Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Oğlan uşaqlarının qız oyuncaqlarına meyl etməsi

“ Oğlan uşaqlarının qız oyuncaqlarına meyl etməsi”

Valideynlərdən, xüsusilə oğlan övladı olan valideynlərdən gələn suallar içərisində övladlarının qız oyuncaqlarını istəməsi, oynaması və daha çox onlara meyl etməsi barədə sualla da vardır. Valideynlər bildirir ki, məsələn “Oğlumun 7 yaşı var və bacısının oyuncaqları ilə daha çox oynadığını görürəm. Bunun səbəbi nədir?” və ya “Övladım oyuncaq mağazasında maşın və oğlana aid oyuncaqlar əvəzinə, kuklalar,gəlinciklər almağımı istəyir. Bu nədən qaynaqlanır və necə çıxış yolu tapa bilərik?”  və s. bu kimi suallar psixoloqlara ünvanlanır. Bəzən bu oyuncaqlarla məhdudlaşmır, bəzi ailələr müraciət edir ki, oğul övladları hətta qız paltarlarına, ayaqqabılarına və ya öz anasının makyaj vasitələrinə də meyl edirlər.

Psixoloji nöqteyi-nəzərdən yanaşsaq bildirməliyik ki, uşaqlarda 3-6 yaş arası “cinsiyyət kəşf etmə” dönəmi hesab edilir və bu zaman uşaqlarda hər iki cinsin xüsusiyyətlərinə maraq yaranmağa başlayır. Belə ki, qeyd etdiyimiz kimi oğlan uşaqlarında qız əşyalarına, oyuncaqlara xüsusi maraq yaranır, hətta bəzən onlar evdə analarının dikdaban ayaqqabılarını da geyinirlər. Bu 3-4 yaşındakı oğlan uşaqlarında daha sıx görülür, ancaq 4 yaşdan sonra bu azalmalı 6-7 yaş aralığında isə  tamamilə aradan qalxmalıdır. Lakin, bildirdiyimiz yaşdan sonra bu maraq davam edərsə və daha da şiddətlənərsə artıq bu normal bir hal kimi qəbul edilmir və patalogiya kimi qiymətləndirilir. Bu zaman isə valideynlər diqqətli olmalı və mütləq peşəkar psixoloq dəstəyi almalıdırlar. Əks halda bu daha da şiddətlənə və gələcəkdə korreksiya edilməsi çətinləşən bir hala gələ bilər.

Cinsiyyət kəşf etmə dönəmində əksinə oğlan uşaqlarının özlərini atalarına, qız uşaqlarının isə  özlərini analarına bənzətməsinə də rast gəlinir. Məsələn: oğlanların qalstuk taxması, qızların dırnaqlarına lak çəkməsi və ya analarının paltarlarını geyinmək istəməsi və s. nümunə ola bilər. Bunlar da normal hal hesab edilir, yəni burda heç bir hormonal qüsur yoxdur bunlar psixoloji hal hesab edilir.

Ata obrazı zəif olan oğlan uşaqlarında qarşı cins kimi davranma, onların əşyalarına meyl etmə və s. mütəmadi şəkildə müşahidə olunur. Məsələn, atalar davamlı işdən evə gec gəldikdə, xaricdə işləyən və ya uzun müddət orda olan atalar, oğul övladı ilə zaman keçirməyən atalar və ya boşanmış, ayrılmış atalar həmçinin atası olmayan uşaqları deyə bilərik ki, onlarda kişi cinsiyyətini tanıma və kəşf etmə formalaşmır. Belə vəziyyətlərdə uşaqda ata obrazını əvəz edəcək ya bir müəllimi, ya da dayı, baba olmalıdır ki, uşaq onunla vaxt keçirsin və onda öz cinsiyyətini tanıma formalaşsın.

Bu problemin digər yaranma səbəblərindən biri də, bəzən valideynlərin xüsusən anaların oğul övladlarına qarşı xüsusi qayğısı, sevgisi və diqqətidir. Oğul övladlarını gözdən qoymamaq, hara getsələr özləri ilə aparmaları, hətta rəfiqələri ilə görüşəndə də aparmaları uşaqlarda öz cinslərini öyrənməyə qarşı marağı azaldır.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu bir yaş dövrünə qədər normal haldır, ancaq irəli yaşlarda da bu proses davam edərsə ixtisaslaşmış bir psixoloq dəstəyi almaq şərtdir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!