”Ailə şiddəti görən uşaqların psixologiyası”

Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara qarşı edilən zorakılıq halları inkişafa mane olur. Lakin təəssüf hissi ilə bildiririk ki, günümüzdə uşaqlara qarşı edilən zorakılıq halları, fiziki şiddət günü-gündən artır.
Bəs bu halların altında yatan əsas səbəb nələrdir?  Və bunlar uşaqların psixologiyasına necə təsir edir? Kimi suallara telejurnal.az-a  açıqlamasında  Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi,Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi,Uzman-Klinik psixoloq Narınc Rüstəmova bildirib.

” Öncə vurğulamaq lazımdır ki, uşağın həyatındakı ilk sosial mühit ailə mühitidir. İnsanın şəxsiyyət kimi böyüməsində, cəmiyyətə adaptasiya olunmasında ailənin rolu böyükdür. Ailə daxili münasibətlər, ailədəki fərdlərin bir-biri ilə münasibəti uşağın psixologiyasının formalaşmasında əsas faktorlardan biridir. Ailədə isə şiddət fiziki və psixoloji ola bilər. Uşaq tərbiyəsinin fiziki cəzalar üzərində qurulması birmənalı olaraq doğru deyil. Qeyd etmək istəyirəm ki, bunlardan psixoloji şiddət daha böyük fəsadlar törədə və uşağın psixikasında dərin izlər qoya bilər. Həmçinin avtoritar ailələrdə böyüyən uşaqlar da daima valideyn nəzarəti, basqısı altında olurlar. Belə uşaqlar hər zaman valideyn diktəsi altında hərəkət etdikləri üçün, bir müddət sonra doğru və yanlışı ayırd etməkdə, müqayisə etməkdə çətinlik çəkirlər. Vurğulamaq olar ki, daima basqı və şiddət görərək böyüyən uşaqlarda ən böyük problemlərdən biri özgüvən əksikliyi olur. Eyni zamanda bu uşaqlar özünə qapanan olur və ünsiyyətə girməkdən çəkinirlər. Ailədə şiddət görən uşaqlar çox zaman davranış pozuntulu, çətin tərbiyə olunan qrupa aid edilir. Ailə daxili şiddətin yaranma səbəblərindən biri ailədə fərdlərin bir-birini anlamaması, uşaq dünyaya gətirməyin məsuliyyətini dərk etməməsi və ən əsası evliliyə psixoloji cəhətdən hazır olmamalarıdır.

Qeyd etmək istməliyəm ki, təəssüflər olsun ki, yaşlı nəslin müəyyən qismi bir çox hallarda problemlərin həllini cəza üsulu olaraq şiddət, zorakılıq göstərməkdə görür. Ancaq bu uşaq tərbiyəsi üçün hər hansısa məsələnin və problemin doğru çıxış yolu deyil.

Ümumiyyətlə, dünya praktikasına nəzər salsaq görərik ki, cütlüklərin evlənmədən öncə psixoloji müayinədən keçməsi vacib nüanslardan birini təşkil edir. Belə ki, bir çox Avropa ölkələrində də insanların bu münasibətə başlamamışdan əvvəl və ya evlilik öncəsi psixoloji müayinədən keçməsi əsas şərtlərdən biri kimi göstərilir. Cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına müsbət mənada təsir göstərə bilər. Burada psixoloq evliliyə hazırlaşan cütlüklərin psixoloji olaraq bu prosesi necə dəyərləndirdiklərini, irəli dövrdə ailə həyatında baş verəcək problemlərə “immunitet” qazanmalarını, şəxsiyyət tiplərini və s. təyin edir və anlaşaraq ortaq məxrəcə gəlməyi öyrədir. Eyni zamanda sevindirici haldır ki, bir çox inkişaf etmiş ölkələrdə,həmçinin Azərbaycanda da artıq “ailə institutları” qurulmağa, formalaşmağa başlayıb. Belə ki,  “yalnız problem olanda psixoloqa getmək lazımdır” – kimi stereotiplər artıq yavaş-yavaş aktuallığını itirməyə başlayır və evlənməyə hazırlaşan gənclər də əvvəlcədən psixoloji müayinədən keçməyə başlayırlar.

Son olaraq onu vurğulamaq istərdim ki, əlbəttə, uşaqlar valideyn nəzarətində olmalıdır, ancaq bu nəzarət basqı, zorakılıq və şiddət səviyyəsində olmamalıdır!”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!