Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“ Tək qalmaqdan qorxan uşaqlar”

Bu mövzu da hər zaman valideynlər tərəfindən çoxlu suallar ünvanlanan mövzular sırasına daxildir. Tək qalanda qorxamaq nəyinki kiçik yaşlı uşaqlarda, hətta irəli yaşlarda olan, sərbəst qala biləcək uşaqlarda da müşahidə olunan problemlərdəndir. Məsələn valideyn bizə bildirir ki, “ Övladım cizgi filminə baxır, mən də mətbəxdə ev işlərini görürəm. Bu zaman onun digər otaqdan həyəcan və panikaya qapılmış şəkildə ağlaya-ağlaya gəldiyini görürəm. Sonradan bu hallar, yəni tək qaldıqda qorxması davamlı yaşanmağa başladı, ona görə də hər zaman ya atası, ya da mən yanında oluruq. Bu problemdən çıxış yolu nədir?”

Bildirmək lazımdır ki, burada ilk diqqət ediləsi məqam bu kimi halların uşaqlarda nə zamandan etibarən başlamasıdır. Yəni, əgər uşaqda bu proses kiçik yaşlardan deyil, müəyyən yaş aralığından sonra müşahidə edilirsə burda demək ki, travma faktoru vardır. Məsələn: uşaq hansısa bir hadisədən və ya baxdığı qorxulu fildən, danışılan əhvalatdan təsirlənə, kimdənsə qorxa bilər və bu onun psixologiyasını zədələyə orada travma kimi qala bilər. Belə situasiyada uşaqlar həyəcan-təşviş keçirir və həmin an yanlarında kiminsə olmasını istəyirlər, bu həm də onlarda özgüvəni müəyyən qədər də olsa artırmağa kömək edir. Bu hal tək yata bilməməkdə də özünü göstərə bilir ki, məsələn: tək yata bilməyən, yuxu görən zaman qorxan, ağlayaraq ayılıb ata-anasını səsləyən uşaqlar vardır.  Bundan əlavə davamlı mənfi şeylər danışan, nevrotik, təlaşlı , obsessiyaları olan, övladını daima hər şeydən qorumağa çalışan, qərarları onun adından qəbul edən, həssas, həddindən artıq qoruyucu və s. kimi valideynlərin övladalrında da belə qorxu halları tez-tez müşahidə edilir. Belə uşaqlar irəli yaşlarda bağşa və məktəb həyatında da müxtəlif problemlər yaşayır, adaptasiya olmaqda çətinlik çəkirlər. Bu səbəbdən əvvəlcə valideynlər də davranışlarını nəzərdən keçirməli və lazım gələrsə ailə terapiyası görmək lazımdır.

Belə uşaqlar həmçinin, irəli yaşlarda bağça və məktəb həyatında da müxtəlif problemlər yaşayır, adaptasiya olmaqda çətinlik çəkirlər. Ona görə  valideynlər övladlarında bu kimi hallar müşahidə etdikdə, vaxtında müdaxilə etməli və övladı ilə bu barədə söhbət etməli, qorxusunun səbəbini öyrənməlidir. Ancaq bu proses davamlı təkrarlanırsa, valideyn bunun səbəbini aşkara çıxara bilmirsə bu zaman mütləq uşaq psixoloquna müraciət edilməlidir. Psixoloq seansları və psixoloqun vaxtında müdaxiləsi və dəstəyi nəticəsində problemin kökünə enmək, həmin qorxuların üzərinə getmək və bir müddət sonra bu problemi korreksiya etmək mümkündür. Əks halda yəni, belə problemlər valideynlər tərəfindən gözardı edildikdə, psixoloqa müraciət edilmədikdə daha da pisləşə və gələcəkdə uşağın psixologiyasında korreksiya edilə bilməyən izlər qoya bilər.

Digər bir qrup uşaqlar da var ki, onlar da tək qalmağı sevmirlər. Bunları digər yuxarıda qeyd etdiyimiz tip uşaqlarla qarışdırmaq olmaz. Belə ki, valideyn-uşaq simbiozu olan uşaqlar da, hər zaman valideynləri ilə olub və tək qalmağı sevmirlər. Onlar da tək qalan zaman aqressivləşir, ağlayır və valideynlərini yanında görmək istəyirlər. Yəni, kiçik yaşlarından ata-atanın uşaqlarını simbiotik böyütməsi, öz yanlarından heç zaman ayırmaması, həddən artıq bağlılıq yaratmaları , qayğı göstərmələri və s. hallar valideyn-uşaq simbiozunun yaranmasına gətirib çıxarır. Bir çox əməliyyatlar keçirən, travma alan, gec dünyaya gələn və xroniki xəstəlikləri olan uşaqlarda  simbiotik hallar daha çox müşahidə olunur. Belə uşaqlarda həm də, özgüvən problemi olur. Ümumiyyətlə isə, 3-7 yaş arası simbiozu korreksiya etmək kifayət qədər asandır. Ancaq bu yaş aralığından sonra müraciət edən pasientlərlə iş olduqca çətinləşir. Bu hallarda psixoloq həm valideynlərlə, həm də uşaqlarla işləməli, fərdlər ümumilikdə ailə psixoloqu tərəfindən terapiya görməlidir

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!