Motivasiyası, heç nəyə marağı olmayan uşaqlar

Yəqin ki, hər kəsin ətrafında heç nəyə marağı olmayan, motivasiyasız, tənbəl uşaqlar var. Ümumiyyətlə, çox zaman tənbəl insanlar heç bir işə başlamaq istəmir, hədəfləri olmur. Bəzən valideynlər müraciət edir ki- “Övladımın hər istədiklərini yerinə yetiririk, ən yaxşı müəllimləri onun üçün tutmuşuq, amma heç nə etmək istəmir. Dərslərinə də fikir vermir. Bunun səbəbi nədir?”

Bunun bir səbəbi var-övladınızda heç nəyə motivasiya yoxdur. Çünki bütün istədikləri yerinə yetirilən, valideynləri tərəfindən qarşılanan uşaqların müəyyən yaşdan sonra heç nəyə həvəsi qalmır. Onların özləri üçün kiçik də olsa hədəfləri olmur, sadecə bunu fikirləşirlər- “Nə istəsəm valideynlərim edəcək”

Belə uşaqlar da gələcəkdə heç bir hədəfi olmayan, hər hansısa işdə daima dəstək görmək istəyən, müstəqil şəkildə heç nə etmək istəməyən tənbəl şəxsiyyətə çevrilirlər. Burada valideynlərin rolu da önəmlidir. Əgər evdə valideynlər işləmirsə, ana-ata da tənbəldirsə uşağın da bu şəkildə formalaşması qaçılmazdır.

Bunun üçün kiçik hədəflər qoymalı və övladlarınızı o hədəfi aşmağa təşviq etməlisiniz. Beləliklə, bu yəni kiçik hədəflərə çatmaq onlarda maraq oyadacaq və gələcək böyük hədəflər üçün motivasiya yaradacaqdır. İstəklərini sıralamalı və onları əldə etməsi üçün çalışması gərəkdiyini aşılamalıyıq. Qeyd etdiyim kimi bunun üçün kiçik hədəflərdən başlamaq məqsədəuyğundur. Həmçinin valideynlər övladları bu hədəflərə çatdıqda onlara kiçik mükafatlar da verə bilər. Bu uşaqlarda motivasiyanı daha da artıracaqdır. Məsələn: bir həftə davamlı otağını yığışdıran, əşyalarını səliqəli şəkildə istifadə edib, yerinə qoyan uşağı valideyni həftəsonu sevdiyi bir filmə və ya cizgi filminə apara bilər. Bir müddət sonra bu hədəflər də uşaq böyüdükcə sadədən mürəkkəbə doğru artacaq həftəlik hədəfləri aylıq hədəflər əvəz edəcəkdir. Bütün bunlar uşaqlarda doğru hədəflərin formalaşmasına dəstək olacaqdır. Eyni zamanda bu həm də, uşaqları kiçik yaşlardan zəhmətə alışdırmaqdır.

Övladlarımıza istədiklərini əldə etmək üçün çalışmalarını öyrətmək onlara edəcəyimiz ən böyük yaxşılıqlardan biridir!

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!