“Psixoloji sağlamlığımızı necə qoruyaq?”

“Psixoloqlara da ünvanlanan suallar içərisində “psixoloji sağlamlığımızı necə qoruyaq?” sualı həmişə üstünlük təşkil edir. Psixoloji olaraq sağlam olmaq, stresli olmamaq yəqin ki, hər kəsin istəyidir. Ancaq bu həmişə belə olmaya bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, həyat şəraiti, iş həyatı və digər qayğılar insanlarda həyəcan-təşviş, gərginlik, əsəbilik kimi problemlər yaradır: “Bunlar da öz növbəsində insan psixikasına təsir edir. Ümumiyyətlə, insanın sağlamlığından danışarkən burada fiziki sağlamlıq və psixoloji sağlamlıq vəhdətdə götürülməlidir. Əvvələr, hətta belə bir yanlış fikir də formalaşmışdı ki, insan fiziki cəhətdən sağlamdırsa, bu onun psixoloji cəhətdən də sağlam olduğuna əsasdır. Ancaq, sonra məlum oldu ki, fiziki cəhətdən sağlam olan insan psixoloji cəhətdən sağlam olmaya bilər. Yəni fiziki cəhətdən sağlam olan insan psixoloji cəhətdən özünə qapanan, əsəbi, aqressiv və s. ola bilər. Qəzəbli, gərgin insanlar çox zaman dırnaqlarını yeyir, çox danışır, ətrafına da zərər yetirə bilir. Çünki onlar öz qəzəblərini yalnız bu yolla sakitləşdirə bilirlər. Əsəbi uşaqlarda isə qələmin başını çeynəmə, saçını yolmaq, dodaqlarını yemə və s. kimi halları görə bilərik. Əlbəttə, qəzəblənmək, əsəbi olmaq insana məxsus duyğular sırasındadır və təbii bir haldır. Burada əsas məsələ isə qəzəblənərkən necə davranmaq, ətrafına necə münasibət göstərmək və o duyğu anında özünü necə idarə edə bilməkdir.

Qeyd etmək lazımdır ki, psixoloji vəziyyət insanın fiziki sağlamlığına da nəzərə çarpacaq dərəcədə təsir göstərir. Psixoloji cəhətdən gərgin, əsəbi olan biri stress yaşayır, həyəcanlı olur. Ümumiyyətlə, stress insanın fiziki sağlamlığına mənfi təsir göstərir. Ehtiyac yaranarsa belə hallarda mütləq psixoloq dəstəyi alınmalıdır. Psixoloqun köməyi ilə terapiyalar müddətində stessin, əsəbin idarə edilməsi və s. kimi halları tənzimləmək və zamanla müəyyən bir normaya salmaq mümükümdür.

Hər bir insan ilk növbədə özünün psixoloji sağlamlığına diqqət etməlidir. Bu psixoloji sağlamlığın da kökündə insanın dünyagörüşü dayanır, yəni insanın dünyagörüşü nə qədər geniş olarsa stessə davamlılığı bir o qədər də çox olar. Doğrudur burada digər məqamlar da var, genetik faktorlar və ya travmanı deyə bilərik. Ancaq insanın stressini, əsəbini idarə edə bilməsi, nə ətrafına, nə də özünə zərər yetirmədın situasiyadan çıxa bilməsi vacib faktorlardan biridir”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!