlərdə işə başlayacaqları zamanın cədvəlini, görüləcəkləri işlərinin planını qursunlar. Yəni bu günlərdə də psixoloji olaraq işlə tam əlaqəni kəsməsinlər. Belə situasiyada onlar gündəlik iş həftəsinə başlayanda adaptasiya problemi ilə üz-üzə qalmayacaqlar. Məsələn, elə qarşıdan Yeni il bayramı gəlir və bütün iş müəssisələrində bu münasibətlə bir neçə gün qeyri-iş günü olacaq. Bu zaman qeyd etdiyimiz kimi, insanlar dekabr ayı ərzində bütün işlərini yekunlaşdırıb tətilə gedəcəklər,  artıq onlar bayram günlərində yeni təqvim ilinin ilk ayında və yaxud ilk həftəsində edəcəkləri işlərin planını qurub siyahılaşdırsalar onlar üçün yeni iş həftəsi uğurlu olacaqdır. Bu tip proseslər əslində insanlarda məsuliyyət hissini də artırır və hər şey plana uyğun şəkildə getdikdə problemlər də yaşanmır və insanlar qeyri-ixtiyari olaraq əvvəlki aktiv iş rejiminə dönürlər. Burada mütəmadilik, planlılıq və təkrarlılıq psinsipləri vacib hissələri təşkil edir və bunlara riyaət olduğu müddətcə insanlar heç bir problemlə üzləşməyəcəkdir. Onlar fikirləşirlər ki, tətil günləri tez bisin və mən yarım qalan işlərimi yekunlaşdırım və ya planladığım iş üzrə hərəkət edim. Bundan əlavə vurğulamaq istəyirəm ki, insanlar iş otağına gəldiyi zaman yaxşı olar ki, özünə kiçik bir hədiyyə alsın və ya otaqda hansısa bir əşyanın yerini dəyişsin. Bu da bir yenilikdir və insanı müəyyən mənada motivasiya edir. Adaptasiya probleminin yaranmaması kimi digər bir yol da istirahət günlərində ancaq evdə oturmamaq, qalmamaqdır. Yəni, bu günlərdə evdən çıxmaq, gəzmək, ailə və ya dostlarla vaxt keçirmək, başqa sözlə ifadə etsək fiziki və psixoloji aktivlik də iş həftəsinə təsir edəcək hissələrdən biridir.

Yuxarıda qeyd etdiyim kimi, adaptasiya probleminin yaranmasının səbəblərindən biri də tətil və bayram günlərində insanların fiziki olaraq ayrıldığı iş həyatından psixoloji olaraq da qopmalarıdır. Belə ki, insanlar çox zaman bu yanlış düşüncədə ola bilirlər və istirahət günlərində iş həyatı ilə olan bağlantılarını kəsirlər, hətta bəzən iş telefonlarını səssis rejimə qoyanlar və ya tamamilə söndürənlər də olur. Ancaq, qeyd etdiyim kimi bu doğru yanaşma üsulu deyil və nəticədə adaptasiya probleminə gətirib çıxarır. İşə adaptasiya ola bilməmək də, iş keyfiyyətinin aşağı düşməsində əsas faktorlardan biridir. Belə bir situasiya olduğu zaman işə qarşı istəksizlik, tez-tez yorğunluq hissi, məsuliyyətsizlik, əslində normal vaxta qısa bir müddətdə həll ediləcək işi uzun zaman həll edə bilməmək və s. kimi problemlər də üzə çıxa bilir. Bunlardan əlavə yuxu pozulmaları, səhər erkən oyana bilməmək və mütəmadi olaraq işə gecikmələr də artmağa başlayır ki, bunlar da bütöv bir şəkildə iş prosesinə mənfi təsir göstərir və işlərin ləngiməsinə, vaxtında bitməməsinə,yığılaraq çoxalmasına və son nəticədə hətta stess halına və bundan yaranan depressiv vəziyyətlərə gətirib çıxarır.

Son olaraq bildirmək istəyirəm ki, insanlar özlərini hər zaman gümrah, enerjili saxlamalı və yeni başlanğıclara, sürprizlərə açıq olmalıdırlar.Çünki pozitiv enerji və yaxşı başlanğıc əslində elə işin də uğurlu bitəcəyindən xəbər verən əsas ünsürlərdən biridir”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!