Məlum olduğu kimi son günlər Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilovun tərəfindən kobud davranışları səbəbindən xəsarət almış və vəfat etmişdir. Hadisənin psixoloji tərəfləri, azyaşlının idman müəlliminin kobud davranışları nəticəsində həyatını itirməsi ilə bağlı Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova news24.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
“İlk öncə bildirmək istəyirəm ki, bu xəbər və görüntülər hər birimizi sarsıtdı, Fərid balaya Uca Tanrıdan rəhmət, valideynlərinə isə səbr diləyirəm.
Ümumiyyətlə vurğulamalıyam ki, idman zalındakı məlum görüntülər cəmiyyətdə hər kəsi qıcıqlandırıb və insanlarda aqressiya yaradıb. Ümumiyyətlə təkcə idman sahəsində deyil, bütün peşə müəssisələrində fəaliyyət göstərən işçilərin, ələlxüsus da uşaqlarla işləyən mütəxəssislərin ildə ən azı iki dəfə psixoloji müayinədən keçməsi lazımdır. Əgər insan müəllim kimi və ya uşaqlar olan sektorda mütəxəssis kimi fəaliyyət göstərirsə onun psixoloji vəziyyəti yoxlanmalıdır. Həmçinin rəhbərlik və valideynlər tərəfindən də uşaqlarla, xüsusən azyaşlı uşaqlarla işləyən mütəxəsisslərə diqqət olunmalıdır. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə xoşagəlməz hallar ilk dəfə deyil ki yaşanır. Daha öncə də biz belə hallarla yəni, məktəbdə şagirdə şiddət göstərən, idman zalında uşağa qarşı aqressiv dvaranışlar sərgiləyən peşə vəzifəsini mənfi yöndə, “müəllim” adına yaraşmayan şəkildə istifadə edən insanlarla qarşılaşmışıq və müxtəlif dövrlərdə bu mövzular, görüntülər cəmiyyətdə müzakirələrə səbəb olub. Bu günlərdə də, təəssüf ki, o hallardan biri yaşanır. Bildirmək lazımdır ki, adətən kiçik yaşlarından hiperaktivliyi, kontrol problemi, davranış çətinliyi olan uşaqları idman sahəsinə yönləndirirlər. “ Bir az idmana qoy, idmanla məşğul olsun aqressiyası azalsın” – kimi fikirlər olur. Ancaq doğru idman növü seçilmədikdə uşağın aqressiyası nəinki azalır, eyni zamanda idmanda öyrəndiyi fəndləri daha çox aqressiyasını çıxmaq üçün istifadə edir. Belə uşaqlar da idman sahəsində irəlilədikcə gələcəkdə idman müəllimi, məşqçi statusu aldıqda da öz aqressiyalarını idarə edə bilmir və belə vəziyyət yarandıqda məşqlər, dərslər zamanı şagirdlərə qarşı da bu tip davranışlar sərgiləyirlər. Əksinə belə insanlar sakit idman növləri, yəni içərisində sərtlik və ağır fəndlər olmayan məsələn: gimnastika, üzgüçülük daha çox faydalı verə bilər. Əgər belə müəllimlərə zamanında nəzarət olunsa və psixoloji müayinədən keçsəydilər belə hallar yaşanmazdı. İdman müəllimləri, xüsusilə döyüş sənətini tədris edən müəllimlərə belə müayinələr xüsusilə vacibdir. Çünki bu sadədəki əksər müəllimlər də təbiət etibariylə sərt xarakterli olurlar. Onların bir çoxunun döyüş vaxtı, dərs vaxtı nümayiş etdirdikləri, uşaqlara göstərdikləri hərəkətlər özlərinə bəzən sadə toxunuşlar kimi gəlir. Belə insanlarda qeyd etdiyim kimi hiperaktivlik, güclü daxili aqressiya, bipolyar pozuntu yəni el arasında desək, psixopatiya formalaşır. Bu kimi siptomlar yeniyetməlik dönəmindən etibarən özünü göstərməyə başlayır. Belə ki, bu cinayət hadisəsindən əvvəli araşdırsaq hadisəni törədən şəxsin ətrafındakı insanlara qarşı zorakılıq, aqressiya, fiziki cəhətdən özündən zəifləri əzmək, şiddət göstərmək və s. halların şahidi ola bilərik. Ona görə də valideynlər diqqətli olmalı və övladlarında bu halları müşahidə edirlərsə psixoloqa müraciət etməlidirlər. Heç kim cinayətkar kimi doğulmur, lakin vaxtında müdaxilə edilmədikdə bu problemlər korreksiya edilmədikdə belə faciəvi hallar yaşanır. Yaşanan bu faciəvi hal və idman “müəllimin” buna səbəb olması nəyinki bir ailəni sarsıtdı, həm də bu videonu izləyən neçə-neçə ailələr öz övladını itirmək qorxusu yaşadı. Həmçinin bu hal cəmiyyətdə döyüş növlərinə, idman müəllimlərinə, xüsusən döyüş sənətlərini tədris edən idman müəllimlərinə qarşı müəyyən dərəcədə də olsa mənfi fikrin yaranmasına gətirib çıxara bilər.
Son olaraq bildirmək istəyirəm ki, ananın videosuna, həmin məlum videoya, yəni idman zalında çəkilən görüntülərə dəfələrlə baxdım və qəlbim paramparça oldu. Çünki, mən də bir anayam və o ağrını içdən yaşadım. Bu bir ailə faciəsidir. Azyaşlı uşağın o şəkildə həyatını itirməsi hər birimizi sarsıtdı. Ananın belə bir faciəvi halı, övlad itkisini qəbul etməsi, psixoloji olaraq da çox çətindir. Biz də Narınc Psixologiya Mərkəzi olaraq anaya psixoloji dəstək göstərməyə, onun yarasına, acısına az da olsa məlhəm olmağa,dəstək göstərməyə hazırıq. “