“Depressiyanın sonu İntihar ola bilər!”

Sosial şəbəkələrdə və müxəlif xəbər portallarında yayılan məlumata görə Dənizkənarı bulvarda ana azyaşlı körpəsi ilə birlikdə intihara cəhd edib. Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb. Qadının isə FHN-in xilasediciləri tərəfindən çıxarıldığı bildirilir. Ananın övladı ilə birlikdə intihara cəhd etməsi və məsələnin psixoloji tərəfləri haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

“Ümumiyyətlə doğuş sonrası depressiya, başqa sözlə ifadə etsək postpartum depressiya adi depressiyanın bir növüdür və bir çox qadınlarda rast gəlinən hallar sırasındadır. Doğuş sonrası depressiya yaşayan qadınlar cəmiyyətimizdə var və son dövrlər qeyd edə bilərəm ki, bu hallar çoxalıb. Depressiya ciddi bir psixoloji xəstəlikdir və bundan əziyyət çəkən insanlar psixoloqun, psixoterapevtin, həmçinin psixiatrın nəzarəti altında olmalıdır. Doğuş sonrası depressiyaya daha çox gənc yaşında ana olan, ilk uşağını dünyaya gətirən, çətin hamiləlik keçirən, həmçinin doğumu ağır keçən qadınlarda rast gəlinir. Eyni zamanda hamiləlik dönəmində qadında fizioloji olduğu kimi, psixoloji də dəyişikliklər baş verir. Bir çox xanımlar bu dəyişiklikləri qəbul edə bilmir və onlarda depressiv əlamətlər yaranmağa başlayır. Yəni, bir çox qadınlarda bu əlamətlər doğuşdan əvvəl artıq özünü biruzə verməyə başlayır. Zamanında üzərinə düşmədikdə, gözardı etdikdə bu hallar doğuş sonrası daha da kəsikləşir və ağır depressiv formaya keçir. Postpartum depressiyanın ilk əlamətlərindən biri, ananın yeni doğulmuş körpəsindən uzaqlaşması və özünə qapanmasıdır. Hətta daha kəskin halda sayıqlamaq, aqressivləşmə, ana südünün azalması və s. da baş verə bilir. Bəzən övladı böyüsə də, müəyyən yaş həddinə çatsa da qadın bu vəziyyətdən çıxa bilmir. Qeyd etdiyim kimi, zamanında psixoloq dəstəyi alınmalıdır. Əks halda bu vəziyyət daha da kəskinləşə və təəssüf ki, inthara cəhd, intihar hadisəsinə qədər gedib çıxa bilər. Belə hadisələrdə əksər hallarda ana nəinki öz canına qıyır, hətta övladına da qəsd edə bilir. Təəssüf ki, sözügedən hadisədəki ana da bu depressiyanın qurbanlarındanır. Bu cür ağır depressiv vəziyyətlərdə qadınlar özünə qapanıq olur, heç kimlə danışmaq istəmir, hətta övladı ilə də maraqlanmır son dərəcə bədbin olur, həyata, yaşamağa qarşı istəksiz olurlar.

Hamiləlik dönəmi bir qadın üçün ən həssas dönəmlərdən biridir. Ona görə də bu dönnəmdə xüsusən hamiləliyin ilk 3 ayı və son aylarında qadınlara xüsusi diqqət, qayğı və sevgi göstərmək lazımdır. Bu dönəmdə onların həssaslıqlarını nəzərə alıb anlayışla davranmaq vacibdir.

Qeyd etmək lazımdır ki, müasir dövrdə hamilə qadınlarla işləyən xüsusi həkim, pediatr, psixoloq qrupları var. Onlar ana olmağa hazırlaşan və ya yenicə ana olan qadınlara uşaqla rəftar qaydalarını öyrədir, hər hansısa problemdən çıxış yolunu izah edirlər. Hətta ehtiyac yaranarsa ginekokloq dəstəyi də göstərilir. Bu şəkildə kompleks terapiyanın getməsi qadınların psixoloji vəziyyətinə olduqca müsbət mənada olduqca yaxşı təsir edir. Eyni zamanda bu dönəmdə qadınların hamiləliyin psixologiyası və bu kimi mövzular barədə maariflənməsinin digər yolu da kitab oxumaq və mütaliə etməkdir.

Depressiya və depressiv vəziyyət insanı elə bir hala gətirə bilər ki, insan “etmərəm” dediyi şeyləri belə edə bilər. Ona görə də depressiv vəziyyətə dırnaqarası yanaşıb, gözardı etmək olmaz. Zamanında belə insanların, xüsusən ana olmağa hazırlaşan qadınların və ya yenicə körpəsi dünyaya gələn qadınların psixoloji müayinədən keçməsi lazımdır.”

Müəllif-Səbinə Hüseyinova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!