“Kuklanı ərə dəyişən qızlar – Kimdir günahkar?”

Ötən günlərdə 13 yaşlı Əfsanənin 44 yaşlı kişi ilə izdivac məqsədli tanışlığını və evdən qaçması xəbərini yayımlamışdıq. Bu hadisə sosial şəbəkələrdə və cəmiyyətdə etirazlara, ciddi müzakirələrə səbəb oldu. Bəziləri 13 yaşlı uşağı, bəziləri uşağın valideynlərini, başqa biriləri isə 44 yaşlı kişini qınadı. Aralarında sosial şəbəkələri günahlandıranlar da az olmadı.

Bəs, cəmiyyətdə belə hadisələrin artmasında, azyaşlı uşaqların evdən qaçmasında ailə faktoru nə qədər önəmlidir?

Mövzu ilə bağlı Uzman-Klinik psixoloq Narınc Rüstəmova Publika.az-a açıqlamasında bildirib ki, belə hadisələrin baş verməsində valideynlərin günahı böyükdür:

” Öncə bildirmək lazımdır ki, evlilikdə yaş meyarı, fərdlər arasındakı yaş fərqləri, onların psixoloji vəziyyətləri və s. evlilikdə, bu münasibətin sağlam irəliləməsində böyük önəmi var. Mental dəyərlərimizə əsasən çox zaman kişi qadından ən azı 3-4 yaş böyük olması arzu olunan haldır. Ancaq, əslində burada insanın fizioloji yaşı deyil, psixoloji yaşı əsas faktor kimi götürülməlidir. Digər nöqteyi-nəzərdən yanaşsaq evlilikdə insanın psixoloji yaşı ilə bərabər emosianal, intellektual yaşı da vacib məsələdir”.

Psixoloq bildirib ki, yetkinlik yaşına çatmayan biri ilə münasibətə girmək, “evlənmək” bu qanun çərçivəsində də doğru hal hesab edilmir. Burada istər yeniyetmənin, istərsə də özündən yaşca böyük olan kişinin psixoloji vəziyyəti yoxlanmalı və muayinədən keçməlidirlər:

“Ələxsus da 13 yaşlı yeniyetməni “sevirəm” deyən 44 yaşlı kişinin psixi vəziyyəti yoxlanılmalıdır. Çünki o yaşda normal psixologiyaya sahib bir insanın uşağı yaşda olan bir qızı “sevməsi” qeyri-mümkündür, bu pedofiliya əlaməti, cinsi meyl pozuntusudur. Uşağa qarşı cinsi meyl özü bir psixoloji xəstəlikdir və qeyd etdiyim kimi, normal bir hal deyil. 13 yaşında bir uşaq təbii ki, yeniyetməlik dönəmindədir və sərbəst qərarlar vermək iqtidarında deyil. Ona görə də belə uşaqları manipulyasiya edib aldatmaq daha asan olur. Ancaq 44 yaşlı bir insan şüurlü şəkildə özündən dəfələrlə kiçik, övladı yaşındakı bir yeniyetməyə meyl salması normal hal deyil. Bu insanın ciddi şəkildə müalicə olunması və psixiatr müayinəsindən keçməsi lazımdır. Mənim qəzəbim burada azyaşlı, hələ həyatı dərk edə bilməyən uşağa yox, daha çox şəxsiyyət dediyimiz, həyatı dərk edən 44 yaşlı kişinin balaca qızcığaza meyl salmasınadır”.

N.Rüstəmovanın sözlərinə görə, bunu da demək olar ki, yeniyetməlik dönəmi cinsi yetişkənlik dövrüdür və uşaq özünü kəşf etməyə tanımağa başlayır. Bu dövrdə çox zaman istər oğlan uşaqlarında, istərsə də qız uşaqlarında özündən yaşca böyük insanlara, məsələn, bu, hər hansı bir müəllimi ola bilər ki, ona rəğbət bəslədiklərini, bəyəndiklərini görə bilərik:

“Bəzən onlar haqqında çox danışır və onları sevdiklərini deyirlər. Əslində bu platonik sevgi və bəyənmədir. Bu zaman onların üstünə çox getmək, ayıblamaq, cəzalar vermək də düzgün çıxış yolu deyil. Onların anlayacağı dildə valideynlər onlarla ünsiyyət qurmalı, başa salmalı və anlayış göstərməlidir. Onların rəğbət bəslədikləri, “sevdikləri insan” da bunu bildikdə anlayışlı davranmalı, məsafə qoymalı və bunun doğru bir şey olmadığını yeniyetmənin başa düşə biləcəyi tərzdə ona aşılamalıdır. Belə olan halda yeniyetmə bu dönəmi rahat və psixologiyasına zərər verməyəcək şəkildə keçirir”.

O bildirib ki, yeniyetmənin belə desək “şüursuz, dərk edə bilmədiyi” davranış formasından, “bəyənmə istəyindən” sui-istifadə etmək qətiyyən doğru deyil:

“Son olaraq vurğulamalıyam ki, pedofiliya təəssüflər olsun ki, cəmiyyətimizdə rast gəlinən hallar sırasındadır. Cəmiyyətdə kifayət qədər qadın var ki, uşaq yaşlarında, yeniyetməlik dönəmində pedofiliya qurbanı olub. Sadəcə insanların ayıblanmasından, cəmiyyətin mənfi davranışından qorxduqları üçün bu məsələlər elə “bağlı qapılar” arxasında da qalıb. Ancaq bu da düzgün çıxış yolu deyil. Belə insanların əməlləri aşkara çıxmalı, cəzalanmalı və hər şeydən əvvəl psixoloji terapiya görməlidirlər”.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!